Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-29/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarma tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən mülkdən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, ünvan 1-də yerləşən mülk həyat yoldaşı X1 mülkiyyətində olmuşdur. xx.xx.2012-ci ildə bağışlama müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsi tərəfindən onun adına 03387421 nömrəli çıxarış verilmişdir. Hal-hazırda o, həmin mülkdə yaşayır. Cavabdehlər həyat yoldaşının əvvəlki arvadından olan uşaqlarıdır. Özlərinin evləri olmasına baxmayaraq, onun yanında, həmin ünvanda həyətin digər hissəsində tikilmiş evdə yaşayırlar. Həyat yoldaşının vəfatından sonra cavabdehlər onunla yola getmir, onu incidir və rahatlığını pozurlar. Onlarla birlikdə yaşamaq artıq mümkün deyildir. Mülkün kommunal xərclərini o, ödəyir. Cavabdehlər könüllü olaraq ona məxsus mülkdən çıxmadıqlarına görə onların mülkdən çıxarılmaları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, ünvan 1-də yerləşən mülkdən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.1 kv.m olan mənzil **********37-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X5 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.1 kv.m olan mənzil **********37-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum əri X1 əvvəlki arvadından olan uşaqlarıdır. İddiaçı həyat yoldaşının vəfatından sonra cavabdehlərin onunla yola getmədiyini, onu incitdiyini və rahatlığını pozduqlarını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılmaları ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları və X4 X2 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüququları, mülkiyyətçi olmasa da bu Məcəllədə göstərilən əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin məcəlləin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İş materialları o cümlədən iddiaçının izahatından görünür ki, cavabdehlər özlərinin evləri olmasına baxmayaraq, iddiaçının yanında, həmin ünvanda həyətin digər hissəsində tikilmiş evdə yaşayırlar. Cavabdehlər iddiaçının mərhum ərinin uşaqlarıdır və mübahisəli ünvanda yaşamışlar. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur və həmin münasibətlərə həmin məcəllənin müddəaları şamil edilməlidir. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, tərəflərin izahatlarından, həmçinin iş materiallarından məlum olur ki, X3 ilə X5 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.1 kv.m olan mənzil **********37-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mərum əri X1 əvvəlki arvadından olan uşaqlarıdır və həmin ünvanda yaşayırlar. İddiaçının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə qeydə alındığından və cavabdehlər mübahisəli mənzildə 2009-cu idən əvvəl yaşadıqlarından həmin vaxtı qüvvədə olan 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin tələblərnə uyğun olaraq onların mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ olduğundan və onların mənzildən çıxarılmaları üçün əsaslar olmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edislin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-29/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-29/2023
25.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver