Məhkəmə qərarları › İş №2(125)-2898/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2898/2024

17.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2898/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin açıq hərrac yolu ilə satılıb əldə olunan pulunun mülkiyyətçilər arasında bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmış **********52-05101-093013 reyestr nömrəli Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı binada yerləşən ümumi sahəsi 60,4 kv.m olan 36 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətlərində olan Daşkəsən şəhəri Tofiq İsmayılov küçəsi 21 saylı evin 36 saylı mənzilinin ona məxsus olan ½ hissəsinin naturada ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamışdır. İddiaçı ərizəsində göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(030)-206/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********52- 05101-093013 reyestr nömrəli, MA Seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq mülkiyyət hüququ qeydə alınmış, 23 fevral 2009-cu ildə vəfat etmiş X1 miras qalmış, Daşkəsən şəhəri T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin 1/2 hissəsi üzərində qanun üzrə birinci növbə vərəsələr onun və 1/2 hissəsi üzərində cavabdehin qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəsini almışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində Daşkəsən şəhəri T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin 1/2 hissəsi onun, 1/2 hissəsi üzərində cavabdehin mülkiyəti kimi qeydə alınmış və buna aid çıxarış verilmişdir. Bundan sonra o, Daşkəsən Rayon Məhkəməsində həmin mənzilin paylara uyğun naturada bölünməsi tələbi ilə iddia qaldırmışdı. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələbi rədd edilmişdir. Hazırda mənzil ikisinin adına qeyd edilsə də, cavabdeh onu mənzildən istifadə etməyə qoymur və elə bir vəziyət yaranıb ki, onların mənzildən bir yerdə istifadə etmələri mümkün deyil. O, cavabdehə məktubla müraciət edərək təklif etmişdir ki, həmin mənzili bir yerdə satsınlar və ya mənzilin yarı dəyəri olan 12500 manatı o, cavabdehə, yaxud cavabdeh ona ödəsin. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, əvvəllər evi 25000 manata istəyən var idi, cavabdehlə həmin evin satılıb pulunun bölünməsinə razılaşsalar da, cavabdeh sonradan onunla razılaşmamışdır. Sözügedən ev ata mülküdür, lakin hazırda təmirsiz olduğundan qiyməti təxminən 14000- 15000 manatdır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçının ifadələri yalandı, heç vaxt evin satılmasını istəməyib, həmçinin iddiaçı heç vaxt ona evin qarşılığında 12500 manat təklif etməyibdir. Məhkəmə gedişində iddiaçının 12500 manat təklifinə razı olduğunu bildirsə də, sonradan iddiaçı razılaşmanı pozmuşdur. Cavabdeh həmçinin əlavə etdi ki, şərti ya həmin evdə birlikdə yaşamaları, ya da iddiaçıya evin əşyalarını və 2000 manat məbləğində pul verməsi müqabilində onun evdən çıxmasıdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış təklifdə (göndərilməsi barədə poçt qəbzi əlavə olunmuşdur) iddiaçı bildirmişdir ki, hazırda sözügedən mənzil ikisinin də adına qeyd edilsə də, cavabdeh onu mənzildən istifadə etməyə qoymur, elə bil vəziyyət yaranmışdır ki, onların mənzildən bir yerdə istifadə etmələri mümkün deyil. Ona görə də həmin mənzilin bir yerdə satılması, ya da ki mənzilin yarı dəyəri olan 12500 manatı onun cavabdehə və ya cavabdehin ona ödəməsi təklif edilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzili iddiaçının ½ hissədə paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, 21 saylı binada yerləşən ümumi sahəsi 60,4 kv.m olan 36 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə tərəflərə məxsusdur. İddiaçı paylı mülkiyyətdə olan payının ayrılmasını tələb edir. İddiaçının bu tələbi əsaslıdır. Qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İddiaçının payının naturada ayrılmasının qeyri-mümkün olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Tərəflər arasında ümumi paylı mülkiyyətə kompensasiya vermək yolu ilə xitam verilməsi barədə razılıq əldə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, yalnız paylı mülkiyyətdəki evin açıq hərracdan satılaraq satış pulunun tərəflər arasında paylarına mütənasib bölünməsi yolu ilə paylı mülkiyyətə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyətində olan, Daşkəsən şəhəri, Tofiq İsmayılov küçəsi, 21 nömrəli binada yerləşən ümumi sahəsi 60,4 kv.m olan 36 nömrəli mənzil açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə olan paylarına mütənasib surətdə paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünsün. Cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar