Məhkəmə qərarları › İş №2(125)-304/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-304/2025

14.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-304/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X34 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi, eyni zamanda İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə hər birinə 1/3 payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə mərhum X1 adına qeydə alınmışdır. X2 xx.xx.1983-cü il tarixdə, anaları X21 isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Onun vərəsələri aşağıdakılardır: 1.X9 (xx.xx.1956) (xx.xx.2017-ci ildə vəfat edib.) 2.X12 (xx.xx.1957) (xx.xx.2021-ci ildə vəfat edib.) 3.X13 (xx.xx.1958) (xx.xx.2011-ci ildə vəfat edib.) 4. Qızı İddiaçı2 (xx.xx.1960) 5.X5 (xx.xx.1961) (xx.xx.2015-ci ildə vəfat edib.) 6.X14 (xx.xx.1963) 7.X6 (xx.xx.1966) 8.X15 (xx.xx.1968) (xx.xx.2016-cı ildə vəfat edib.) 9.Qızı Cavabdeh2 (xx.xx.1973) 10.X7 (xx.xx.1974) (xx.xx.1975-ci ildə vəfat edib.) 11.Qızı İddiaçı1 (xx.xx.1977) Vərəsələrdən yalnız X20 miras qoyandan qabaq vəfat etmişdir. X1 ölümündən sonra miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində vərəsələrdən yalnız onlar, yəni iddiaçılar və Cavabdeh2 yaşamışdır. Mirasın qəbul edilməsi ilə bağlı Gəncə şəhəri 1 saylı notariat ofisinə müraciət etmişdir. Lakin notarius mərhumun digər vərəsələri arasında mübahisə olduğunu əsaslandıraraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi, eyni zamanda İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sözügedən fərdi yaşayış evi atalarından miras qalmışdır. Atası 1983-cü ildə, anası isə 2005-ci ildə rəhmətə getmişdir. 10 uşaq olmuşdurlar, 5-i rəhmətə getmişdir. 4 bacı 1 qardaş qalmışdırlar. Bacılarından Elza ilə əlaqələri yoxdur, Ramidə hazırda ailəlidir və ailəsi ilə birlikdə ata mülkündə yaşayır, qardaşları Natiq öz ailəsi ilə ayrı yaşayır, bacısı Raya isə Bakıda yaşayır. O, 1-ci sinifdə oxuyanda atası rəhmətə getmişdir. Həmin evdə böyümüşdür, 1995ci ildə ailə qurmuş, ancaq həmin vaxta kimi bacısı Ramidə və anası ilə birlikdə həmin evdə yaşamışdır. O, ailə qurduqdan sonra isə bacısı Ramidə ilə anası həmin evdə yaşamışdır. Bacısı Ramidə ondan gec ailə qurmuşdur. Anası rəhmətə gedəndə artıq Ramidə də ailəli idi. Anası rəhmətə getməmişdən əvvəl xəstə olduğuna görə tək qalmasın deyə Ramidəyə demişdir ki, müvəqqəti olaraq gəlib onunla qalsın. Ramidənin yoldaşı hərbçi olmuş, kirayə yaşamışdırlar. Anası demişdir ki, kirayə verməsinlər, gəlib onunla qalsınlar. Anası rəhmətə gedəndən sonra isə bacısı Ramidə və yoldaşı evə yiyələnmiş, nə 3 bacını, nə də qardaşlarını evə yaxın qoymamışdır. Özü 2013-cü ildə boşandıqdan sonra ata evinə qayıtmış, 3 il bacısı Ramidə və onun ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Həmin vaxt bacısının yoldaşı işi ilə əlaqədar evdə olmamışdır, normal yola getmişlərdir, yeznəsi gəldikdən sonra nə onu, nə uşaqlarını yola verməmiş, qalmalarına narazılıq etmiş, davaqırğınla gecə ilə evdən çıxarmışdırlar. Bacısı onu döymüş, yeznəsi bıçaq çəkmiş, polisdə də işləri olmuşdur. Hazırda ata mülkündə bacısı Ramidə ailəsi ilə birlikdə yaşayır, onları isə evə yaxın qoymur. O, 2013-cü ildə boşanıb gəldikdə cehiz əşyaları həmin evə yığılmışdır, başqa əşyaları da həmin evdə qalmışdır. Qonşulardan eşitmişdir ki, bacısı Ramidə hamısını çölə tökmüşdür. Bacısı Rayanın Bakıda evi vardır, orada yaşayır. Burda da qocalığı üçün 1 otaqlı ev almışdır, hazırda həmin evdə yaşayır. Bacısı Raya ata mülkündən özünə düşən payını da məhz ona vermək üçün istəyir. Rayanın yoldaşı ilə onun yoldaşı qardaş olmuşdurlar. İndi bacısının yoldaşı da tələb edir ki, ya evdən çıxsın, ya da kirayə haqqı versin. Xadiməçi işləyir, kirayə qalmağa imkanı yoxdur. Valideynləri vəfat etdikdən sonra mirası qəbul etməməmələrinin səbəbi o olmuşdur ki, hamısı fikirləşmişdir ki, ev qardaşları Rzayev İlqara qalacaqdır. Anaları da sağlığında həmişə demişdir ki, ev İlqarındır. İlqar Moskvada yaşamış, xəstə olduqdan sonra gəlmiş, 1 ay yataq xəstəsi olmuş, rəhmətə getmişdir. O fikirləşmişdir ki, evdə qardaşı ilə birlikdə yaşayıb qardaşına da baxacaq, buna görə mirasdan pay istəməmişdir. X32 da ata yurduna həsrət qoymuşdur, buna görə Raya da öz payını tələb edir. Qalmağa yeri olmadığını göstərərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ünvan 3 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-T 173621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və AZ-T 215930 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1960-cı ildə anadan olmuş X17 və xx.xx.1977-ci ildə anadan olmuş İddiaçı1 ata qrafalarında X16, ana qrafalarında isə X10 qeyd olunmuşdur. AZ-İ 385188 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X23 ilə İddiaçı1 arasında olan nikah xx.xx.2013-cü ildə pozulmuşdur. AZ-İİ 241758 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1983cü ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 70-R-3937/2023 nömrəli arayışın surətindən görünür ki, X28 xx.xx.2005-ci ildə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05- 09İS/179737-23 nömrəli arayışdan görünür ki, X11 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən edilmişdir ki, sağ qalan vərəsələri qızı İddiaçı2 (xx.xx.1960), X14 (xx.xx.1963), X6 (xx.xx.1966), qızı Cavabdeh2 (xx.xx.1973) və qızı İddiaçı1 (xx.xx.1977) ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ərizəçi İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılan araşdırma zamanı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı, həmçinin əmlak üzərində mübahisə olduğu müəyyən edilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1157 nömrəli notariat hərəkətlərinin aparılmasından imtina qərarından görünür ki, mərhumun vərəsələri arasında mirasın bölünməsi ilə bağlı mübahisə olduğuna görə İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13291/2024 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1982ci il tarixli texniki pasportu X8 adına işlənilmişdir. Qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə göndərilmiş Gəncə şəhəri, Dəmir yolu, 9-cu döngə, 61 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 40-13 inventarizasiya nömrəli texniki pasportun surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı qrafasında X3 qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların mübahisələndirdiyi fərdi yaşayış evi atalarından miras qalmaqla X2 xx.xx.1983-cü ildə ölmüşdür. İddiaçılar iddia etmişdirlər ki, sözügedən ev onların ata mülkü olmuş, həmin evdə böyümüşlər. Ailə quranadək sözügedən evdə yaşamışdırlar. Bacıları, hazırki iş üzrə Cavabdeh2 ata mülkünü yiyələnməklə onları həmin evə yaxın qoymamışdır. Onlar da mərhum atalarının vərəsələri olduğundan payları müəyyən edilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının izahatını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mirasın açıldığı zaman 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İddiaçılar sözügedən evin atalarından onlara miras qaldığını və miras əmlakdan paylarının müəyyən edilməsini iddia etsələr də, mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşlər. İddiaçılardan İddiaçı1 ailə qurduğu vaxta kimi, eləcə də 2013-cü ildə boşanıb ata evinə qayıtdıqdan sonra 3 il həmin evdə yaşamasına dair göstərdiyi dəlillər mirasın faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi, iddiaçılar miras açıldığı vaxtdan 41 il sonra atalarından miras qalmış əmlaka paylarının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməklə bunun üçün müəyyən edilmiş müddəti ötürmüşdürlər. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar