Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2894/2024 02.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 istifadəsinə verilmiş Gəncə şəhəri, Yeni qəsəbə, 10 saylı binada yerləşən 17 nömrəli mənzilə dair 29 aprel 2014-cü il tarixli 10/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Eminova (Əhmədxanova) Vüsalə Telman qızının 10/17 nömrəli mənzildən çıxarılması, 10/17 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 29 aprel 2014-cü il tarixli “10/17” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 10 saylı binada 17 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı, mənzili qeyri-qanuni olaraq Eminova (Əhmədxanova) Vüsalə Telman qızına satdığı və həmin şəxsin mənzildə qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Eminova (Əhmədxanova) Vüsalə Telman qızının yaşamasının qanunsuz olduğu bildirilmişdir. Komitənin Mənzil-İstismar Departamenti ilə Cavabdeh1 arasında Gəncə şəhəri, Yeni Qəsəbə, 10 saylı binada 17 nömrəli 1 otaqlı mənzilin ona verilməsi ilə bağlı 29 aprel 2014-cü il tarixli, 10/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Cavabdeh1 onlara verilmiş Gəncə şəhəri, Yeni Qəsəbə, 10 saylı binada yerləşən 17 nömrəli 1 otaqlı mənzildə yaşamadığı və mənzilin başqa şəxsə qeyri-qanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və mənzildən çıxmalıdır. Cavabdeh Eminova (Əhmədxanova) Vüsalə Telman qızı da Gəncə şəhəri, Yeni Qəsəbə, 10 saylı binada yerləşən 17 nömrəli 1 otaqlı mənzildə müqavilədən kənar qeyri-qanuni yaşadığı üçün mənzildən çıxmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərdi ki, cavabdeh uzun müddətdir ki, həmin evdə yaşamır. Evi digər Cavabdeh2 satmışdır. Buna görə evin cavabdehlərdən alınması zəruridir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, yoldaşı ilə ayrıldıqdan sonra öz evini satmış bu evi borc müqaviləsi ilə Cavabdeh1 adlı şəxsdən almışdır. 2 uşağı vardır. Məcburi köçkün kimi həmin evdə yaşamaq istəyir. Ona evi satan Zərqələm adlı şəxsi tapa bilməmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2014-cü il tarixli, 10/17 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri Yeni qəsəbə, bina 10-da yerləşən 17 nömrəli 1 otaqlı mənzil Cavabdeh1 onun ailə üzvü oğlu X8 müvəqqəti istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə-Göygöl MKİS-nin rəisi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna verilmiş xx.xx.2024-cü il tarixli, 235 nömrəli xidməti məlumatdan görünür ki, xidməti ərazidə mənzillər yoxlanılarkən Cavabdeh1 müqavilə əsasında verilmiş 1500 ailəlik Yeni Qəsəbə, bina 10, mənzil 17-ni qanunsuz olaraq alqı-satqı yolu ilə Kəlbəcər rayon sakini X1 verməsi aşkar olunmuş və Cavabdeh1 mənzildə yaşayışın təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra– Komitə) Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, yoxlama aparılarkən aşkar olunmuşdur ki, 1500 ailəlik Yeni Qəsəbə, bina 10, mənzil 17 müqavilə əsasında Cavabdeh1 verilsə də, 4 ildir ki, həmin mənzildə 8000 manat dəyərində qanunsuz alqı-satqı edilməklə Kəlbəcər rayon sakini X3 yaşayır. Cavabdeh2 tərəfindən Gəncə şəhər MKİS-yə yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, sonuncu izahatında 2019-cu ildə yoldaşı ilə nikahları pozulduqdan sonra bina 10, mənzil 17-də məskunlaşdığını, hal-hazırda bu ünvanda yaşadığını və evi 8000 manata aldığını göstərmişdir. Komitənin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 adına olan Gəncə şəhərində yerləşən, 1 otaqdan ibarət olan, bina 10, 17 nömrəli mənzili Qasımova X2 Vüsalə Telman qızı ilə 8000 manata razılaşaraq satmış və buna görə xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri 3 saylı notariat kontorundan kredit müqaviləsi imzalamışlar. Gəncə şəhəri 3 saylı notariat ofisində 3M-159 reyestr nömrə ilə qeyd edilmiş, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən X3 borc alan Cavabdeh1 8000 manat məbləğində borc pul verməyi, borc alan isə krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 50-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»-nın 3.2-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğün olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndində qeyd olunur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasnı həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci bəndində qeyd edilir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndindən görünür ki, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi Cavabdeh1 yuxarıda qeyd olunan qaydanın və müqavilənin tələblərini pozaraq ona verilmiş yaşayış sahəsində faktiki olaraq yaşamamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarını araşdıraraq tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2014-cü il tarixli 10/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 10, 17 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 istifadəsinə verilmiş, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə 10 saylı binanın 17 nömrəli mənzilinə dair 29 aprel 2014-cü il tarixli, 10/17 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, 10 nömrəli binanın 17 nömrəli mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu hesabına 100 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2894/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2894/2024
02.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver