Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2760/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 1* nömrəli binanın (yataqxana), 55 nömrəli otağından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 1* nömrəli bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 55 nömrəli otağında qeydiyyatda olan cavabdeh həmin otaqda uzun illərdir yaşamır. Hansı formada həmin otağa qeydiyyata düşdüyü onlara məlum deyil. Ona görə də kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Cavabdeh qeyd edilən ünvanda qeydiyyatda olmasına baxmayaraq, onun haqqında heç bir məlumatları yoxdur. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə bildirmişdir ki, cavabdeh on ildən çox olar ki, həmin otağa qeydiyyata düşmüş, elə həmin vaxtdan oradan çıxmışdır. İddiaçının nümayəndəsi məhkəmə baxışında iştirak etməmiş, ərizə verərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən 16.*6.1997-ci il tarixli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Gəncə Toxuculuq kombinatının balasında olan 81 yaşayış binası əvəssiz olaraq MTİT-in balansına verilmişdir. Sərəncama əlavə edilən siyahıdan görünür ki, MTİT-in balansına verilmiş binalar sırasında Gəncə şəhəri, F.Əliyev (hazırki Z.Əliyeva) küçəsi, 1* nömrəli ünvanda yerləşən yataqxana da yer alır. Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş şifahi sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Z.Əliyeva (keçmiş F.Əliyev) küçəsi, 1* nömrəli bina (yataqxana) MKTİB-nin balansına aiddir. İş materiallarına əlavə edilmiş şəxsi hesabdan çıxarışdan və arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Yaşar X1 şəhəri, F.Əliyev küçəsi, 1* nömrəli binanın (yataqxana), 55 nömrəli otağında qeydiyyatdadır. İş materiallarında olan aktdan görünür ki, Gəncə şəhəri, Z.Əliyeva (keçmiş F.Əliyev) küçəsi, 1* nömrəli binanın (yataqxana), 55 nömrəli otağı üzrə qeydiyyatda olan Cavabdeh qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan və iddiaçının nümayəndəsinin izahatından məlum oldu ki, Gəncə şəhəri, Z.Əliyeva (keçmiş F.Əliyev) küçəsi, 1* nömrəli bina (yataqxana) iddiaçı Gəncə şəhər MKTİB-nin balansındadır. Cavabdeh isə həmin binanın 55 nömrəli otağında on il əvvəl yaşamış və qeydiyyata alınmışdır. On ildən artıqdır ki, cavabdeh qeyd olunan yaşayış sahəsindən köçmüş, həmin yaşayış sahəsi ilə bütün əlaqələrini kəsmişdir. Cavabdehin sözügedən yaşayış sahəsində uzun müddət yaşamaması, o cümlədən həmin yaşayış sahəsindən köçərək özünə başqa yaşayış yeri seçməsi iddiaçının izahatı ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində o, mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişdir. Cavabdeh yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2*16-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və onun uzun müddət mübahisəli yaşayış sahəsində yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış sahəsindən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının balansında olan binanın yaşayış otağından istifadə hüququ itirilmiş hesab edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 1* nömrəli binanın (yataqxana), 55 nömrəli otağından istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2760/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2760/2023
17.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver