Məhkəmə qərarları › İş №2(125)-3314/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3314/2024

25.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3314/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh və digər cavabdehin qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halı bundan ibarətdir ki, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evi (bundan sonra –mübahisəli ev) xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsiylə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları və onlara məxsus əşyaların evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin evə dair xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Hazırki iş üzrə cavabdehlər X3 mərhum qardaşı X6 qeyri-rəsmi həyat yoldaşı, X5 isə onun uşağıdır və onların həmin müddətdə yaşamağa evləri olmadığı üçün, təxminən 2020-ci ilin sentyabr ayında mərhum qardaşının xahiş ilə müvvəqəti olaraq, 1 il müddətində cavabdehlərin ona məxsus evdə yaşamaqlarına razı olmuşdur. Lakin sonradan hazırki iş üzrə cavabdehlər onun mülkiyyətində olan evə buraxmayaraq, ona məxsus evdən çıxmamışlar. Cavabdehlər evdən çıxmamaqlarına səbəb kimi isə onların həmin evdən payı olduğunu bildirmişlər. Mərhum qardaşı Vahid Fərzəliyev öz sağlığında notarial qaydada ərizə verərək öz payından onun xeyrinə imtina etmişdir. Belə olan təqdirdə hesab edir ki, cavabdehlərin ona məxsus evdən heç bir payı və hüquqları yoxdur. Həmçinin cavabdehlər onun ailə üzvü deyildir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddianı qəbul etməyərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə mübahisəli evə xx.xx.2015-ci il tarixdə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh tərəf mübahisəli yaşayış sahəsinə hüququnun yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin həmin evə hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, on dörd yaşına çatmamış X1 yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdeh tərəfin hər hansı hüququnun olmamasına baxmayaraq, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 43 nömrəli fərdi yaşayış evində cavabdehlərin qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan evdən əşyalarıyla birgə çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X5 İddiaçı məxsus Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar və həmin ev İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar