Məhkəmə qərarları › İş №2(125)-3162/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3162/2025

06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3162/2025 06.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi “miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs2 və Gəncə şəhəri 1 saylı notariat ofisini maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış M-20 “Pobeda” markalı, 66- 69AQŞ nömrə nişanlı avtomobilə görə bütünlüklə mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, atası mərhum X11 02 dekabr 2020-ci ildə, anası X5 19 iyun 2016-cı ildə Gəncə şəhərində vəfat etmişlər. Onların birgə nikahından ondan başqa 3 övladı anadan olmuşdur. 1. X8 (xx.xx.1959-cu il), 2. X6 (xx.xx.1961-ci il) və 3. Maraqlı şəxs2 (xx.xx.1961-ci il). Mərhum qardaşı Quliyev Ruhin xx.xx.1959-cu ildə, Ruhani Fizuli oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir. Atası vəfat edəndə onun mülkiyyətində M-20 “Pobeda” markalı, 66-69AQŞ nömrə nişanlı avtomobil olmuşdur. Atası və anası vəfat edən günədək onunla birlikdə yaşamışlar. Atası vəfat edəndə avtomobili miras kimi o qəbul etmiş, miras əmlak onun sahibliyində və istifadəsində olmuşdur. Hazırda mirası faktiki qəbul edən yeganə vərəsə kimi avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gəncə şəhəri 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin notarius mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi səbəbilə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edir. Beləliklə, o, hüquqlarından istifadə edə bilmir. Halbuki o, atası vəfat edəndən sonra avtomobilə sahiblik edib, ondan istifadə edərək onun saxlanması və təmiri üçün bütün zəruri işləri görmüşdür. Avtomobilə dair ona tam həcmdə miras payının verilməsinə bacısı Maraqlı şəxs2 da etiraz etmir. Onun miras əmlakı faktiki qəbul edərək idarə etdiyini şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, atası X11 2020-ci ildə vəfat edəndə onun mülkiyyətində M-20 “Pobeda” markalı, 66-69AQŞ nömrə nişanlı avtomobil olmuşdur. Həmin avtomobili utilizasiya olunması üçün vermək istəsə də, avtomobil mərhum atasının mülkiyyətində qaldığından bunu edə bilməmişdir. O, atası vəfat edəndən sonra avtomobilə sahiblik edib, ondan istifadə edərək onun saxlanması və təmiri üçün bütün zəruri işləri görmüşdür. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirdi ki, ərizəçinin bacısıdır. 2020-ci ildə ölmüş atası X11 tərəfindən miras qalmış M-20 “Pobeda” markalı, 66-69AQŞ nömrə nişanlı avtomobil qardaşı Ərizəçi tərəfindən faktiki qəbul edilibdir. Atası öləndən hazırkı vaxtadək avtomobil ərizəçinin faktiki sahibliyindədir. Miras əmlaka dair hər hansı tələbi yoxdur. İş üzrə digər maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-Q-1414/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1961-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1962-ci il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 84 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1 atası X11, anası X3r. xx.xx.2023-cü ildə vəfat emtiş X1 ölümü xx.xx.2023-cü il tarixdə 122 saylı akt qeydi ilə 1 saylı Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixdə 468 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-T seriyalı, 196127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X11, anası X3r. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 724062 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə Gəncə şəhərində “qara ciyərin CRİ” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 91 nömrəli akt qeydi aparılmışdır. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 110851 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə Gəncə şəhərində “durğunluq, ürək çatmamazlığı” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 881 nömrəli akt qeydi aparılmışdır. 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 337082 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə Gəncə şəhərində “qida borusunun boyun hissəsinin bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 122 nömrəli akt qeydi aparılmışdır. Gəncə şəhəri 1 saylı notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtinaya dair 23 aprel 2025-ci il tarixli, 575 nömrəli qərarından görünür ki, xüsusi notarius Elnur Məhərrəmov Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsilə əlaqədar təqdim etdiyi sənədləri nəzərdən keçirib Azərbaycan Respublikası Notariat Haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Həmin imtina qərarına əsasən Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum atası X7 vəfatından sonra adma miras qalmış nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin mərhum X7 vərəsələrinin dairəsini tam müəyyənləşdirmək və vərəsələrinin münasibətini öyrənmək eləcədə miras əmlakın hüquqmüəyyənedici sənədini aşkar etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş 3-13-16-3/2-4321/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X7 adına “M-20” markalı, 66- 69 AГЩ dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 470807, avtomobil xx.xx.1979-cu il tarixdə qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən avtomobilin xx.xx.1979-cu il tarixdə qeydiyyata alınmasına dair sənədlərin saxlama müddəti bitdiyindən yandırılma yolu ilə məhv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş 3- 13-16-3/2-Q-43xx/xx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, həqiqətən X9 məxsus “M-20” markalı, 66-69AГЩ dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 470807 olan avtomobilin üzərində heç bir həbs və qadağa yoxdur. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 13-1427/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, X11 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. Arvad – X5 (xx.xx.1938) (xx.xx.2016-cı ildə vəfat edib)

2. Uşaq – X8 (xx.xx.1959)

3. Uşaq – Maraqlı şəxs2 (xx.xx.1961)

4. Uşaq – X6 (xx.xx.1961) (xx.xx.2023-cü ildə vəfat edib)

5. Uşaq – Ərizəçi (xx.xx.1973) İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş 3-16-5/2-54934/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X7 ailə üzvləri haqqında məlumatın istənilməsi barədə müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 1937-ci il təvəllüdlü X11 ilə 1938-ci il təvəllüdlü X2 nikahının xx.xx.1959-cu ildə Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alındığı və bu nikahdan onların xx.xx.1959-cu il təvəllüdlü X8, xx.xx.1961-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1961-ci il təvəllüdlü X6 və xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi adlı övladlarının doğumu haqqında məlumat aşkar edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar F.Quliyevin valideynlərinin doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən bu barədə müvafiq məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 adına dövlət reyestrində xx.xx.1979-cu il tarixdə “M-20” markalı, 66-69 AГЩ dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 470807 olan avtomobil qeydiyyata alınmışdır. X11 xx.xx.2020-ci ildə “durğunluq, ürək çatmamazlığı” səbəbindən Gəncə şəhərində ölmüşdür. Ərizəçinin miras qoyanın oğlu, birinci növbə vərəsəsi olmaqla, mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X4 miras qalmış, “M-20” markalı, “66-69 AГЩ” dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 470807 olan avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. X4 miras qalmış, “M-20” markalı, “66-69 AГЩ” dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 470807 olan avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar