Məhkəmə qərarları › İş №2(125)-310/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-310/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-310/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngədə yerləşən 38 nömrəli evə onun və uşaqları -xx.xx.2015-ci il təvəllüdlü qızı X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması və evə köçürülmələri, həmçinin Cavabdeh1 ilə birgə nikah dövründə aldıqları "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında tikilən 192 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən 7 nömrəli mənzilinə onun və uşaqları xx.xx.2015-ci il təvəllüdlü qızı X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, mülki işin məhkəmədə baxılması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, yalnız cavabdehlərin istifadəsində olan Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngədə yerləşən 38 nömrəli yaşayış evinə onun və uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 istifadə hüquqlarının tanınmaqla evə köçürülmələrinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh1 onun keçmiş əri, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə Cavabdeh1 valideynləridir. O, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Səma və xx.xx.2019-cu il tarixdə Əsra adlı 2 uşaq anadan olmuşdur. Cavabdeh1 ilə nikaha daxil olarkən, ona məxsus cehiz əmlak Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngədə yerləşən 38 nömrəli yaşayış evinə yığılmışdır. Həmin fərdi yaşayış evi 2006-cı il tarixdə tikilmiş və gəlin köçərkən qeyd olunan ev tikili vəziyyətdə olmuşdur. O, Cavabdeh1lə ailə münasibətlərində olan ərəfədə həmin ünvanda yaşamış və uşaqlar da həmin evdə anadan olmuşdur. Qeyd olunan ünvana gəlin köçdükdən sonra orada hər hansı təmir, abadlaşma işləri aparılmamışdır. Hazırda cavabdehlər onu və azyaşlı övladlarının Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngədə yerləşən 38 nömrəli evdə yaşamaqlarına imkan vermirlər. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngədə yerləşən 38 nömrəli fərdi yaşayış evini digər cavabdeh olan Cavabdeh2 alsa da, həmin evlə bağlı hər hansı sənədləşmə işləri aparmamışdır. Həmin ev iddiaçı ora gəlin köçməmişdən uzun müddət əvvəl tikilmişdir. İddiaçının sözügedən evin mülkiyyətçisi ilə hər-hansı bir qohumluq əlaqəsi olmadığından həmin mülkə dair hər hansı bir iddia irəli sürməsi əsassızdır. Belə ki, İddiaçı uşaqları ilə birgə Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngədə yerləşən 38 nömrəli fərdi yaşayış evinə köçürülməsi mülkiyyətçinin mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Sonda Nümayəndə iddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və Cavabdeh1 nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 984667 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və İddiaçı nikahlarını xx.xx.2014-cü ildə Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində qeydə aldırmışlar. İşdə olan AZ-İİİ seriyalı 557199 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X5 xx.xx.2015-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı 225554 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X6 xx.xx.2019-cu ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh1, anası İddiaçıdır. İşdə olan Gəncə şəhəri Yaşıllaşdırma idarəsinin əkinə yararsız sahəsindən icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, yaşıllaşdırma idarəsinə aid sahədən 400 kv/m torpaq sahəsi 10 il müddətinə yəni 2007-ci ildən 2017-ci ilədək Cavabdeh2 icarəyə verilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 52 nömrəli aayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında istifadəsində olan 400 kv/m torpaq sahəsinin və 80 kv/m fərdi yaşayış evinin xx.xx.2024-cü ilədək Gəncə şəhəri, Nizami Bələdiyyəsinə əmlak və torpaq vergiləri üzrə borcu yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixi, 3-21-3-33/2- 10881/2023 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngə ünvanında yerləşən 38 nömrəli evin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri» publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı və Cavabdeh1 xx.xx.2014-cü ildə nikaha girmişlər, İddiaçı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü döngədə yerləşən 38 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Belə ki, sözügedən fərdi yaşayış evinin sənədləşmə işləri aparılmamış, icarə müqaviləsi əsasında torpaq sahəsi Cavabdeh2 istifadəsində olmuşdur. Bununla yanaşı iddiaçının özü də izahatında bildirmişdir ki, sözügedən evə gəlin köçən zaman ev tam hazır vəziyyətdə olmuş və gəlin köçdükdən sonra da evin təmir-tikintisinə və ya yenidən qurmasına dair hər hansı iş aparılmamışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə mübahisə predmeti hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və qanunvericilikdə özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur, həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməli, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci madddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmçinin bununla yanaşı məhkəmə, mənzilə köçürülmə üçün qeyd olunan evə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi məsələsi həll edilərkən, iddiaçının həmin evə mülkiyyət hüququ qeydə alındığı halda orada istifadə hüququnun yaranıb-yaranmayacağını araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin İddiaçı və Cavabdeh1 xx.xx.2014-cü ildə nikaha girməsindən sonra yaranmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladlarının öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi mülkiyyətçinin ailə üzvü dedikdə, mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, digər qohumlar dedikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan qardaş (bacı), baba (nənə), nəvə və ögey oğul (qız) başa düşülür. Gəlin və qaynananın isə bir-birini saxlamaq vəzifəsi qanunla nəzərdə tutulmadığından, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi gəlin-qaynana münasibətlərini özündə ehtiva etmir. Buna görə də gəlinin qaynanaya məxsus mənzilə Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə nəzərdə tutulan istifadə hüququ da yaranmır. Beləliklə, yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar