Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3200/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər X2 və Cavabdeh2 Fəhrad qızının iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2 Fəhrad qızına, Cavabdeh3, Cavabdeh4 Vadadil oğlu və Cavabdeh5 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X4, Cavabdeh2 Fəhrad qızına, Cavabdeh3, Cavabdeh4 Vadadil oğlu və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (mübahisəli ev) dair iddiaçının mülkiyyət hüququ xx.xx.1987-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: 7172) bu barədə müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil hazırda tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, həmin ev Gəncə Şəhər Kəpəz Rayon İcraiyyə Komitəsinin XDS-nin xx.xx.1987-ci il tarixli, 16 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən indiyədək ailəsi ilə birlikdə həmin evdə yaşayır, cavabdeh X7 iddiaçının qardaşıdır. O, 1992-ci ildə daimi yaşamaq üçün ailəsi ilə birlikdə Gəncə şəhəri, Sevinc Qəsəbəsi, 12-ci küçədə inşa edilmiş ünvana köçmüş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdehlər formal olaraq həmin ünvanda olan fərdi yaşayış evində qeydiyyatdadırlar, lakin onlar 30 ildən artıqdır ki, həmin ünvanda yaşamırlar. İddiaçı dəfələrlə onlara evindən qeydiyyatdan çıxmalarını bildirsə də, onlar qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin formal olaraq iddiaçının evində qeydiyyatda olmaları iddiaçının hüquqlarını pozur. Belə ki, onlara görə əlavə kommunal xərcləri ödəyir. Onların mübahisəli fərdi yaşayış evində yaşamadıqlarını qonşuları da təsdiq edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi və izahatında qeyd etdi ki, digər cavabdehlər də onun ailə üzvləridir, o və ailə üzvləri 30 ildir ki, sözügedən fərdi yaşayış evində yaşamırlar, başqa yaşayış evi inşa etdirib orada yaşayırlar, həmin evə isə qeydiyyata götürülmürlər. Qeydiyyata düşmək üçün başqa yerləri yoxdur, ona görə də müvəqqəti olaraq sözügedən yaşayış sahəsində qeydiyyatda qalmaq istəyirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Fəhrad qızı məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi və bildirdi ki, 30 ildir ki, adıçəkilən fərdi yaşayış evində yaşamırlar, evləri var, ancaq xərci çox olduğundan adlarına rəsmiləşdirməyiblər, müvəqqəti olaraq həmin yaşayış sahəsində qeydiyyatda qalmaq istəyir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehlərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Gəncə Şəhəri, Polis idarəsi, Kəpəz Rayon Polis Şöbəsi tərəfindən iddiaçıya verilmiş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X1 Vidadil Camal oğlu, Cavabdeh2 Fəhrad qızı, Cavabdeh3, X5, Cavabdeh4 Vadadil oğlu və Cavabdeh5 mübahisəli fərdi yaşayış sahəsində qeydiyyatdadır. Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 900 nömrəli arayışa əsasən cavabdehlər mübahisəli evdə yaşamırlar. ünvan 3 ünvanında qeydiyyatda olan X9 tərəfindən ünvan 4sinə verilmiş, xx.xx.2023cü il tarixli, **********223 nömrəli ərizədə bildirilir ki, X9 uzun illərdən bəri iddiaçı ilə qonşuluqda yaşayır və təsdiq edir ki, cavabdehlər 30 ildən artıqdır ki, yuxarıda qeyd edilən ünvanda yaşamır, təsərrüfat işlərini idarə etmirlər. ünvan 5 ünvanında qeydiyyatda olan X10 tərəfindən ünvan 4sinə verilmiş, xx.xx.2023-cü il tarixli, **********224 nömrəli ərizədə bildirilir ki, X10 uzun illərdən bəri iddiaçı ilə qonşuluqda yaşayır və təsdiq edir ki, cavabdehlər 30 ildən artıqdır ki, yuxarıda qeyd edilən ünvanda yaşamır, təsərrüfat işlərini idarə etmirlər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil xx.xx.1987-ci ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında araşdırılmış sübutlardan, tərəflərin izahatından məlum olur ki, cavabdeh X7 iddiaçının qardaşıdır və digər cavabdehlər sonuncunun ailə üzvləridir. Cavabdehlər X7, Cavabdeh2 Fəhrad qızı, Cavabdeh3 və Cavabdeh4 Vadadil oğlu həmin evdə yaşamış və qeydiyyata alınmışlar. Həmin cavabdehlər 30 ildən artıqdır ki, mübahisəli evdən köçmüş, özlərinə başqa yaşayış sahəsi seçmişlər. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdehlərin istifadə hüquqlarının yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, cavabdehlər X7, Cavabdeh2 Fəhrad qızı, Cavabdeh3 və Cavabdeh4 Vadadil oğlu 30 il bundan əvvələdək mübahisəli evdə yaşadıqlarından onların istifadə hüquqları yaranmışdır. Lakin Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, cavabdehlər X7, Cavabdeh2 Fəhrad qızı, Cavabdeh3 və Cavabdeh4 Vadadil oğlu 30 ildən artıqdır ki, mübahisəli evdə yaşamırlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə cavabdehlər X7, Cavabdeh2 Fəhrad qızı, Cavabdeh3 və Cavabdeh4 Vadadil oğlunun mübahisəli evdə yaşamama səbəblərini araşdıraraq hesab edir ki, onların uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları daimi olaraq başqa yaşayış sahəsinə köçməsi ilə bağlı olmuşdur. Həmçinin, həmin evə qeydiyyata alınmış digər Cavabdeh5 isə azyaşlı olmaqla Cavabdeh4 qızıdır və onunla birlikdə yaşayır. Cavabdehlər mübahisəli evdə qeydiyyatda olsalar da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini daimi olaraq kəsmişlər. Cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları isə hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Digər cavabdeh M.Rüstəmov isə izahatında uzun müddət mübahisəli mənzildə yaşamadığını, başqa yaşayış yerinin olduğunu bildirmişdir. Beləliklə, cavabdehlərin sözügedən mənzildə uzun müddət yaşamamaları, o cümlədən həmin yaşayış sahəsindən köçərək özlərinə başqa yaşayış yeri seçmələri iddiaçının nümayəndəsinin, cavabdehlər X7 və Cavabdeh2 Fəhrad qızının izahatları ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində onlar, mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişlər. Cavabdehlər yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışlar və cavabdehlərin iddiaçıya məxsus mənzildə formal istifadə hüquqlarının saxlanılması iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli evdə yaşamamaqla evlə bağlı bütün əlaqələrini daimi olaraq kəsmələri onların istifadə hüquqlarının qanunla müəyyən edilmiş müddətdən, yəni 6 aydan artıq saxlanılmasına yol vermir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin həmin evə dair istifadə hüquqları itirilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2, Cavabdeh2 Fəhrad qızının, Cavabdeh3, Cavabdeh4 Vadadil oğlu və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3200/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3200/2023
31.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver