Məhkəmə qərarları › İş №2(125)-32/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-32/2025

13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-32/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən 0,1042 ha torpaq sahəsinin mütənasib şəkildə ayrılması, torpaq sərhədlərinin müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 3-cü döngə, ev 2A ünvanında yerləşən əmlak iddiaçının mərhum babası X2 miras qalmışdır. Belə ki, vərəsəlik hüququ əsasında ünvan 2 ünvanda yerləşən əmlakın 1/3 hissəsi iddiaçının, 1/3 hissəsi Cavabdeh2 və 1/3 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən əmlak 0,1042 ha torpaq sahəsindən və 110,7 kv/m fərdi yaşayış evindən ibarətdir. Belə ki, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, 3-cü döngə, ev 2A ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətçilər arasında ümumi razılıq əsasında bölünsə də, torpaq sahəsinin bölünməsi barədə razılıq əldə olunmamışdır. Bu isə onun hüququnu məhdudlaşdırır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 isə İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxt və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək iddianın təmin olunmasını, ünvan 1 ünvanında yerləşən 0,1042 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında paylarına mütənasib şəkildə naturda bölünməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh2 dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinsən **********0-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1042 ha olan torpaq sahəsinin və ümumi sahəsi 110,7 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh2 və 1/3 hissəsi Cavabdeh1 mülkiyyətindədir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 672/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən, paylı mülkiyyət hüququ üzrə 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/6 hissəsi İddiaçı payına uyğun olaraq faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünmüşdür. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-4/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış» əsasında Cavabdeh2, Cavabdeh1, X5 və İddiaçı ümumi paylı mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110,7 kvadratmetr olan torpaq sahəsindən Cavabdeh2 2/6 hissədə payı torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2021-ci il tarixli, 10/5332 nömrəli rəyinə əlavə olunmuş sxemə uyğun olaraq, yəni mübahisəli ünvanda yerləşən A və B literli tikilinin sahəsi və həmin tikililərin qarşısında yerləşən torpaq sahəsi ilə birlikdə Cavabdeh2 verilməklə və natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və Cavabdeh2 təhvil verilməsi,Cavabdeh2 payı naturada ayrılan zaman mübahisəli A tikilisindən B tikilisinə qədər və A tikilisindən dalanla əhatə olunan hasara qədər sərhəd hasarı yaradılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 6613/2023 nömrəli məktubundan görünür ki, Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngə ev 2 ünvanında yerləşən fərdi yaşayış evi notariusun xx.xx.1936-cı il tarixli. 14043 saylı tikinti müqaviləsi və Kirovabad şəhər, Stalin rayonu, 1-ci dairə Xalq Rayon Məhkəməsinin xx.xx.1955-ci il tarixli R-39 saylı qətnaməsinə əsasən X3 adına qeyd edilmişdir. Gəncə «ASAN xidmət» mərkəzi notariat kontorunun xx.xx.2015-ci il tarixli, 2V- 382 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, sözügedən fərdi yaşayış evi bütövlüklə Cavabdeh2 adına xx.xx.2016-cı tarixli, **********10- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1292/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2016-cı il tarixli, **********10-10301 reyestr nömrəli çıxarış etibarsız hesab edilərək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində X7 1/6 hissədə payı müəyyən edilmişdir. X11 adına xx.xx.2019-cu il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin, xx.xx.2019-cu il tarixli, 2(043)-2921/2019 saylı qətnaməsinə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh2 2/6 hissədə, Cavabdeh1 2/6 hissədə payları müəyyən edilmişdir. Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli, **********10- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin, xx.xx.2019-cu il tarixli, 2(043)-2992/2019 saylı qətnaməsinə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində X4 1/6 hissədə payı müəyyən edilmişdir. X8 adına xx.xx.2020-ci il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzi notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-777 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X1 gedən fərdi yaşayış evinin özünə məxsus 1/6 hissədə olan payını İddiaçı bağışlamışdır. Bu müqavilə əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli, qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin, xx.xx.2019-cu il tarixli, 2(043)- 21/2019 saylı qətnaməsinə əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində Mustafayev Əziz Şərif oğlunun 1/3 hissədə müəyyən edilmişdir. Bu qətnamə əsasında Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/99757 nömrəli rəyindən görünür ki, **********10-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0,1042 ha torpaq sahəsi üzərində mövcud olan tikililərin naturada yerləşmə vəziyyəti və torpaq sahəsinin ümumi konfiqurasiyasına əsasən, həmin torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun hər birinə 1/3 hissəsdə (0.0347 ha) texniki cəhətdən bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. **********31-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən torpaq sahəsi, **********10-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən 0,1042 ha həyətyanı torpaq sahəsinin daxilindən ayrıldığı müəyyən edilmişdir. **********31- 10301 reyestr nömrəli çıxarış və həmin çıxarışın texniki pasportundan göründüyü kimi 0.01736 ha torpaq sahəsinin sərhədləri müəyyən bilərək tamamlanmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/6137 nömrəli rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən **********10-10301 reyestr nömrəli 0,1042 hektar torpaq sahəsinin, mövcud olan tikililərin naturada yerləşmə vəziyyəti və torpaq sahəsinin ümumi konfiqurasiyasına əsasən, həmin torpaq sahəsinin, mülkiyyətçilərin paylarına uyğun şəkildə (1/3,1/3 və 1/3 hissədə) naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ünvan 9 ünvanında (Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, döngə 3, 2A ünvanında yerləşən **********10-10301 reyestr nömrəli 0,1042 ha torpaq sahəsindən ayrılmış, İddiaçı mülkiyyətində olan 0,1736 hektar torpaq sahəsi) yerləşən **********31-10301 reyestr nömrəli torpaq sahəsi və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-4/2022 nömrəli qətnaməsi nəzərə alınmaqla, ünvan 11 ünvanında yerləşən 202013006-10301 reyestr nömrəli 0,1042 hektar torpaq sahəsindən İddiaçı ayrılan 0,0173 hektar payın naturada ayrılması mümkündür. Lakin, faktiki bölünmüş vəziyyətdə İddiaçı ayrılan 0,0173 ha torpaq sahəsindən artıq olduğu müəyyən edilmişdir. İddiaçı ayrılan 0,0174 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyat nömrəsi olan xx.xx.2022-ci il tarixdə qeydiyatdan keçən Çıxarış verildiyini nəzərə alaraq, İddiaçı ayrılan 0,0174 hektar torpaq sahəsinə dair (döngə koordinatları və koordinantlara əsasən plan-sxem Azərbaycan Resublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib oluna bilər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1042 ha olan torpaq sahəsinin və ümumi sahəsi 110,7 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh2 və 1/3 hissəsi Cavabdeh1 mülkiyyətindədir. İddiaçı məhkəməyə müraciət edərək sözügedən əmlakın naturada bölünməsini məhkəmədən xahiş etmiş, Cavabdeh2 Şərəf oğlu isə iddianı qəbul edərək paylı mükiyyətdə olan əmlakın naturada bölünməsinə etirazı olmadığını bildirmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin olunmuş, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/99757 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6137 nömrəli rəyləri ilə **********10-10301 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, X12 küçəsi, 3cü döngə ev 2 ünvanında yerləşən 0,1042 ha torpaq sahəsi üzərində mövcud olan tikililərin naturada yerləşmə vəziyyəti və torpaq sahəsinin ümumi konfiqurasiyasına əsasən, həmin torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun hər birinə 1/3 hissəsdə (0.0347 ha) texniki cəhətdən bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1. maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Plenumunun Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Məhkəmə hesab edir ki, əmlakın naturada bölgüsünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/99757 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6137 nömrəli rəylərinə əsasən mümkün olmadığından məhkəmə prosessual qənaət prinsipinə uyğun olaraq bu halın təkrar araşdırılması zərurətinin olmadığı qənaətinə gəlmişdir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/99757 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6137 nömrəli rəylərinə əsasən Gəncə şəhəri, X12 küçəsi, 3-cü döngə ev 2 ünvanında yerləşən 0,1042 ha torpaq sahəsi üzərində mövcud olan tikililərin naturada yerləşmə vəziyyəti və torpaq sahəsinin ümumi konfiqurasiyasına əsasən, həmin torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun hər birinə 1/3 hissəsdə (0.0347 ha) texniki cəhətdən bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilmədiyinə görə İddiaçı məhkəmə ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində cəmi 200 manat məbləğində pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində cəmi 200 (iki yüz) manat pul pul vəsaiti tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar