Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2847/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdehinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehinə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək haqqı üzrə düzgün ödənilməmiş 2300 manat, maddi mənəvi zərərə görə təzminat olaraq 2300 manat, mediasiya şurasına ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 67 manat pul olmaqla, ümumilikdə 4722 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən aylıq əmək haqqı 234 manat olmaqla universitetdə iş fəaliyyətinə başlamışdır, xx.xx.2022-ci il tarixindən əmək haqqısı artaraq 456 manat təşkil etmiş və işlədiyi müddət ərzində universitet rektorunun xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-263/2023 nömrəli əmrinə əsasən öz razılığı ilə Ümumi şöbənin inspektoru vəzifəsindən Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə köçürülmüşdür və hazırda da həmin vəzifədə iş fəaliyyətini davam etdirir. Cavabdehin Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə köçürüldükdən sonra baxmayaraq ki, böyük inspektor vəzifəsi inspektor vəzifəsindən yüksəkdir, aylıq əmək haqqı 456 manatdan 356 manata endirilmişdir. Bununla əlaqədar olaraq universitetin mühasibatlığına dəfələrlə müraciət etsə də, texniki səhvin olduğu bildirilmiş, lakin hazıradək ona ödənilməyən pul məbləği ona verilməmişdir. Bu əsasla xx.xx.2024-cü il tarixində universitet rəhbərinə rəsmi müraciət etmişdir, lakin müraciətinin heç bir nəticəsi olmamış və bu səbəbdən tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir. xx.xx.2025-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakdan imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Hesab edir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona əmək haqqında fərq olan 100 manat, ümumilikdə 2300 manat məbləğində cavabdeh tərəfindən pul ödənilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixindən etibarən əmək haqqının məbləği qaldırılaraq köhnə əmək haqqına uyğunlaşmışdır. Bundan başqa, qeyd olunan 23 ay müddətində o, öz hüquqlarını tələb edərkən ciddi əsəb və psixoloji sarsıntılar keçirtmiş və bu səbəbdən cavabdehdən ona ödənilməyən 2300 manat qədər maddi və mənəvi təzminatın ödənilməsini məqsədəuyğun hesab edir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçının iddiası aşağıda qeyd olunan səbəblərdən təmin edilə bilməz. Belə ki, iddiaçı 2023-cü il martın 3-dən ərizəsinə əsasən əmək müqaviləsi bağlanılmaqla universitet üzrə xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-263/2023 nömrəli əmrlə vakant olan böyük inspektor vəzifəsinə keçirilmişdir və aylıq əmək haqqı barədə heç bir narazılıq bildirməyərək işə başlamışdır. Həmin tarixə Mərkəzin böyük inspektor vəzifəsinin əmək haqqı ştat cədvəlinə uyğun 356.00 manat təşkil edirdi. Beləliklə, iddiaçı böyük inspektor vəzifəsində hazırda razılaşmadığı aylıq əmək haqqı ilə xx.xx.2023-cü il tarixdən işləməyə başlasa da, o məhkəməyə 2025-ci ilin aprel ayında, yəni iddia müddəti (2 ildən artıq) ötdükdən sonra qeyd olunan aktların tələblərinə əməl etmədən, iddia tələbini qanunla müəyyən olunmuş iddia müddəti keçdikdən sonra müraciət etmişdir. Odur ki, hazırkı iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin bu əsasla rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Bundan başqa, cavabdehin nümayəndəsi sonradan məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə əlavə ünvanlayaraq göstərmişdir ki, iddiaçının iddia ərizəsində onun başqa şöbəyə köçürüldükdən sonra aylıq əmək haqqının 456 manatdan 356 manata endirilməsi və ona mühasibatlıq tərəfindən “texniki səhv” olduğunun bildirilməsinə dair irəli sürülmüş dəlil əsassızdır. Belə ki, Universitetdə hər bir şöbənin işçilərinin əmək haqqı işinin həcmindən, ağırlığından və s. amillərdən asılı olaraq fərqli müəyyən edilir. Universitet ştat cədvəlinə əsasən 2022-ci ildən iddiaçının qeyd etdiyi kimi xx.xx.2025-ci il deyil, xx.xx.2025-ci il tarixədək ümumi şöbənin inspektorunun aylıq əmək haqqı 456 manat, Təcrübə və karyera Mərkəzinin böyük inspektorunun isə 356 manat məbləğində təsdiq edilmişdir, yəni heç bir əmək haqqı digərinə nisbətən endirilməmişdir; hər bir vəzifə üçün aylıq əmək haqqı baş mühasibin imzası ilə müəssisənin rəhbəri tərəfindən təsdiq edilən ştat cədvəli ilə müəyyən edilir və “texniki səhvin" olması istisnadır; iddiaçı başqa şöbəyə və vəzifəyə, yəni ümumi şöbənin inspektoru vəzifəsindən digər şöbədə vakant olan böyük inspektor vəsifəsinə iddia ərizəsində qeyd etdiyi kimi öz ərizəsinə əsasən yeni Əmək müqaviləsi bağlanılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun keçmişdir və bu səbəbdən ona yeni şöbədə və yeni vəzifədə başqa şöbənin işçisinin aylıq əmək haqqı (456 manat) verilə bilməzdi. İddiaçının hazırda əmək haqqı Azərbaycan Respublikasının Prezidentinin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən işçilərin minimum əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar 2025-ci il yanvar ayının 1-dən 400 manat və 1 fevral 2025-ci il tarixdən universitet üzrə “Əmək haqlarının məbləğlərinin artırılması haqqında" 19 mart 2025-ci il tarixli, 3-22-23/3-1-570/2025 nömrəli əmrlə 480 manat müəyyən edilmişdir, yəni iddiaçının ərizəsində qeyd etiyi kimi “köhnə əmək haqqına” uyğunlaşmamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, Ümumi şöbənin inspektoru vəzifəsindən Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə köçürülərkən cavabdeh tərəfindən ona əməkhaqqısı barədə səhv məlumat verilmiş, əvvəlki vəzifəsi ilə hazırkı vəzifəsi arasında 20-30 manat fərqin olduğu bildirilmişdir. Sonradan ona məlum olmuşdur ki, köçürüldüyü vəzifənin əməkhaqqısı əvvəlki vəzifəsindən 100 manat aşağıdır. Həmin əmək müqaviləsinə imza edərkən əməkhaqqının ştat cədvəlinə uyğun olaraq ödənilməsi qeyd edilmişdir. Ştat cədvəli isə kadrlar şöbəsi və mühasibatlıqda olduğu üçün həmin ştat cədvəli ilə tanış olmamışdır. Sonradan bir neçə dəfə baş mühasibə müraciət etmiş, baş mühasib ona özünün texniki səhvə yol verdiyini, 2022-ci ildə vakansiya olduğu üçün orta aylıq əməkhaqqına 20 faiz düzəliş etmədiyini bildirmişdir. 2018-ci ilin oktyabr ayından cavabdeh hüquqi şəxsin ümumi şöbəsinin inspektoru vəzifəsində işləmişdir. Həmin vəzifədə ilkin əməkhaqqısı 234 manat olmuş, sonradan hamıya şamil olunan artımlar onun əməkhaqqısına da şamil olunmuş, əməkhaqqı artırılmışdır. Axırıncı artım 2022-ci ilin yanvar ayında olmuşdur, həmin 20 faiz artım nəticəsində əməkhaqqı vergi tutulmadıqda 456 manat, vergilər çıxıldıqdan sonra 395 manat olmuşdur. Ümumi şöbənin inspektoru vəzifəsindən Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə 2023-cü ilin mart ayının 3-də keçmişdir. Daha yüksək vəzifəyə keçərkən təxmin etmişdir ki, əgər əvvəl vergi tutulmadıqda 456 manat alırdısa, bu vəzifədə ən azından əməkhaqqısı eyni saxlanılmaqla keçməli idi. Bu barədə isə ona nə yazılı, nə də şifahi məlumat verilməmişdir. 2023-cü ilin mart ayının 29-u günü əməkhaqqısı karta oturanda xəbər tutmuşdur ki, cəmi 314,78 manat əməkhaqqı alır. Həmin tarixdə bununla bağlı müraciət etmişdir. Keçirdiyi sarsıntılar nəticəsində 50 gün müddətində xarici ölkədə müalicə almışdır. 2023-cü ilin mart ayından 2025-ci ilin yanvar ayına kimi 314,78 manat əməkhaqqı almışdır, Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən işçilərin minimum əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar minimum əməkhaqqı 11 faiz qaldırılaraq 400 manat müəyyən edilmişdir. Bundan sonra isə əməkhaqqı 400 manat olmuş, tutulan hissə çıxılmaqla 350 manat əməkhaqqı almışdır. Tələb etdiyi məbləğ hər ay 100 manat olmaqla, xx.xx.2023-cü ildən xx.xx.2025ci ilə qədər yığılan 2300 manat məbləğdir. Hesab edir ki, həmin müddət ərzində onun əmək haqqısı 356 manat deyil, 456 manat olmalı idi. Cavabdehin nümayəndəsinin qeyd etdikləri ilə razı deyil. Belə ki, 2022-ci ilin sentyabr ayında yeni rektor təyin olunanda ərizə ilə ona müraciət edərək qeyd etmişdir ki, çalışdığı şöbənin rəhbərliyi onu “yola vermir”, başqa şöbəyə keçmək istəyir. Belə ki, əvvəlki çalışdığı şöbənin rəhbərliyi ona sənədləri saxtalaşdırmağı təklif etmiş, o isə bununla razılaşmamışdır. Buna görə də özü rektora müraciət etmişdir ki, oradan uzaqlaşsın. Rektor isə bununla razılaşmamış, yaxşı işçi olduğundan qalmasını bildirmişdir. Rektorun qəbulundan çıxdıqdan sonra şöbə rəhbəri öz-özünə əsəbləşməyə başlamışdı. Bundan sonra ərizə yazaraq şöbəsini dəyişmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia əsassız olduğundan iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, iddiaçının dedikləri həqiqətə uyğun deyil. İddiaçı xx.xx.2023-cü ildə öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən yeni vəzifəyə keçirilmişdir. Hər bir şöbənin və vəzifənin özünəuyğun qaydada diferensial əməkhaqqısı var. İddiaçının köçürüldüyü vəzifənin əməkhaqqısı 356 manat, əvvəlki vəzifədə isə 456 manat olmuşdur. İddiaçı əmək şəraitinin dəyişməsini bildirsə də, belə bir vəziyyət mövcud deyil. Bundan başqa, iş yerində iddiaçı müdiri ilə dalaşdıqdan sonra müdiri yıxılmış, təzyiqi qalxmış, X2 maşını ilə xəstəxanaya aparılmışdır. Bundan sonra iddiaçı qorxaraq yeni iş istəmiş, ona Təcrübə və Karyera mərkəzində böyük inspektor vəzifəsi təklif olunmuşdur. İddiaçıya mühasibatlıqdan texniki yanlışlığın olması bildirilməmişdir, heç bir mühasib bu sözü deyə bilməz. Çünki təqdim etdiyi 2022-ci ilə dair arayışdan da göründüyü kimi Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun 2022-ci ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər ADAU-nun Təcrübə və Karyera Mərkəzinin böyük inspektor vəzifəsinin əmək haqqı 356 manat təşkil edirdi. Həmçinin, Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun Karyera Mərkəzinin böyük inspektoru İddiaçı əmək haqqı Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən işçilərin minimum əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar 2025-ci il yanvar ayının 1-dən 400 manat və 1 fevral 2025-ci il tarixdən universitet üzrə “Əmək haqlarının məbləğlərinin artırılması haqqında” 19 mart 2025-ci il tarixli, 3-22-23/3-1-570/2025 nömrəli əmrlə 480 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçı iddia müddətini də ötürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdehinin rektoru vəzifəsini icra edən Zəfər Qurbanova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı onun Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin “başqa vəzifəyə keçirilmə haqqında” xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1- 263/2023 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsi rəhbər tutularaq ümumi şöbənin inspektrou İddiaçı xx.xx.2023-cü il tarixdən Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilməsi, aylıq əməkhaqqının ştat cədvəlinə uyğun ödənilməsi, İnsan resursları şöbəsi və mühasibatlığın bu əmrdən irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etməsi əmr edilmiş, əsas kimi İddiaçı ərizəsi qeyd edilmişdir. İş materiallarında olan, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdeh PHŞ-nin “təcrübə və karyera mərkəzinə böyük inspektor” vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə əsasən işçiyə hər ay ştat cədvəlinə uyğun məbləğdə əmək haqqı ödənilməlidir. İş materiallarında olan, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdeh PHŞ-nin “təcrübə və karyera mərkəzinə böyük inspektor” vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilə müddətsiz bağlanılmaqla, işçinin vəzifə/tarif maaşı 356 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı ümumi şöbə, işə başlama tarixi xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 234 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2018-ci il olmuşdur. İş materiallarında olan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı ümumi şöbə, işə başlama tarixi xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 456 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2022-ci il olmuşdur. İş materiallarında olan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı Təcrübə və karyera Mərkəzi, işə başlama tarixi xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 356 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2023-cü il olmuşdur. İş materiallarında olan, cavabdeh tərəfindən verilmiş 3-22-23/2-436/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun 2022-ci ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər ADAU-nun Təcrübə və Karyera Mərkəzinin böyük inspektor vəzifəsinin əmək haqqı 356.00 manat təşkil edirdi. İş materiallarında olan, cavabdeh tərəfindən verilmiş 3-22-23/2-502/2025 nömrəli, 16 may 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun 2022-ci ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər ADAU-nun ümumi şöbənin inspektor vəzifəsinin əmək haqqı 456.00 (dörd yüz əlli altı) manat təşkil edirdi. İş materiallarında olan, cavabdeh tərəfindən verilmiş 3-22-23/2-533/2025 nömrəli, 21 may 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun Karyera Mərkəzinin böyük inspektoru İddiaçı əmək haqqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən işçilərin minimum əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar 2025-ci il yanvar ayının 1-dən 400 (dörd yüz) manat və 1 fevral 2025-ci il tarixdən universitet üzrə “Əmək haqlarının məbləğlərinin artırılması haqqında” 19 mart 2025-ci il tarixli, 3-22-23/3-1-570/2025 nömrəli əmrlə 480.00 (dörd yüz səksən) manat müəyyən edilmişdir. İş materiallarında olan, iddiaçıya məxsus elektron poçt ünvanından cavabdeh PHŞyə məxsus “Elektron ünvan ” elektron poçt ünvanına məktub ünvanlayaraq göstərmişdir ki, o, bir ildir ki, ADAU Təcrübə və Karyera mərkəzinin böyük inspektoru vəzifəsində çalışır. Bir il ərzində onun aylıq əmək haqqı cəmi 314 manat (maaş cədvəlində tutqu aparılmayan hissəsi 350 manat) olmuşdur. Şöbədə inspektor maaşı aylıq 325 manat (differensial istisna olmaqla), digər şöbələrdə isə 395 manat olduğu halda onun əmək haqqının hesablanmasında uyğunsuzluq və ədalətsizlik olduğu aydın görünür. Nədən?! Səbəb kimi baş mühasib yanlış hesablamanın olduğunu etiraf edib və düzəlişi isə yalnız rektorun göstərişi əsasında edə biləcəyini deyir. Hərçənd ki, başqa platformalarda fərqli diferensial hesablama, inzibati bina və digər bina işçiləri kimi absurd, hüquqa və məntiqə sığmayan fikirlər səsləndirməkdədir. Müraciətinin araşdırılmasını və əmək haqqının düzgün hesablanması üçün göstəriş verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 7-ci maddəsinin «a» yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X1 «Əmək haqqının mühafizəsi haqqında» Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddənin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə görə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur. Həmin Məcəllənin 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçının tələbinin faktiki əsası ondan ibarətdir ki, Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə köçürüldükdən sonra baxmayaraq ki, böyük inspektor vəzifəsi inspektor vəzifəsindən yüksəkdir, onun aylıq əmək haqqı 456 manatdan 356 manata endirilmişdir. Ona görə də hesab edir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona əmək haqqında fərq olan 100 manat, ümumilikdə 2300 manat məbləğində cavabdeh tərəfindən pul ödənilməlidir. Məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı xx.xx.2018-ci il tarixindən aylıq əmək haqqı 234 manat olmaqla cavabdeh Azərbaycan Dövlət Aqrar Universitetində (hazırkı Cavabdehi) iş fəaliyyətinə başlamış, ümumi şöbənin inspektoru vəzifəsində işləyərkən xx.xx.2022-ci il tarixindən əmək haqqısı artaraq 456 manat təşkil etmiş və işlədiyi müddət ərzində universitet rektorunun xx.xx.2023-cü il tarixli, 3-22-23/3- 1-263/2023 nömrəli əmrinə əsasən öz ərizəsi əsasında Ümumi şöbənin inspektoru vəzifəsindən Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilmişdir. Həmin tarixə Mərkəzin böyük inspektor vəzifəsinin əmək haqqı ştat cədvəlinə uyğun 356.00 manat təşkil etmiş, qeyd edilən tarixdə iddiaçı əmək funksiyası və şərtləri, eləcə də əmək haqqı ilə razılaşmaqla əmək fəaliyyətinə başlamış, uzun müddət həmin əmək haqqını alaraq işinə davam etmişdir. İddiaçı böyük inspektor vəzifəsində hazırda razılaşmadığı aylıq əmək haqqı ilə xx.xx.2023-cü il tarixdən işləməyə başlasa da, o məhkəməyə 2025-ci ilin aprel ayında müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə təyin olunduğunu bilmiş, sərbəst surətdə bu barədə ərizəni imzalamış, hər hansı etirazını bildirməmiş, əmək funksiyası, şərtləri və əmək haqqı ilə razılaşaraq uzun müddət həmin iş rejimində fəaliyyət göstərmişdir. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının əmək haqqı düzgün ödənilmədiyinə görə, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona əmək haqqında fərq olan 100 manat, ümumilikdə 2300 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilən tələb əsassız olduğundan ondan törəmə tələb olan, maddi mənəvi zərərə görə təzminat olaraq 2300 manat pul vəsaitinin cavabdehdən iddiaçıya ödənilməsi hissədə də iddia tələbi təmin edilməməlidir. Bütün bu göstərilənlərlə yanaşı, məhkəmə hazırkı iş üzrə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, iddiaçının aylıq əmək haqqısı 456 manat təşkil edən Ümumi şöbənin inspektoru vəzifəsindən aylıq əmək haqqısı 356 manat təşkil edən Təcrübə və Karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilməsi cavabdeh Publik hüquqi şəxsin diskresiya səlahiyyətinin həyata keçirilməsi qaydasında deyil, əmək münasibətlərinin vəzifə dəyişilməklə davam etdirilməsi ilə bağlı tərəflərin razılığı (işçinin bununla bağlı bəyanı) əsasında baş vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ümumiyyətlə hazırkı iş üzrə tələbinin əsaslılığını hər hansı mötəbər dəlillərlə əsaslandıra bilməmişdir. Ona görə də əsassız olduğundan iddia tələbləri təmin edilməməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin həmin fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş müddətlər xüsusi iddia müddətləridir. Maddənin adından da göründüyü kimi həmin maddə fərdi əmək mübahisələrinin həllinə tətbiq olunan məhz iddia müddətlərini müəyyən edir. Mülki Məcəlləyə əsasən həmin Məcəllənin iddia müddəti ilə bağlı qaydaları xüsusi iddia müddətlərinə də şamil edilir. Eyni zamanda mülki qanunvericiliyə görə məhkəmə tərəfindən iddia müddətinin tətbiqi yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında mümkündür. Hazırkı iş üzrə cavabdeh belə bir ərizə vermişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi mümkünsüzdür. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı halda isə iddiaçı hüququnun pozulduğunu sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2847/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2847/2025
04.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver