Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2895/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma və evin boşaldılıb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, 600 mənzilli, Yeni qəsəbə, 18 saylı küçədə yerləşən 457 nömrəli 1 otaqlı evdən çıxarılması və evin boşaldılaraq Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyriqanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 30 iyun 2015-ci il tarixli, 457 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Kəlbəcər rayonundan məcburi köçkün X3 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 600 ailəlik Yeni qəsəbədə 18 saylı küçədə, 457 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. X9 17 avqust 2021-ci il tarixində vəfat etmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Kommunal İstismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 457 nömrəli evdə Cavabdeh1 ailə üzvləri ilə birlikdə qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 457 nömrəli evin Cavabdeh1 və ailə üzvləri tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşamaları müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlara dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdehlər evin təhvil verilməsindən imtina etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, ailəsi ilə birgə 2017-ci ildən bəri, yəni 7 ildir ki, Gəncə şəhəri, 600 mənzilli, Yeni qəsəbə, 18 saylı küçədə yerləşən 457 nömrəli 1 otaqlı evdə yaşayır. Ev mərhum qohumu X2 müqaviləsi ilə verilmişdir, maddi imkanı zəif olduğundan mərhumun və ailə üzvlərinin razılığa ilə sözügedən evə köçmüşlər. Bu barədə iddiaçıya rəsmi şəkildə yox, şifahi formada məlumat vermişdir. Hazırda başya yaşayış yeri yoxdur, həmçinin başqa ev tutmağa da maddi imkanı çatmır. Hesab edir ki, onunla da xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmalıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əri digər Cavabdeh1 dediklərini təsdiqləyir, 2017-ci ildən bəri əri və bir oğlu ilə birlikdə Gəncə şəhəri, 600 mənzilli, Yeni qəsəbə, 18 saylı küçədə yerləşən 457 nömrəli 1 otaqlı evdə yaşayır. İddaçı ilə müqavilələri olmasa da, qohumları mərhum Novruzov Məhəmmədin razılığı ilə sözügedən evə köçmüşlər, bu barədə mərhumun əlyazması da var. Odur ki, xəstə olmasının nəzərə alınmasını, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 30 iyun 2015-ci il tarixli, 457 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Gəncə şəhəri, 600 mənzilli, Yeni qəsəbə 18 saylı küçədə yerləşən 457 nömrəli evdə yerləşən, mənzil fonduna aid, ümumi sahəsi 32,02 kv.m-dən, yaşayış sahəsi 18,91 kv.m-dən ibarət olan 1 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi X1 və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 184460 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 17 avqust 2021-ci il tarixdə ürək dayanması səbəbindən Göygöl rayonu, Hacıməlik kəndində ölmüşdür. İş materiallarında olan, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlardan müəyyən edilir ki, həmin tarixlərdə ünvan 1 ünvanına baxış keçirilmiş, aşkar olmuşdur ki, həmin evdə müvəqqəti qeydiyyatda olan X9 vəfat etmişdir. Hazırda həmin evdə Kəlbəcər rayonu, Aşağı Ayrım kənd sakinləri Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, oğlu X11 yaşayır. Sorğu zamanı Cavabdeh1 bildirmişdir ki, mərhum X9 və ailə üzvlərinin razılığı ilə həmin ünvana köçüb və 6 (altı) ildir ki, orada yaşayır. Cavabdeh1 mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin Gəncə MKİS-nin rəisinə ünvanlanmış izahatında bildirmişdir ki, 6 (altı) il bundan qabaq yaşayış yeri olmadığı üçün ünvan 3 ünvanda yaşayan tanıdığı X4 gedəndə evin açarlarını ona vermişdir. O vaxtdan etibarən həmin evdə o və ailə üzvləri yaşayırlar. Ailələri üç nəfərdən ibarətdir. Odur ki, başqa yerdə yaşayış yeri olmadığı üçün Kəlbəcər rayonuna köçənə qədər qeyd edilən mənzildə yaşamasına köməklik edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 zəbt etdiyi mənzili boşaldıb açarını MKİS-nə təhvil verilməsi barədə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmiş, Cavabdeh1 mənzili boşaltmaqdan imtina etmişdir. İş materiallarında olan Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ayrım kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 250 nömrəli, 30 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Aşağı Ayrım kənd sakini Cavabdeh1 nümayəndəliyin daimi qeydiyyatındadır, hazırda Gəncə şəhəri 600 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşıb yaşayır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: arvadı xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2014-cü il təvəllüdlü X11. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, dövlət proqramına uyğun olaraq X7 Gəncə şəhəri, 600 mənzilli, Yeni qəsəbə 18 saylı küçədə yerləşən 457 nömrəli evdə yerləşən 1 otaqlı mənzil ilə təmin etmişdir. X9 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bundan sonra, həmin ev iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir. Hazırda iddiaçı cavabdehlərin mübahisəli evdən çıxarılmasını və evin boşaldılaraq təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin, adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirili və ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaq, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otaq verilir. Həmin Qaydanın “Məcburi köçkünlərə müvəqqəti yaşayış sahələrinin verilməsi” adlanan 2.11.2-ci bəndinə görə məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Həmin qaydanın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov sovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Həmçinin, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinə aid olan mübahisəli evlə bağlı cavabdehlərlə hər hansı kirayə müqaviləsi bağlanılmadığından, cavabdehlərin evə daha çox ehtiyacı olan məcburi köçkün olması müəyyən edilmədiyindən və beləliklə də cavabdehlər mübahisəli mənzildə qanunsuz yaşadığından iddia təmin edilməli, cavabdehlər onlara məxsus əşyalarla birlikdə Gəncə şəhəri, 600 mənzilli, Yeni qəsəbə, 18 saylı küçədə yerləşən 457 nömrəli 1 otaqlı evdən çıxarılmalı və həmin ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, cavabdehlər mübahisəli yaşayış sahəsinin keçmiş kirayəçisi, mərhum X5 ailə üzvü və ya əmək qabiliyyəti olmayan himayədə olan digər qohumu deyillər. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 onlara məxsus əşyalarla birlikdə Gəncə şəhəri, 600 mənzilli, Yeni qəsəbə, 18 saylı küçədə yerləşən 457 nömrəli 1 otaqlı evdən çıxarılsın və həmin ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2895/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2895/2024
18.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver