Məhkəmə qərarları › İş №2(125)-3238/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3238/2024

21.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3238/2024 21.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin paylara mütənasib bölünməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin paylı mülkiyyətində olan Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib qaydada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-3705/2021 nömrəli qətnaməsi əsasında Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evinin 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə Cavabdeh mülkiyyəti hesab olunmuşdur. Bununla bağlı həmin şəxslərə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İddiaçı sözügedən ünvanın naturada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırsa da Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-460/2023 nömrəli qətnaməsi əsasında iddia təmin edilməmişdir. Hazırda İddiaçı və Cavabdeh arasında Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evində olan payların qarşılıqlı əldə olunması barədə razılıq mövcud deyildir və hər hansı razılığın əldə edilməsi mümkün deyildir. Buna görə də ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin hərracda satılaraq, satışdan əldə olunan vəsaitin cavabdehlə aralarında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməlidir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-10301 reyestr nömrəli daşınmaz əmlaka dair çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 3/4 hisssəsinə İddiaçı və 1/4 hissəsinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-460/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı və onun qanuni nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «evin naturada bölünərək payların ayrılması» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evinin Cavabdeh məxsus 1/4 hissəsinin özünə satılmasına və ya özünə məxsus 3/4 hisssəsin Cavabdeh satılmasına dair Cavabdeh təklif irəli sürmüşdür. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evinin 3/4 hisssəsinə İddiaçı və 1/4 hissəsinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin hər birinin mübahisəli fərdi yaşayış evindən istifadə hüququ vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmir. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin naturada bölünməsində də razılıq əldə edilməmişdir. Bundan başqa Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-460/2023 nömrəli qətnaməsinə görə mübahisəli mənzilin mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün deyildir. Həmçinin iddiaçının kompensasiya ödəmək şərti ilə mənzilə mülkiyyət hüququna xitam verilməsi tələbi də cavabdeh tərəfdən qəbul olunmamışdır. Buna görə də tərəflərin bir-birilərinə paylara mütənasib şəkildə kompensasiya vermələri də mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, mübahisəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə olunan pul ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi, onlar paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişlər. Eyni zamanda paylı mülkiyyətin mülkiyyətçilər arasında bölünməsinə də razılıq əldə edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-460/2023 nömrəli qətnaməsinə görə mübahisəli evin, mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması mümkün olmamışdır. Tərəflərin ümumi mülkiyyətində olan Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evinin 3/4 hisssəsinə İddiaçı və 1/4 hissəsinə Cavabdeh payları mövcuddur. Buna görə də məhkəmə mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılmasını və əldə olunan vəsaitin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsini, yəni həmin vəsaitin 3/4 hisssəsinin İddiaçı və 1/4 hissəsinin Cavabdeh verilməsini qanuni və əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə olunan vəsait ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı (3/4 hissədə pay) və Cavabdeh (1/4 hissədə pay) arasında onların paylarına mütənasib qaydada bölüşdürülsün. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar