Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-314/2025 16.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) müqavilənin ləğv edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılıb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 istifadələrinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik “Yeni qəsəbə” 12 nömrəli binada yerləşən 2 nömrəli mənzilə dair 01 avqust 2017-ci il tarixli “12/2” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin əşyaları ilə birlikdə “12/2” nömrəli mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 01 avqust 2017-ci il tarixli “12/2” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh3 və Əliyeva X4 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 12 nömrəli binada 2 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh3, Cavabdeh2 və ailə üzvlərinin 2 nömrəli mənzildə yaşamadığı, mənzilin qeyri-qanuni olaraq Cavabdeh1 satıldığı və həmin şəxsin mənzildə qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mənzildə yaşamadıqları, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh1 yaşamasının qanunsuz olduğu bildirilmişdir (bu barədə bildiriş ünvanlanmışdır). Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, “Yeni qəsəbə” 12 nömrəli binada yerləşən 2 nömrəli, 2 otaqlı mənzildə yaşamadığı və mənzili kənar şəxsə qeyri-qanuni verdikləri müəyyən edildiyindən, onlarla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və mənzildən çıxarılmalıdılar. Cavabdeh1 da Gəncə şəhəri, “Yeni qəsəbə” 12 nömrəli binada yerləşən 2 nömrəli, 2 otaqlı mənzildə müqavilədən kənar qeyri-qanuni yolla yaşadığı üçün mənzildən çıxarılmalıdır. Məhkəmə gedişində X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onu da əlavə etdi ki, 2014-cü ildən sahə nəzarətçisi işləyir. Cavabdeh3 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onun və ailəsinin istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik “Yeni qəsəbə” 12 nömrəli binada yerləşən 2 nömrəli mənzili qeyri-qanuni şəkildə digər Cavabdeh1 12000 manat qarşılığında satmışdır. Əgər kirayəçi 3 aydan artıq müddətdə onun istifadəsinə verilmiş mənzildə yaşamırsa, kirayə müqaviləsi birmənalı qaydada ləğv olunur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında olan mənzilin alqı-satqısından xəbəri olmamış, ev satılandan sonra hadisədən məlumatlı olmuşdur. Həmçinin iddiaçı tərəfindən ona hər hansı bildiriş göndərilməmişdir. Hazırda Cavabdeh3 ilə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur, iki uşağı ilə birlikdə atasının istifadəsinə verilmiş üç otaqlı mənzildə ata-anası, qardaşı və onun uşaqları ilə yaşayır. Onlara əvvəlcə dövlət tərəfindən Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 600 ailəlik Yeni qəsəbədə küçə 18, ev 499 ünvanında yerləşən mənzil istifadələrinə verilmişdir. Həmin mənzildə 2 il yaşadıqdan sonra iş yerlərinə görə həmin evi X2 verilmiş Gəncə şəhəri, 1500 ailəlik “Yeni qəsəbə” 12 saylı binada yerləşən 2 nömrəli mənzillə dəyişdirmişlər. Lakin heç vaxt həmin mənzildə yaşamamış, birbaşa Göygöl rayonu, Dozular kəndinə mal-qara saxlamaq üçün köçmüşlər. Sözügedən mənzili cəmi bir dəfə - əvvəlki mənzillə dəyişdirilən zaman görmüşdür. Həmin mənzildə yaşamamasının tək səbəbi keçmiş həyat yoldaşı Cavabdeh3 olmuşdur. Dəfələrlə iddiaçıya həmin mənzildə yaşamasına şərait yaradılması üçün müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh3 2017-ci ildə 12000 manat qarşılığında Gəncə şəhəri, 1500 ailəlik “Yeni qəsəbə” 12 nömrəli binada yerləşən 2 nömrəli mənzili ona satmışdır. Pulu Seymura vermiş, dəqiq məbləğini xatırlamasa da, 2000 manata yaxın qalıq məbləğini də Loğmana vermişdir. Mənzili ona təhvil verən Seymur olmuşdur. Cavabdeh3 sonradan tanımışdır. Mənzilə köçən zaman həmin mənzildə Seymurun əşyaları olmuşdur. Belə ki, mənzil əvvəl Seymurun adına olmuş, Seymur mənzilini Loğmanla dəyişdirmişdir. Məcburi köçkün olmasına və dəfələrlə müraciət etməsinə baxmayaraq dövlət tərəfindən ona mənzil verilməmişdir. 2017-ci ilə qədər Gəncə şəhərində “Qocalar evi” deyilən yerdə məskunlaşmışlar. Buna görə də məcburən ailəsi ilə birlikdə sözügedən evə köçmüşlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, sözügedən evdə heç vaxt yaşamamışdır. Ehtiramla tikintidə işləyən vaxt tanış olmuşdur. O, kənddə yaşadığı üçün onun istifadəsinə verilmiş mənzili 8 il bundan qabaq 12000 manat pul qarşılığıda Ehtirama satmışdır. Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onlaın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2017-ci il tarixli, 12/2 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi Gəncə şəhəri, Yeni qəsəbədə 12 nömrəli binanın 02 nömrəli mənzildə yerləşən, mənzil fonduna aid 2 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi Cavabdeh3 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə kirayəçinin ailə üzvləri – arvadı Cavabdeh2, oğlu X9 və qızı X8 göstərilmişdir. İş materiallarında olan, Gəncə Şəhəri Mənzil Kommunal İstismar Sahəsinin Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, 366 və 377 nömrəli məktublarından (həmin məktubların göndərilməsi barədə müvafiq poçt göndərişləri işə əlavə edilmişdir) görünür ki, Cavabdeh3 müqavilə əsasında ona verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə bina 12, mənzil 2-ni qanunsuz olaraq Cavabdeh1 verdiyi bildirilmiş, 10 gün müddətində qeyd edilən mənzildə yaşayışını bərpa etməsi xahiş edilmiş, əks halda müqavilənin ləğv edilməsi üçün məhkəməyə veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoruna Mənzil İstismar Departamentinin Gəncə-Göygöl MKİS-nin rəisi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 381 nömrəli məktubunda qeyd edilmişdir ki, mənzillərin yoxlanılması zamanı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə bina 12, mənzil 2-nin müqavilə əsasında Kəlbəcər rayon sakini Cavabdeh3 verildiyi, Cavabdeh3 qanunsuz olaraq qeyd edilən mənzili 2017-ci il tarixdə Kəlbəcər rayon sakini Cavabdeh1 verdiyi, hazırda həmin mənzildə Cavabdeh1 yaşadığı müəyyən edilmiş, Cavabdeh3 yaşayışını bərpa etməsi üçün dəfələrlə rəsmi xəbərdarlıqların edildiyi, əks halda müqavilənin ləğv edilməsi üçün məhkəməyə veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin Gəncə MKİS-nin rəisinə ünvanlanmış izahatında bildirmişdir ki, 2017-ci il tarixində Kəlbəcər rayonunun məcburi köçkünü olduğu üçün Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə bina 12, mənzil 2 müqavilə əsasında ona verilmişdir. O təsərrüfatla məşğul olduğu üçün Göygöl rayonunun Dozular kəndində tanışının evində yaşamış və mal-qara saxlamışdır. Ailə üzvləri də onunla birlikdə Dozular kəndində yaşayırdılar. Ona görə də bina 12, mənzil 2-də yaşamamışlar. Tanıdığı Kəlbəcər rayon sakini Bayramov X3 qəsəbəsində pis şəraitdə yaşadığına görə hər ikisinin dostu Seymurun vasitəsi ilə qeyd edilən mənzili Ehtirama vermiş və bildirmişdir ki, onlara mənzil ehtiyac deyil, gedib müqaviləni öz adına dəyişsinş 2017-ci ildən həmin mənzildə bildiyinə görə Ehtiram yaşayır. Müqavilənin Ehtiramın adına olubolmaması barədə məlumatı yoxdur. Bu gün də həmin mənzilə ehtiyacları yoxdur. Ona görə də mənzili Ehtirama verir. İş materiallarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin Gəncə MKİS-nin rəisinə ünvanlanmış izahatında bildirmişdir ki, 2014-cü ildə Gəncə şəhəri, 600 ailəlik Yeni qəsəbə küçə 18, ev 499 müqavilə əsasında onların ailəsinə verilmişdir. Müqavilə həyat yoldaşı Cavabdeh3 ilə bağlanmışdır. Onların rəsmi nikahı vardır. Ailəlikcə onlar 2014-cü il tarixdən 2017-ci il tarixədək qeyd edilən evdə yaşamışlar. 2017-ci il tarixdə həyat yoldaşı Cavabdeh3 “Dövlət Qaçqınkomun” razılığı ilə yaşadıqları 499 nömrəli evi Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə bina 12, mənzil 2 ilə qarşılıqlı dəyişmiş və bu barədə müqavilə bağlanmışdır. Ancaq onlar yeni mənzilə, yəni bina 2, mənzil 2-yə köçməmişlər. Həyat yoldaşının təkidi ilə Göygöl rayonunun Dozular kəndinə köçmüşlər. Həmin vaxtdan, yəni 2017-ci il tarixdən indiyədək Dozular kəndində yaşayırlar. Onların ailəsinə müqavilə əsasında verilmiş bina 12, mənzil 2-yə onlar köçməmişlər. Ümumiyyətlə orada yaşamamışlar. Bildiyinə görə 2 nömrəli mənzili həyat yoldaşı Loğman kənar şəxsə satmışdır. Hazırda həmin mənzildə kənar şəxslər yaşayır, onları tanımır. Yaşayışlarının qeyd edilən mənzildə bərpa edilməsi üçün dəfələrlə həyat yoldaşı Loğmana bildirsə də, müsbət nəticə olmamışdır. İş materiallarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin Gəncə MKİS-nin rəisinə ünvanlanmış izahatında bildirmişdir ki, Kəlbəcər rayonundan köçdükdən sonra Gəncə şəhərində müvəqqəti qeydiyyatdadır. Gəncə şəhəri Gülüstan qəsəbəsində “Qocalar evi” deyilən yataqxanada yaşamışdır. Ailəlidir, iki uşağı var. Yaşayış şəraiti çox ağır olduğu üçün və dövlət tərəfindən evlə təmin edilmədiyi üçün 2017-ci il tarixində Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə bina 12, mənzil 2-də (2 otaq) yaşayan Seymur adlı şəxslə aralarında olan razılığa görə yəni 12000 manat pul müqabilində qeyd edilən mənzilə köçmüşdür və həmin vaxtdan indiyədək orada yaşayırlar. Həmin mənzilə köçdükdən sonra bilmişdir ki, mənzil Seymurun yox, Loğman adlı şəxsin adınadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, dövlət proqramına uyğun olaraq bağlanmış kirayə müqaviləsi əsasında Cavabdeh3 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə 12 saylı binada yerləşən 2 nömrəli 2 otaqlı mənzil ilə təmin etmişdir. Kirayəçi onun ailə üzvləri olan keçmiş həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə həmin mənzildə yaşamamışdır. Kirayəçi Cavabdeh3 və onun ailə üzvü olan keçmiş həyat yoldaşı Cavabdeh2 8 ildir ki, müqavilə bağlanmasına baxmayaraq həmin mənzildə yaşamamışlar. Uzun müddət orada yaşamayan kirayəçi Cavabdeh3 mənzili iddiaçıya təhvil verməli olmasına baxmayaraq, mənzili qeyri-qanuni olaraq digər Cavabdeh1 vermişdir. Hazırda həmin mənzildə Cavabdeh1 yaşayır. İddiaçı kirayə müqaviləsinin ləğv edilməsini, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin, adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Məcəllənin 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirili və ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaq, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otaq verilir. Həmin Qaydanın “Məcburi köçkünlərə müvəqqəti yaşayış sahələrinin verilməsi” adlanan 2.11.2-ci bəndinə görə məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Həmin qaydanın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov sovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Həmçinin, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə məcburi köçkün Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “12/2” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.7.2-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.4.1 və 5.4.5-ci bəndlərinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr sinə yetirilmədikdə və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Qanunvericiliyin qeyd olunan normalarının, habelə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “12/2” nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin şərtlərindən göründüyü kimi kirayəçinin və ailə üzvlərinin müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamaması müqavilənin ləğv edilməsi üçün əsasdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, mənzilin kirayəçisi və onun ailə üzvü olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatlarında özləri göstərirlər ki, həmin mənzildə ümumiyyətlə yaşamamışlar və mənzili digər Cavabdeh1 istifadəsinə vermişlər. Həmçinin, həmin mənzildə yaşamamaları halının üzrlü səbəblərlə əlaqədar olmasını təsdiq edən sübutlarını da həmin cavabdehlər məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti isə Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin, verilməsi» Qaydasının 3.7-ci bəndinə, habelə iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin 5.7-ci bəndinə əsasən Cavabdeh3 sözügedən «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin ləğvinə dair bildirişlər ünvanlamışdır. Həmçinin, mülki işin məhkəmə tədqiqi zamanı digər Cavabdeh1 sözügedən mənzildə hər hansı qanuni əsaslar olmadan yaşamağa davam etdiyi müəyyən edilmişdir. Cavabdeh1 sözügedən mənzili digər Cavabdeh3 və üçüncü şəxs S.İbrahimovun ona satdığını iddia edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mənzili kirayəçinin nəinki satmaq, hər hansı digər şəxsin istifadəsinə və ya sahibliyinə vermək hüququ olmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını həm də Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli mənzilin mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Hazrıkı işdə mübahisəli mənzilin iddiaçının balansında olduğu işin mübahisəsiz halıdır. Eyni zamanda iddianın təmin olunması üçün mübahisəli mənzilin cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut etmək yükü iddiaçının üzərindədir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil cavabdehlərin qanunsuz sahibliyindədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, məcburi köçkün Cavabdeh3 tərəfindən qanunvericiliyin tələbləri və müqavilə şərtləri pozulduğundan, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinə aid olan mübahisəli mənzillə bağlı digər Cavabdeh1 ilə hər hansı kirayə müqaviləsi bağlanılmadığından, cavabdehlərin evə daha çox ehtiyacı olan məcburi köçkün olması müəyyən edilmədiyindən və beləliklə də mübahisəli mənzil cavabdehlərin qanunsuz sahibliyində olduğundan iddia təmin edilməli, Cavabdeh3 ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “12/2” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Gəncə şəhəri, 1500 ailəlik “Yeni qəsəbə” 12 nömrəli binada yerləşən 2 nömrəli 2 otaqlı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 01 avqust 2017-ci il tarixli, “12/2” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, 1500 ailəlik “Yeni qəsəbə” 12 nömrəli binada yerləşən 2 nömrəli 2 otaqlı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-314/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-314/2025
16.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver