Məhkəmə qərarları › İş №2(125)-2963/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2963/2024

04.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2963/2024 04.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı əmrin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı əmrin ləğvi, əvvəlki işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 32-K saylı, 27 fevral 2024-cü il tarixli əmrinin ləğv edilərək onun öz əvvəlki işinə, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə fəhlə vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 06 may 2019-cu il tarixdə əmək müqaviləsi əsasında Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə fəhlə kimi işə qəbul edilmişdir. 2024-cü ilin fevral ayınadək orada işləmişdir. Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunun xx.xx.2024-cü il tarixli, 32-k saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmrdə qeyd olunmuşdur ki, guya ki, o, öz vəzifə öhdəliklərini yerinə yetirməmişdir. O, işdən çıxarılmağını qanunsuz və əsassız hesab edir. Belə ki, o, əmək funksiyalarını daimi olaraq yerinə yetirmişdir. Müəssisənin direktoru onunla qərəzli münasibətdə olmuşdur. Onun niyyəti onu işdən çıxarıb öz maraqları əsasında yerinə başqa şəxsləri işə götürmək olmuşdur. O, onun öz ərizəsi ilə işdən çıxması üçün ona təzyiq-təsir göstərmiş, lakin buna nail ola bilmədikdə isə barəsində qanunsuz və əsassız əmr imzalamaqla onu işdən azad etmişdir. Cavabdeh müəssisənin rəhbəri tərəfindən barəsində çıxarılmış əmrin surəti ona təqdim olunmamışdır. Əmək kitabçası isə müraciətlərindən sonra yalnız xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərilməklə ona təqdim olunmuşdur. Cavabdehin barəsində olan əmri əmək qanunvericiliyinin tələbləri əsasında hansı qaydada əsaslandırmaları ona məlum deyil. Göründüyü kimi cavabdeh müəssisənin rəhbəri onu qanunsuz olaraq işdən azad etmiş və əmək müqaviləsinə xitam verilməsi haqqında əmr Əmək Məcəlləsinin tələblərinə düzgün əməl edilmədən çıxarılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı (nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən imzalanmış) iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, yalnız Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 32-K saylı, 27 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə gəlməmiş, məhkəmədə onun nümayəndəsi vəkil Nümayəndə2 iştirak etmiş, iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 32-K saylı, 27 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin izahatında qeyd etmişdir ki, hazırda İddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, İddiaçı işçi hüquqları pozulduğundan iddianin təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı intizamsız işçidir, heç bir üzrlü səbəb olmadan 21, 22 və 23 fevral 2024-cü il tarixlərdə işə gəlməmişdir, əmək intizamını pozduğuna və vəzifə funksiyasını müəyyən olunmuş qaydada yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmişdir. Ona görə də, iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin izahatında qeyd etmişdir ki, hazırda humanistlik edərək, İddiaçı ilə yenidən əmək müqaviləsi bağlamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 və Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə1 dinləyib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunun xx.xx.2024-cü il tarixli, 32-k saylı əmrinin surətindən müəyyən edilir ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsində həmin əmrin qanunsuz olduğunu iddia etmişdir. Məhkəmə iş üzrə aparılmış araşdırmaların nəticəsi olaraq hesab edir ki, həmin əmrin qanunsuz olduğu barədə iddiaçının dəlilləri əsassızdır. Belə qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda qeyd edilən normalarına əsaslanır; Maddə 3.

1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.

2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.[6]

5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 84. 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Mülki işin materiallarına əlavə edilən, Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi üzrə tərtib edilmiş Aktlardan müəyyən edilir ki, Mərkəzin fəhləsi İddiaçı 21-23 fevral 2024-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Mülki işin materiallarına əlavə edilən Gəncə Şəhər Gigiyena və X1 İttifaqı Komitəsi üzvlərinin 27 fevral 2024-cü il tarixli iclas protokolundan müəyyən edilir ki, Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunun müraciətinə baxılmış, Mərkəzin fəhləsi İddiaçı əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə razılıq verilmişdir. Məhkəmə göstərir ki, iddiaçı 21-23 fevral 2024-cü il tarixlərdə işə gəlmədiyinin üzrlü səbəblərdən baş verdiyini təsdiq edə bilən heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmədə aparılmış araşdırmalar nəticəsində işin məhkəmədə müəyyən edilən faktiki halları ondan ibarətdir ki, İddiaçı 21-23 fevral 2024-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Bu səbəbdən də, Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin işəgötürəninin 27 fevral 2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürənin bu barədə əmrinin verilməsi zamanı qanunvericiliyinin tələblərinə tam riayət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən bəhs edən 2-ci maddəsi ilə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Baxılan işdə iddiaçı əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə baxmayaraq, hazırki iddianı qaldırmışdır ki, bu iddia qanuni əsaslı olmadığından təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357,358 və 360 -cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddiaçı Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə olan əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar