Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2766/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarma” barədə ilkin iddia, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evdən cavabdehin çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsümünün tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırmışdır ki, o, Cavabdeh mülkiyyətində olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi 29 mart 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdeh aldığı evi 3 ay ərzində boşaldaraq ona təhvil verməyi öhdəsinə götürmüşdür. Ancaq bu müddət keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış evdən çıxmır və evi boşaldıb ona təhvil vermir. Artıq 1 il olur ki, o öz mülkiyyətindən istifadə edə bilmir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə müraciət edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı “evdən çıxarlması və evin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evdən onun çıxarılmağı və evi boşaldılaraq ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun ondan alınaraq verilməsini xahiş etmişdir. Mülki iş hazırda icraatdadır. İlk öncə ilkin iddia ilə bağlı bildirir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir, çünki sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Belə ki, ilkin iddia üzrə iddiaçı ilə arasında olan münasibət belə olmuşdur ki, İddiaçı ilə 2018-ci ildən bir-birini tanıyır, aralarında dəfələrlə telefon alış-verişi olubdur. O, xaricdən telefon gətirib Röyala verir o, isə həmin telefonu biraz artıq qiymətə satırdır. Röyal demişdir ki, pul olsa alveri davam edə bilərik? O isə bildirmişdim ki, pul olsa telefon alış-verişi edə bilərik. Sonra Röyal, o və X3 adlı dostu ilə şərikli xaricdən telefon gətirib satmaq qərarına gəldik. Röyal isə ona 15.000 min manat pul verə biləcəyini bildirdi, lakin pulun təminatı kimi ona məxsus bağ evini girov qoymağımı isdədi. Sonradan qarşılıqlı razılıq əsasında belə bir ümumi niyyətə gəldik ki, onun mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən bağ evini alqı-satqı müqaviləsi əsasında borcun təminatı kimi İddiaçı adına keçirək. Odur ki, nəticə olaraq AN- İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlamlarkən aralarında olan iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətimiz evin satılması olmayıbdır. Bundan başqa iddia üzrə iddiaçı Röyal ilə aralarında dəfələrlə telefon alış-verişi olduğu üçün ondan görürdüyü 15000 manat məbləğində pulun qaytarılmasını təmin edən və həmin vaxt mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi borcun təminatı kimi girov qoymuşdur. Qeyd edilən müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanm şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar). İlkin iddia üzrə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl və bağlamlarkən onunla arasında olan münasibət telefon alışverişin müsbət olaraq həyata keçirlməsi olmuşdur. O, Royaldan götürdüyü puldan qazanc əldə olduqca ona çatacaqı müəyyən məbləği Röyala vermiş və Röyal özüdə bunu təsdiq edə bilər. Röyal ilə onun arasında yaranmış borcun və ümumiyyətlə aralarında olan alış verişi təsdiq edən aramızda olan “Watsap” yazışmaları, eləcə də “Watsap’'da səs yazıları var. Bundan başqa məhkəmədə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin (anasının) ona “Watsap”da göndərdiyi səs yazısı var və həmin səs yazısında anası bildirir ki, iddiaçı Röyala olan borcumu qaytardığım təqdirdə ona məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi istənilən notarisuda yenidən onun özünə qaytara bilər. Bundan başqa ilkin iddia üzrə iddiaçının arvadının ona “Watsap”da göndərdiyi səs yazısı var və həmin səs yazısında Royalın arvadı bildirir ki, Röyala olan borcunu qaytardığı təqdirdə ona məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən evi istənilən notarisuda yenidən özünə qaytara bilər. X1 adlı şəxs həmin dövrdə onlarla birlikdə telefon alış-verişi ilə məşğul olmuş və bu hadisədə iştirak etdiyi üçün gələcəkdə təyin olunan məhkəmə iclaslarında şahid qismində iştirak etməklə ilkin iddia üzrə iddiaçı ilə mənim aramda olan mübahisənin mənbəyi ilə bağlı məlumat verəcəkdir. İddiaçı qarşılıqlı iddiaya etiraz təqdim edərək bildirdmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2766/2023 saylı mülki iş üzrə İddiaçı tərəfindən, Cavabdeh qarşı evdən çıxarılma, boşaldılıb mənə təhvil verilməsi və 100 AZN manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsinə, alqı-satqı müqaviləsinin, çıxarışın surətləri əlavə edilmişdir. Cavabdeh tərəfindən əsassız olaraq, iftiralar olan qarşılıqlı iddia ərizəsi yazılmaqla, məhkəmədən xahiş edilmişdir: İlkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək AN - 11022174 nömrəli, xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və ödənilmiş 100 AZN manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh verilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məlum edirəm, iddiaçı öz iddiasını sübutetmə vəzifəsini daşıyır. Belə ki, AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Alq-satqı müqaviləsi əsasında əmlaka sahib olmuşdur. 100% tam şəkildə ödənişləri olmuş və Gəncə şəhər 2 saylı Notariat ofisində şəkilləri çəkilməklə, imzaları təsdiqlənməklə, alqı-satqı müqaviləsi baş tutmuşdur. Müqavilənin 13-cü bəndinin mənasına görə evi Cavabdeh tərəfindən evi tam şəkildə ona İddiaçı təhvil verilməsi öhdəliyi üzərindədir. Müqavilənin şərtləri xx.xx.2022-ci il tarixə kimidir. Əfsuslar olsun ki, hər dəfə cavabdeh tərəf Cavabdeh bir bahənə ilə evdən çıxmağa vaxt müddət xahiş etmişdir. Bu minvalla 1 il müddət ötməsinə baxmayaraq, evi boşaltmaqdan imtina edilir. Qarşılıqlı iddia ərizəsinin Alqı-satqı müqaviləsinə heç bir aidiyyatı yoxdur, belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən əsassız sübutsuz aidiyyatsız tələblər barədə, alqı-satqı müqaviləsində göstərilməmişdir. İddiaçı qarşılıqlı iddiaya etiraz təqdim edərək bildirmişdir ki, onun Cavabdeh ilə telefon alqı-satqısı olub. Cavabdeh məxsus Sevinc qəsəbəsi, 13 məhəllə, sahə 184 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh qeyd olunan ünvanı satıb, o isə almışdır. Onun qarşılıqlı iddiasının alqısatqı müqaviləsinə heç bir aidiyyəti yoxdur. Belə ki, aarşılıqlı iddiada göstərilən əsassız tələblər barədə alqı-satqı müqaviləsində göstərilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilk iddianın məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, oğlu olan iddiaçı mübahisəli evi cavabdehdən satın almışdır, ev təhvil verilmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi bundan başqa, cavabdehdən pulun qaytarılmasını tələb etdiyini, cavabdehin iddiaçıya 5000 ABŞ dolları borcu olduğunu, evin satın alınmasında cavabdehə pul ödənilmişdir, bununla yanaşı, cavabdehin iddiaçıya pul borcu olduğunu bildirdi. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, səs yazılarında pulun ödənilməsi və evin qeydiyyata alınması barədə dediklərinin hazırkı mübahisəyə aidiyyatı yoxdur. İddiaçının nümayəndəsi əvvəl pulunun qaytarılacağı halda, evi qaytarmağı düşündüyünü, amma indi qəti olaraq evi istədiyini bildirdi. İddiaçının nümayəndəsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, qarşılıqlı iddia təqdim edilən səs yazıları, habelə iddiaçının nümayəndəsinin izahatı və evin alqı-satqı dəyərinin çox az məbləğ 15000 manat olması ilə sübuta yetirilir, bununla yanaşı mübahisəli evi satdığı bildirilən cavabdehin iddiaçıya həmçinin borcunun olması mümkün deyil. Cavabdehin təmsilçisi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyərək və sübutları araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanını İddiaçı 15000 manata satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanda yerləşən bağ evi mülkiyyət hüququ əsasında İddiaçı adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1). Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. (144.1). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. (144.2). Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. (144.3). Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur (144.4). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2). Mülki Məcəlləyə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.4). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülki Məcəlləyə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülki Məcəlləyə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (596). Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ona məxsus mübahisəli evi əvəzli qaydada iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı tərəf Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq bağlanmış həmin müqaviləyə əsaslanaraq, cavabdehin mübahisəli çıxarılması və evin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Belə ki, baxılan iş üzrə alqı-satqı müqaviləsini imzalamış cavabdeh əqdin şərtləri ilə tanış olmuş, əqdi şüurlu şəkildə imzalayaraq, onun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məlumatlı olmuşdur. Məhkəmə nəzərə alır ki, qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla tam fəaliyyət qabiliyyətli mülki hüquq subyeklərinin könüllü və şüurlu şəkildə üzərilərinə götürdükləri öhdəliklərə görə məhz həmin subyektlərin özləri mülki hüquqi məsuliyyət daşıyırlar və bu hal mülki dövriyyənin sabitliyi baxımından mühüm əhəmiyyətə malikdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə, “yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.” Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında mübahisəli evə dair bağlanmış müqaviləsinin yalan əqd olduğuna əsaslanaraq həmin razılaşmanın etibarsız hesab olunması barədə əsas, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunması barədə törəmə tələb irəli sürmüşdür. Cavabdeh əsas tələbini əsaslandırmaq üçün iddiaçıya olan borcunun təminatı qismində mübahisəli evin alqısatqısına dair müqavilə bağladıqlarını və evin mülkiyyət hüququnun iddiaçıya keçməsinə dair razılaşma nəzərdə tutmadıqlarını bildirmişdir. Beləliklə, cavabdehin mövqeyinə əsasən, mübahisələndirilən əqd öhdəliyin icrasına təminat qismində daşınmaz əmlakın yüklü edilməsi məqsədilə bağlanmışdır. Lakin bu hal alqı-satqı müqaviləsinin yalan əqd hesab edilə bilməsinə əsas vermir. Qeyd edilən hal tərəflərin əslində mübahisəli evin ipoteka ilə yüklü edilməsi üçün hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən alqı-satqıya dair hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərmir. Belə ki, tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etməsi, bunun üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyəti, bununla yanaşı, tərəflərin hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradılması arzu olunan üçüncü şəxslər müəyyən olunmur. Halbuki, qeyd edilən Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, yalan əqd sadalanan həmin əsas tərkib əlamətlərinə malik olmalıdır. Bununla yanaşı, həmin Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, müqavilə tərəflərindən yalnız cavabdehdə yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil, belə ki, iddiaçı məhkəməyə ünvanladığı yazılı izahatında aralarındakı razılaşmanın yalan əqd olmasını inkar etmişdir. Bundan başqa, qanunvericilik borc müqaviləsinin təminatı kimi evin ipoteka ilə yüklü edilməsi qaydalarını müəyyən edir. İş materialları əsasında yaşayış sahəsinin satılması ərəfəsində cavabdehin özünə məxsus mübahisəli əmlakı borc müqaviləsi üzrə ipoteka ilə yüklü etməsinə mane ola biləcək hər hansı halın mövcud olduğu müəyyən edilmir. Bu baxımdan alqı-satqı müqaviləsinin məhz borc müqaviləsi üzrə təminat məqsədilə imzalandığı barədə cavabdehin mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri əsassızdır. Digər tərəfdən, cavabdeh tərəf həmçinin əmlakın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərinin aşağı olması ilə tələbini əsaslandırmışdır. Lakin nəzərə almaq lazımdır ki, qiymət müqavilənin əvəzli ya əvəzsiz olmasını göstətən mühüm şərtdir və həmin məbləğin aşağı və ya yuxarı olması əqdin etibarlılığına təsir edən hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı vəmülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir. Bununla yanaşı, hazırkı iş üzrə tərəflər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə etmiş, onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və sərbəst olaraq qanunvericiliyə zidd olmayan müqavilə şərtləri qoymuşlar. Bundan başqa, həmin mülki hüquqların qanunla məhdudlaşdırıla bilməsi üçün dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri hallar müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 95.1 və 95.2-ci maddələrinə əsasənə, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 74.1-ci maddəsinə görə, Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Cavabdeh tərəf tələbini həmçinin təqdim edilmiş səs yazılıarı ilə əsaslandırmışdır. Həmin səs yazılarının bir qrupu telefon alqı-satqısına dair danışıqları, bir qrupu kimliyini təqdim etməmiş və cavabdeh tərəfin iddiaçının arvadı olduğunu bildirdikləri şəxsin danışıqlarını, bir qrupu isə özünü iddiaçının anası kimi təqdim edən şəxsin danışıqlarını əks etdirir. Məhkəmə hesab edir ki, həmin səs yazıları sübut qismində qəbul edilə və dəyərləndirilə bilməz. Belə ki, gizli yolla əldə edilmiş həmin səs yazılarının sübut kimi istifadə oluna bilməsi üçün qanunla icazə verilən hallar müəyyən olunmur. Bundan başqa, qeyd edilən Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, başqa şəxslərin - iddiaçının arvadının və (ya) anasının danışıqları yox, birbaşa əlaqədar şəxs olan əqdin qarşı tərəfi iddiaçının bildirdiyi iradə ifadələrini əks etdirən danışıqlar həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə oluna bilər. Mübahisələndirilən əqdin tərəfləri olduqları bildirilən şəxslərin danışıqları isə telefon alqı-satqısı barəsindədir və əqdin etibarsızlığı üçün əhəmiyyət kəsb etmir. Sübut kimi nəzərə alına bilməməsiylə yanaşı iddiaçının təmsilçisi olan anası həmin səs yazılarının hazırkı mübahisəyə aidiyyatı olmadığını bildirmişdir. Sübutun işə aidiyyatı olmasını və qanuna müvafiq qaydada tədqiq edilə biləcəyini təsdiqləmək onu təqdim edən tərəfin üzərinə düşür. Bundan başqa, cavabdeh tərəf iddiaçının nümayəndəsinin pulun qaytarılması tələbinə dair izahatı ilə mövqeyini əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddianın etirafı haqqından istifadə olunması barədə qərar verməyə tək səlahiyyətli şəxs haqq sahibinin özü olan ilk iddiaçıdır. Mübahisələndirilən əqdin tərəfi olan iddiaçı həmin müqavilə üzrə ifadə edilmiş iradənin sahibidir və həmin razılaşmanın iradələrin təhrif olunmuş ifadələrini əks etdirməsini inkar edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin pulun qaytarılmasına dair tələbi barədə izahatı cavabdehin mövqeyini təsdiqləyən sübut və mübahisələndirlən müqavilənin yalan əqd hesab edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı nəzərə almaq lazımdır ki, iddianın etiraf edilməsi təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməli olan səlahiyyətdir. Belə ki, nümayəndə məhkəmədə təmsil olunan iradəsini ifadə edir və təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün ona zəruri olan bütün prosessual hərəkətləri edə bilməsi üçün lazımi səlahiyyətlər verilmişdir. Nümayəndə təmsil olunanın iradəsinə zidd fikir bəyan edə bilməz, buna görə təmsilçi ilə birgə iştirak zamanı məhkəmə iclasında tərəfin öz fikri əsas götürülür. Hazırkı iş üzrə iddiaçının iddasından və qarşılıqlı iddiaya etirazından mövqeyi aydındır və qarşılıqlı iddianın əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsinin tərəfləri arasında həmçinin borc münasibətlərinin mövcudluğu əqdin etibarsızlığı üçün əsas və sübut deyil. Məhkəmə mülki işin tədqiq edilmiş faktiki hallarına hüquq normalarını tətbiq etməklə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli və cavabdeh mübahisəli evdən çıxarılmalı və həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir; sübuta yetirilmədiyi üçün qarşılıqlı iddia üzrə əsas tələb, dolayısıyla törəmə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu əvəzi qismində 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyi üçün həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi, 13-cü məhəllə, sahə 184 ünvanında yerləşən evdən Cavabdeh çıxarılsın və ev boşaldılaraq İddiaçı təhvil verilsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2766/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2766/2023
27.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver