Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2824/2025 27.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 İsa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı hüquqi varisi Nümayəndə2 nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, Cavabdeh məxsus olmuş, fərdi yaşayış evinə dair onunla İddiaçı arasında alqı-satqı əqdinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Kommunal Təsərrüfat Nazirliyinin xx.xx.1963-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair Pasporta əsasən Cavabdeh adına qeyd edilmişdir. Cavabdeh 1973-cü ilədək həmin evdə tək yaşamış, ailəsi olmamış, bir nəfər qız uşağını qeyri-rəsmi övladlığa götürərək ona baxmışdır. 1973-cü ildə iddiaçı və onun əri X7 həmin evin satıldığını öyrənib, Fəridə ilə həmin evin öz aralarında 15500 manata alqı-satqısı barədə razılığa gəlmişlər. Mart bayramı ərəfəsində onlar Cavabdeh evə görə 15000 manat pul vermişlər, qalıq 500 manatı isə evi sənədləşdirdikdə verilməsinə razılaşmışlar. Bu barədə onlar özlərinin və qonşularının iştirakı ilə Akt tərtib etmişlər və Aktı küçə damkomu təsdiq etmişdir. Fəridə evi onlara təhvil vermiş, özü əmlaklarının əsas hissəsini yığıb evdən çıxmış, Gəncə türməsinin qarşısındakı bina evinə köçmüşdür. Cavabdeh bina evinə kirayəyə köçdüyünə görə, həmin evdə 1 ədəd köhnə paltar şkafını, 1 ədəd dəmir çarpayısını sonra götürəcəyi adı ilə saxlamışdır. Həmin vaxtı Cavabdeh həmin evə aid əlində ev dəftəri (domovoy) olmuş, bundan başqa X1 Bürosundan aldığı arayış olmuşdur. Razılaşmışlar ki, Fəridə evin Texniki Pasportunu aldıqdan sonra onlar notariusda alqı-satqını rəsmiləşdirsinlər. Bundan sonra Fəridənin razılığı ilə evin qeydiyyat dəftərinə (domovoya) iddiaçı tərəfin ailə üzvləri pasport qeydiyyatına alınmışlar. Xeyli sonralar Cavabdeh yaşayış yerini dəyişdiyinə görə onların əlaqəsi kəsilmiş və Fəridənin işləmək üçün Bakı şəhərinə getdiyini öyrənmişlər, lakin əlaqə yarada bilməmişlər. 50 ildən artıq bir müddətdə iddiaçı tərəf həmin evdə yaşamaqla, faktiki mülkiyyətçi kimi evə sahiblik və istifadə hüquqlarını qeyri-şərtsiz həyata keçirir. Bu müddətdə o, həmin evdə 2 oğlunu evləndirmiş, evin yaşayış sahəsini artırmış, dəfələrlə təmir etdirmişdir. Tərəflərin arasında alqı-satqı əqdi 1973-cü ildə icra olunduğundan, hesab edirlər ki, 2000-ci ilədək qüvvədə olan MM-nin 43-cü maddəsi tədbiq edilməlidir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə ya qismən icra etmişsə, digər tərəf əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqdin qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariatda təsdiqi tələb olunmur. Qeyd edilənlərdən görünür ki, iddiaçı tərəf alqı-satqı əqdini tam icra etmiş, yəni evin pulunu razılaşdıqları məbləğdə ödəməklə evi təhvil almış və uzun müddətdir ki, evə sahibliyi həyata keçirirlər. Cavabdeh tərəf də, əqdi qismən icra etmiş, yəni pulu alaraq evi təhvil vermiş, lakin evin alqı-satqısım rəsmiləşdirilməsi üçün lazım olan yekun sənədini alıb verməmişdir. Tərəflərin arasında icra edilmiş alqı-satqı əqdində qanuna zidd əməl yoxdur. Yəni satılan ev Fəridənin qanuni və faktiki mülkiyyətində olmuş, Qənifə evin pulunu ödəyərək həmin evi təhvil almışdır. Alqı-satqı əqdi tərəflərin iradə ifadəsi nəticəsində icra olunmuş, əqdin real və həqiqi əqd olduğunu, bu günədək tərəflər arasında heç bir mübahisənin olmadığı ilə təsdiq edilir. Lakin cavabdeh evin alqı-satqısının rəsmiləşdirilməsi üçün sənədləşməni başa çatdırmamış, bundan boyun qaçırmış, sonradan nə qalıq pulunu tələb etmiş, nə də, ona aid 2 ədəd köhnə əşyasını aparmamışdır. Ona görə də, alqı-satqı əqdi məhkəmə qaydasında bağlanmış hesab edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, 12 dekabr 2024-cü il tarixdə İddiaçı ölmüşdür. İddiaçı oğlu Nümayəndə2 məhkəməyə müraciət edərək, hüquqi varis kimi iddia tələbini davam etdirdiyini bildirmişdir. Bundan sonra işin icraatı davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi varisi, oğlu Nümayəndə2 nümayəndəsi, vəkil Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş, məhkəmə iclasında ərizə verərək, Cavabdeh məhkəmə iclaslarına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında heç bir üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəf isə buna etiraz etmədiyi üçün, məhkəmə, Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsaslanmaqla, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, 1971-ci ildə Ozan küçəsi ev 107-nömrəli evdə yaşayan mərhum əri Rafiqlə ailə qurub həmin evə gəlin gəlmişdir. Həmin vaxtı qonşuluqdakı 99 nömrəli evdə Fəridə adlı qadın tək yaşayırdı. Təxminən bir necə il sonra Fəridə həmin evi Qənifə və əri Səfərə satmış, özü isə bina evinə köçmüşdür. Sonrakı illərdə Fəridəni görməmişdir. Həmin vaxtdan hal-hazıradək orada qonşusu Qənifə və ailəsi yaşamışdır. Məhkəmədə dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 1959-cu ildə hazırda yaşadığı Ozan küçəsi 101 nömrəli evdə doğulmuşdur, həmin vaxtdan da orada yaşayır. Qonşuluqda yerləşən 99 nömrəli evdə Fəridə adlı qadın tək yaşayırdı. Təxminən 1970-ci ilin ortalarında Fəridə həmin evi qonşuları Qənifə xala və onun əri Səfər dayıya satıb, özü isə Nizami kinoteatrının qarşısında olan bina evinə köçmüşdür. Qonşuları Səfər dayı 1980ci illərin ortalarında həmin evdə vəfat etmişdir. Qənifə xalanın ailəsi hal-hazıradək həmin evdə yaşayırlar. Oğlanları və özü yaşadıqları həmin evdə bir necə dəfə təmir işləri aparmışlar. Məhkəmədə dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, 1969-cu ildə Ozan küçəsi 111 nömrəli evə gəlin gəlmişdir. Həmin vaxtı 99 nömrəli evdə Fəridə adlı qadın tək yaşayırdı. Bir neçə il sonra təxminən 1970-ci ilin ortalarında Fəridə həmin evi Qənifəgilə satmış, özü isə bina evinə köçmüşdür. Həmin evin Fəridə tərəfindən Qənifəgilə satılmasını hər iki tərəfdən də eşitmişdir. Məhkəmədə dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Məhərrəmov Səfər onun dayısı, İddiaçı isə dayısı arvadıdır. Onlar 1970-ci ilin əvvəllərində indi yaşadıqları 99 nömrəli evi alanadək, yəni onların R.Axundov küçəsində qonşuluqda yerləşən evdə yaşamışlar. Sonradan dayısı və arvadı Fəridənin həmin evi satdığını eşidib, həmin evi aldılar. Evin baxılmasında, alqı-satqısında və həmin evə köçüb yerləşmələrində əvvəldən axıradək o, iştirak etmişdir. Yadındadır ki, təqribən həmin dövrdə olan pulla Fəridə ilə 15 min ya 16 min manata razılaşmışdılar. Həmin vaxtı dayısıgilin Fəridəyə 500 manat borcu qalmışdır. Fəridə köçəndə 1-2 köhnə əşyasını da, sonra götürəcəyi adı ilə qoyub getmişdir. Fəridənin əlində arayış və domovoy olsa da, evin əsas sənədi yox idi. X12 İdarədən (Qəvələ İdarəsindən) yoxlatdırıb, evin onun adına Texniki Pasportun olduğunu öyrənmişlər. Fəridə sənədləri tam hazırladıqdan sonra alqı-satqı rəsmiləşdirməyə razılaşmışlar. Dayısı 1985-ci ildə vəfat etmiş, dayısı arvadı Qənifə həmin vaxtdan uşaqları ilə birlikdə orada yaşamaqda davam etmişdir. Onlar həmin evi dəfələrlə təmir etdirmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı sayılmalı və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 05 fevral 2024-cü il tarixli, 3-21-3-33/2-1141/2024 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1963-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu Cavabdeh adına qeyd edilmişdir. xx.xx.1963-cü il tarixli inventarizasiya işləri zamanı fərdi yaşayış evi tikili “A”-da ümumi sahəsi 100.8 kv.m, yerləşdiyi torpaq sahəsi 444.0 kv.m-dən ibarət olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. -20 may 2024-cü il tarixli aktdan görünür ki, imza edənlər Gəncə şəhəri, Ozan küçəsi, 111 saylı evdə yaşayan X3, Gəncə şəhəri, Ozan küçəsi, 107 saylı evdə yaşayan X5, Gəncə şəhəri, Ozan küçəsi, 105 saylı evdə yaşayan X9, Gəncə şəhəri, Ozan küçəsi, 101 saylı evdə yaşayan Şahid, Gəncə şəhəri, R.Axundov küçəsi, 2-dalan, 1 saylı evdə yaşayan X2 bu aktı tərtib etmişlər ona görə ki, ünvan 1 ünvanda yerləşən evin əvvəlki sahibi Cavabdeh ilə hazırki sahibi İddiaçı arasında 1970-ci illərin ortalarında alqı-satqı olmuş, Fəridə pul alaraq həmin evdən köçmüş, Səfərlə Qənifə həmin vaxtdan evi təhvil alaraq, köçüb həmin evdə yaşamışlar və evdə ayrı-ayrı vaxtlarda təmir artırma işləri gördürmüşlər. -1973-cü il tarixli müqavilədən görünür ki, imza edənlər ev alanlar Məhərrəmov Səfər və İddiaçı, ev satan həmin müqaviləni tərtib etmişlər ondan ötrü ki, Cavabdeh Ozan küçəsində yerləşən 99 nömrəli evini 15500 (on beş min beş yüz) manata Məhərrəmov Səfər və İddiaçı satmışdır. Müqavilənin doğru olmasını qonşular- Zülfüqarov Paşa, Hüseynova Möhtərəm, Məmmədov Ramiz və qohum kimi Hüseynova Solmaz öz imzaları ilə təsdiq etmişlər. -Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və İddiaçı birgə nikahından xx.xx.1969-cu ildə Nümayəndə2 anadan olmuşdur. -Arayışın surətindən görünür ki, X7 və X4 nikah haqqında xx.xx.1957-ci il tarixdə 185 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. -Arayışın surətindən görünür ki, X7 xx.xx.1985-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ozan küçəsi 99 nömrəli fərdi yaşayış evi mülkiyyət hüquqlarının real gözləntisi ilə Cavabdeh məxsus olmuşdur. Həmin daşınmaz əmlaka dair Cavabdeh ilə Məhərrəmov Səfər və İddiaçı arasında bağlanmış 1973-cü il tarixli müqaviləyə əsasən həmin ev Cavabdeh tərəfindən 15500 (on beş min beş yüz) manata Məhərrəmov Səfər və İddiaçı satılmışdır. Lakin, tərəflər evin alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və evə faktiki mülkiyyəçi hüquqları ilə sahiblik etmişlər. Başqa sözlə, tərəflər alqısatqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, iş materiallarından belə nəticə müəyyən olunur ki, evi satmış cavabdehin sonrakı hərərkətləri əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırması kimi qiymətləndirilməlidir. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı evin mülkiyyətçisi kimi həmin evə dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti 1973-cü il tarixdə yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanına əsasən aşağıdakılar qərara alınmışdır:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd edilən Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı aşağıdakılardan ibarətdir:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə qeyd edir ki, torpaq ayrıma və tikintiyə dair icazə sənədləri olmasa da Gəncə şəhəri, Ozan küçəsi 99 nömrəli ünvanda 444,0 kvadratmetr torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 1963-cü ildə inventarlaşma zamanı Cavabdeh adına qeyd olunduğundan, həmin əmlaka mülkiyyət hüquqlarının real gözləntisi də məhz Cavabdeh məxsus olmuşdur ki, bu halda həmin mülkə Cavabdehn əmlakı kimi baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun nümayəndəsinin izahatı, təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh mülkiyyəti kimi qiymətləndirilən Gəncə şəhəri, Ozan küçəsi 99 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi barəsində Cavabdeh ilə İddiaçı arasında 1973-cü il tarixli alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Ozan küçəsi 99 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin 1973cü ildə alqı-satqısı barəsində Cavabdeh ilə İddiaçı arasında alqı-satqı əqdi bağlanmış hesab edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov