Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3178/2024 02.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 6, mənzil 18 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həyat yoldaşıdır. O cavabdeh ilə 1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahından 26 avqust 1998-ci il tarixində oğlu X3, 06 avqust 1999-cu il tarixində isə qızı X4 dünyaya gəlmişdir. Əvvəllər mehriban dolansalar da, sonradan şəxsi münasibətləri pozulmuşdur. Hazırda cavabdeh nikahlarının pozulması üçün məhkəməyə müraciət etmişdir. Ailə həyatı quran zaman cavabdehin və həmin vaxt evin mülkiyyətçisi olan anası X1 razılığı ilə hazırda yaşadıqları Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 6, mənzil 18 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür və hazırda da orada yaşayır. Cehiz əşyalarını da bu mənzilə gətirmişdir. Gəlin köçdüyü gündən uzun illər ərzində sözügedən evdə cavabdehlə birlikdə ailə üzvü kimi yaşamış, onunla ümumi təsərrüfat aparmışlar. Daha sonra cavabdeh evdən çıxıb getmiş və o, uşaqları ilə birlikdə sözügedən mənzildə yaşamağa daman etmişdir. Uşaqları da bu evdə qeydiyyatdadırlar. Bu yaxınlara kimi maneəsiz olaraq bu evdə yaşamışdır. Buna baxmayaraq, cavabdeh nikahları pozulandan sonra onu evdən çıxaracağı ilə hədələyir. Lakin onun yaşamağa başqa yaşayış yeri yoxdur. Uzun illərdən bəri bu mənzildə yaşamağına görə hesab edir ki, sözügedən evin yaşayış sahəsinə onun istifadə hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onu da əlavə etdi ki, 1997-ci ildə sözügedən mənzilə gəlin köçmüşdür, cehiz əşyalarını da bu mənzilə gətirmişdir. Cavabdeh uşaqları 8-ci sinifdə oxuyarkən ailəsini ataraq başqa qadınla faktiki münasibət qurmuşdur. Nikahları pozulandan bəri cavabdeh onu evdən çıxarmaqla hədələsə də, onun başqa gedəsi yeri yoxdur. Ev ailə quranda cavabdehin xalasının adına olsa da, o həmin evi cavabdehə bağışlayıb. Həmin evə heç vaxt qeydiyyata düşməmişdir. Cavabdeh dəfələrlə ona kompensasiya verməklə evdən çıxmasını təklif etsə də, onun bu təklifi ilə razılaşmır, tək istəyi mənzildən istifadə hüququnun tanınması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddiaçı 1997-ci ildə həmin mənzilə gəlin gəlmiş, onunla birlikdə yaşamışdır və iddiaçı hazırda da həmin mənzildə yaşayır. Mənzil xalasının adına olub, xalası onu uşaqlığa götürmüşdür, xalası mənzili anasına vermiş, anası isə ona bağışlamışdır. Mənzil 2010-cu ildən onun mülkiyyətindədir. 2011-ci ildən sözügedən mənzildən çıxıb getmişdir. Mənzili satıb əvəzində iddiaçıya 25000 manat kompensasiya vermək istəsə də, iddiaçı onun bu təklifi ilə razılaşmır. Halbuki, o iddiaçıya kompensasiya vermək şərti ilə mənzili satmaq, əvəzində yeni mənzil almaq istəyir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, nikahın bağlanması haqqında xx.xx.1997-ci il tarixli, 338668 nömrəli, Vİİ-ЖГ seriyalı şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 423 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Rəcəbov, arvada Bayramova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2010-cu il qeydiyyat tarixli, **********3 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 6, mənzil 18 ünvanında yerləşən, ümumi sahəsi 59,3 kv.m olan mənzil xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 4797/2023 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 6 ünvanında yerləşən 18 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1193 nömrəli sərəncamına əsasən X2 xx.xx.1992-ci il tarixli, 7693 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 4 saylı dövlət notariat kontorunun xx.xx.2010-cu il tarixli, 2V-1-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2010-cu il tarixli, **********94- 05101-093011 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Tərəflərin nikahı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin keçmiş arvadıdır. İddiaçı ilə cavabdeh 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və mübahisəli ünvan olan ünvan 2üşdür və orada hazırda da yaşayır. İddiaçı mübahisəli mənzilə köçən zaman həmin mənzil cavabdehin xalası X1 mülkiyyətində olmuşdur. İddiaçıya məxsus əşyalar gəlin köçəndən hal-hazıra kimi mübahisəli mənzildə qalmaqdadır. Cavabdeh ilə rəsmi nikahlarından 26 avqust 1998-ci il tarixində oğlu X3 və 06 avqust 1999-cu il tarixində isə qızı X4 adlı iki uşaqları doğulmuşdur. Onlar arasında nikah Gəncə Şəhər Məhkəməsinin 2(125)-1746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Mübahisəli ünvan olan ünvan 3t notariat kontorunun xx.xx.2010-cu il tarixli, 2V-1-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Yaranmış mübahisə səbəbindən iddiaçı cavabdeh tərəfindən mübahisəli mənzildən çıxarılması ilə hədələnir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evlərindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli mənzilə 1997-ci ildən köçdüyündən onunla cavabdeh arasında mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər; Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin normalarından göründüyü kimi icarədarın özünə məxsus yaşayış sahəsinə köçürdüyü ailə üzvləri evin yaşayış sahəsinə onunla bərabər istifadə hüquqları əldə edirlər. Müvafiq hüquq normalarının tələblərinə görə ailə üzvləri dedikdə, icarədarın arvadı (əri), onların uşaqları və valideynləri başa düşülsə də, icarədarla birlikdə yaşayıb, ümumi təsərrüfat aparan digər şəxslər də ailə üzvləri hesab edilə bilərdilər. Hazırkı iş üzrə iddiaçı cavabdehlə 1997-ci il tarixdə nikaha daxil olduqdan sonra cehiz əşyaları ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. İşin bu halı iş üzrə cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilmişdir. Belə ki, cavabdeh izahatında iddiaçının onunla nikaha daxil olduqdan sonra cehiz əşyalar ilə birlikdə mübahisəli mənzilə köçdüyünü, həmin vaxtdan onun ailə üzvü kimi mənzilin keçmiş mülkiyyətçisinin razılığı ilə orada yaşadığını, hazırda mənzildə yaşamağa davam etdiyini, habelə ona kompensasiya vermək istədiyini bildirməklə faktiki olaraq iddiaçının mübahisəli mənzilə istifadə hüququnun mövcudluğunu etiraf etmişdir. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilə onun əvvəlki mülkiyyətçisinin və hazırkı mülkiyyətçisinin - cavabdehin razılığı ilə köçərək həmin mənzildə birgə təsərrüfat apararaq digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 6, mənzil 18 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli evdə qeydiyyatsız yaşaması iddianı rədd etmək üçün əsas deyil. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi şəxsin müəyyən ünvanda qeydiyyatda olub-olmaması onun həmin ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququnun yaranıb-yaranmaması barədə hüquqi nəticəyə gəlmək üçün yeganə və həlledici əsas deyildir. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun yaranması onun həmin sahəyə hansı tarixdə və hansı əsasla köçərək yaşaması, mülkiyyətçi (icarədar) ilə ailə üzvü olub-olmaması, birgə təsərrüfat aparması, istifadə hüququ ilə bağlı mülkiyyətçi ilə aralarında müqavilənin olub-olmaması və sair hallardan asılı olaraq araşdırılıb qiymətləndirilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitut əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi mənzildən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı bu hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh tərəfindən onun mənzildən istifadəsinə konkret hansı maneənin yaradıldığını göstərməmişdir. Əksinə, işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı sözügedən mənzildə maneəsiz yaşamaqda davam edir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia əsasən əsaslı olduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən qiymətləndirilməyən iddia tələbinə görə ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 6, mənzil 18 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinin əvəzinə görə 100 (bir yüz) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3178/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3178/2024
02.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver