Məhkəmə qərarları › İş №2(125)-2899/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2899/2024

22.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2899/2024 22.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilərək vərəsə kimi sahibliyinə verilməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən onun adına olan həmçinin atası X2 miras qalan mənzildən ona çatası payın müəyyən edilərək vərəsə kimi onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, atası X9 öldükdən sonra, 1983-cü ildə Gəncə şəhəri 1-ci mikrorayon 1 nömrəli binanın 18 saylı mənzil atasının adından onun adına dəyişdirilmişdir və hələ də onun adınadır. 1990-cı illərdə cavabdehlə, yəni qardaşı Vəliyev Robail ilə aralarında mübahisə olduğundan evin bölünməsi məqsədilə ərizə ilə məhkəməyə müraciət etmişlər. Qardaşı artıq dünyasını dəyişib. Hazırda həmin ünvanda qardaşı Robailin yoldaşı, Cavabdeh yaşayır. Kəpəz Rayon Xalq Məhkəməsinin 2- 450/1991 nömrəli, xx.xx.1991-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil onların ailələri arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə hər bir ailə üçün ayrılmış hissədən hər iki ailə istifadə etməyə başlamışdır. Keçən ilin iyun ayına kimi həmin mənzilin onun ailəsi üçün ayrılan hissəsindən maneəsiz istifadə etmişlər. Lakin iyun ayının ortalarında cavabdeh və ailəsi mənzilin açarlarını dəyişərək onların evə daxil olmasına maneələr törətmişlər. Cavabdehə başqa yerdən ev almağı təklif edərək onun və ailəsinin mənzilinə gəlməməsini bildirmiş, o da buna narazılıq bildirməmişdir. Lakin cavabdeh sözünə əməl etməmiş, həmçinin onun və ailəsinin evə gəlib-getməyinə icazə verməmişdir. Ortaq bir qərara gələ bilmədikləri üçün artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qardaşı və o, atalarının vərəsələri olduqları üçün həmin mənzildən özünə düşən payını istəyir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır, hazırda yataq xəstəsidir, yaşamağa evləri yoxdur, cavabdeh saxta sənədlər düzəldərək onları evdən çıxarmışdır. Qaynatası, yəni iddiaçının atası Vəliyev Ağəli 1982-ci ildə öldükdən sonra cavabdehlə daim aralarında mübahisə olduğundan 1991-ci ildə ərizə ilə məhkəməyə müraciət etmişlər. Həmin qətnamə ilə sözügedən mənzil cavabdehlə iddiaçının ailələri arasında bölünmüşdür. Cavabdehlə 1998-ci ildə onların həmin mənzildən çıxaraq özlərinə başqa ev alması barədə razılığa gəlsələr də, cavabdeh vədinə əməl etməmiş, ev almamış, həmçinin keçən ilin iyun ayında açarları dəyişərək onların mənzilin onlara düşən hissəsindən istifadəsinə maneə törətmişdir. Buna görə də məcbur olub uzun müddət kirayə yaşamışlar, hazırda yaşadıqları evi isə onun dayısı almışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, həmin mənzilin orderi iddiaçının adınadır, iddiaçının xəbəri və razılığı olmadan sözügedən mənzilin mərhum X6 məxsus olmasına dair dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ilə mərhum X10 arasında həmin mənzilin bölünməsinə dair Kəpəz Rayon Xalq Məhkəməsinin qətnaməsi var. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə qarşılıqlı iddia tələbi təmin olunaraq, iddiaçının sözügedən mənzildən istifadə hüququ itirilmiş hesab olunmuşdur. X1 adına həmin mənzilin ona məxsus olmasına dair dövlət reyestrindən çıxarış var. Mənzil artıq X3 adına rəsmiləşdirildiyindən və onun xüsusi mülkiyyətində olduğundan iddiaçının vərəsəlik hüququndan söhbət gedə bilməz. Robail bu yaxınlarda ölmüşdür, onun ölümündən 6 aydan çox müddət keçmədiyindən ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-V-1392/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X12 19 aprel 1982-ci ildə ölmüşdür, ölüm haqqında xx.xx.1982-ci il tarixli, 265 nömrəli akt qeydi tərtib olunmuş, ölüm səbəbi “beyin ödemi” olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası X15 filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Kirovabad şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli iclasının 1 nömrəli protokolundan çıxarışla müəyyən edilmişdir ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nömrəli mənzilinin şəxsi hesabı X7 adından oğlu İddiaçı adına dəyişdirilmişdir. İş materiallarında olan, Kəpəz Rayon Xalq Məhkəməsinin 2-450/1991 nömrəli, 09 oktyabr 1991-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Nümayəndə cavabdeh İddiaçı Ağəli oğluna qarşı mənzil bölgüsü və şəxsi hesabların ayrıca açılmasına dair iddiası təmin edilərək Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nömrəli mənzili İddiaçı Ağəli oğlu ilə X13 arasında bölünərək, mənzilin bir otağı 12.7 kv.m sahəsi İddiaçı Ağəli oğlunun ailəsinin istifadəsinə, iki otağı 17.3 və 17.3 kv.m sahələri isə X8 istifadəsinə verilməsi, hər birinə ayrıca şəxsi hesab açılması qət edilmişdir. İş materiallarında olan, xx.xx.1990-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Vəliyeva (Ələkbərova) Rahidə Nemət qızının nikahları 08 aprel 1990-cı il tarixdə 173 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı, Nümayəndə və X4 cavabdehlər X6 və Cavabdeh qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılmasına” dair ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı Ağaəli oğlunun ünvan 1 ünvanda olan istifadə hüququ itirilmiş hesab olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı, Nümayəndə və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 2730/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı, Nümayəndə və X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********92-05101-093005 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, 35, M2, m1 ünvanda yerləşən, ümumi sahəsi 71,7 kv.metr olan mənzil X3 (tam payı müəyyən edilməklə) xüsusi mülkiyyətindədir. İş materiallarında olan, Azərbaycan Respublikası 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 06 fevral 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 405383 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 29 yanvar 2024-cü ildə Gəncə şəhərində “ürəyin xroniki işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 66 nömrəli akt qeydi aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-21-3-33/2-6082/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 18 saylı (Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, 35, M2, m1) mənzil X15 filialının xx.xx.2022-ci il tarixli, 831(573)/4 saylı və xx.xx.2022-ci il tarixli, 854(585)/4 saylı Arxiv arayışları, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışı və mənzildə qeydiyyata olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında X3 adına özəlləşdirilərək xx.xx.2023-cü il tarixli, **********92-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının qardaşı X3 arvadıdır. İddiaçı sözügedən mənzilin onun adına olmasına, həmçinin atası X2 miras qalmasına istinad edərək mənzildən ona çatası payın müəyyən edilərək vərəsə kimi onun sahibliyinə verilməsini iddia edir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin qeyd edilən müddəası tələb edir ki, hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsin məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 18 saylı (Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, 35, M2, m1) mənzil X3 adına özəlləşdirilərək xx.xx.2023-cü il tarixli, **********92-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir və mənzil X3 (tam payı müəyyən edilməklə) xüsusi mülkiyyətindədir. X10 29 yanvar 2024-cü ildə Gəncə şəhərində “ürəyin xroniki işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının və ya onun atası X5 mülkiyyəti deyil. Həmin mənzil iddiaçının qardaşı, cavabdehin əri X1 adına özəlləşdirilmiş mənzildir və sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilə əvvəllər iddiaçının istifadə hüququ olmuş, lakin bu hüquq Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvədə olan 2(125)- 1736/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə itirilmiş hesab olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadığından, həmin mənzil isə cavabdehin əri, X1 adına özəlləşdirildiyindən və sonuncunun xüsusi mülkiyyətində olduğundan iddiaçının həmin mənzildən ona çatası payın müəyyən edilərək vərəsə kimi onun sahibliyinə verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 140-cı maddəsi müəyyən edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, mübahisəli mənzil iddiaçının qardaşı, cavabdehin əri X1 adına özəlləşdirildiyindən, sonuncunun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alındığından və nə qədər ki, mənzilə mülkiyyət hüququna dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, bu halda həmin əmlak barədə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı miras əmlaka payın müəyyən edilərək vərəsə kimi sahibliyinə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar