Məhkəmə qərarları › İş №2(125)-305/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-305/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-305/2025 17.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi və Maraqlı şəxs2) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi və Maraqlı şəxs2) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən atası X6 mülkiyyətində olmuşdur. Ölüm haqqında şəhadətnamələrdən də görünür ki, atası X11 xx.xx.2011-ci il tarixdə, anası X7 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra birinci növbə vərəsəsi qismində miras əmlaka yəni, torpaq sahəsinə faktiki olaraq sahibliyi və idarəçiliyi o, etmişdir. Bu halı şahid ifadələri ilə də təsdiq olunur. Həmin torpaq sahəsini satmaq istədiyi üçün 2021-ci il tarixdə torpaq sahəsinin ilkin sənədləri əsasında atasının adına çıxarış da almışdır. Qanuna müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamə almaq üçün 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə rəsmi olaraq müraciət etsə də oradan ona mirasın qəbulu müddətini ötürdüyü və mirasın qəbul faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi barədə imtina məktubu verilmişdir. Hazırda da o, maddi vəziyyəti ilə əlaqədar olaraq həmin torpaq sahəsini satmaq istəyir, lakin vərəsəlik haqqında şəhadətnamə ala bilmədiyindən bu prosesləri edə bilmir. Atasından qalan əmlakı mülkiyyətinə keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, atası X3 miras qalmış əmlakdan könüllü olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan imtinat etdiyini, iddia tələbinə qarşı etirazı olmadığını bildirərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Səbuhinin atası Məmməd 2011-ci ildə vəfat etmişdir. Məmmədin ölümündən sonra onun Dəliməmmədli şəhərində yerləşən 0,6 ha torpaq sahəsinə oğlu Səbuhi gəlib getmiş, ora baxmış və idarə etmişdir. Bu gün də həmin torpaq sahəsi Səbuhinin istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Səbuhinin atası Məmməd 2011-ci ildə vəfat etmişdir. Məmmədin ölümündən sonra onun Dəliməmmədli şəhərində yerləşən 0,6 ha torpaq sahəsinə oğlu Səbuhi gəlib getmiş, ora baxmış və idarə etmişdir. Bu gün də həmin torpaq sahəsi Səbuhinin istifadəsindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İİİ-JQ seriyalı, 454101 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasında 31 may 1986-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 510 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Heydərov”, arvada “Əhmədova” soyadı verilmişdir. Xİİİ-JQ seriyalı, 309085 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1988-ci ildə doğulmuşdur. Atası: X11, anası: X2r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0,06 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. AZ-İ seriyalı, 473988 nömrəli, 01 iyul 2011-ci il tarixli, Goranboy rayon İHB-nin Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 iyun 2011-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 iyul 2011-ci il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi miokard infarktı. AZ-İ seriyalı, 520214 nömrəli, 19 yanvar 2012-ci il tarixli, Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 16 yanvar 2012-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 yanvar 2012-ci il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi Qaraciyər çatışmazlığı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2024cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı: X7 (xx.xx.1952) (xx.xx.2012ci ildə vəfat edib), qızı: Maraqlı şəxs2 (xx.xx.1987), oğlu: Ərizəçi (xx.xx.1988) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 20 iyun 2022-ci il tarixli, 1474 nömrəli məktubunda ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüşdür, odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Goranboy rayon İHB-nin Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum atası X11 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X6 adına Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi mövcuddur. Hal-hazırda həmin torpaq sahəsi Ərizəçi istifadəsində və nəzarətindədir. Maraqlı şəxs2 notariat ofisinə ünvanlandığı 12 mart 2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2011-ci ildə vəfat etmiş atası – X3 miras qalmış əmlakdan ona çatası payı bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Məhkəmə, ərizəçinin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, X11 ilə X7 arasında 31 may 1986-cı il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından xx.xx.1987-ci il tarixdə Maraqlı şəxs2, xx.xx.1988-ci ildə isə Ərizəçi doğulmuşdur. X11 xx.xx.2011-ci ildə, arvadı X7 isə xx.xx.2012-ci ildə vəfat etmişdir. X6 ölümündən sonra Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakı mirasqoyanın ölümündən sonra oğlu Ərizəçi faktiki qəbul edərək mirası idarə etmişdir. Mirasqoyanın Ərizəçi və Maraqlı şəxs2 başqa vərəsəsi yoxdur. Maraqlı şəxs2 isə atasından qalmış miras əmlakı nə faktiki nə də notariat kontoruna müraciət edərək qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməmiş və miras əmlakdan pay almaq istəmir. Ərizəçi mərhum atasından miras əmlakı qəbul etməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, notariat ofisi mirasın qəbulu müddətini ötürdüyü üçün ərizəçinin müraciətini təmin etməmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda ərizəçi mərhum atasından miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunan ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazları olmadığını bildirmişdir. Eyni zamanda digər maraqlı şəxs olan – mirasqoyanın birinci növbəli vərəsəsi Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq hazırkı ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X11 öldükdən sonra onun birinci növbə vərəsəsi kimi hazırkı iş üzrə ərizəçi olan oğlu – Ərizəçi miras qalmış Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, bu baxımdan ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmənin qənaətinə əsasən ərizə təmin edilməli, X1 miras qalmış Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət miras əmlakı Ərizəçi faktiki qəbul etməsi faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar