Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3328/2024 26.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə 6 saylı binanın 48 nömrəli mənzilinə dair 28 mart 2014-cü il tarixli 6/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə 6/48 nömrəli mənzildən çıxarılmaqla, 6/48 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 28 mart 2014-cü il tarixli “6/48” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 6 saylı binada 48 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamadıqları məlum olmuş və mənzilin kənar şəxs X1 verildiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığını əsas gətirib mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək ona mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsə də nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməli, onlarla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlərin həmin mənzildə təyinatı üzrə yaşamadıqları və mənzili başqa şəxlərə kirayəyə vermələri ilə bağlı həmin mənzildə olmuşlar və bu barədə akt tərtib edilmişdir. Cavabdeh yalnız keçən məhkəmə prosesindən sonra gedib həmin evdə yaşamağa başlamışdır. Buna görə evin cavabdehlərdən alınaraq ehtiyacı olan qazilərə yaxud məcburi köçkünlərə verilməsi zəruridir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1 ay olar ki, təqribi may ayından etibarən həmin evdə özü yaşayır. Həmin vaxta kimi isə dayısı oğlu yaşamış, axşam vaxtları özü gedib yatmışdır. Yoldaşı hazırki iş üzrə digər Cavabdeh2 isə qohumugildə yaşamışdır. Ev boş olduğuna görə qohumuna demişdir ki, evdə qalsın. Kirayəyə verməmişdir. İcazə ilə evdə yaşamışdır. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2014-cü il tarixli 6/48 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri Yeni qəsəbə bina 6-da yerləşən 48 nömrəli 2 otaqlı mənzil Cavabdeh1 və onun ailə üzvləri həyat yoldaşı Cavabdeh2, oğlu X11 müvəqqəti istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə-Göygöl MKİS-nin rəisi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna verilmiş xx.xx.2024-cü il tarixli, 250 nömrəli xidməti məlumatdan görünür ki, xidməti ərazidə mənzillər yoxlanılarkən Cavabdeh1 müqavilə əsasında verilmiş 1500 ailəlik Yeni Qəsəbə, bina 6, mənzil 48-i müqavilənin şərtlərini pozaraq yaşamaq üçün X4 verdiyi, Cavabdeh1 əvvəllər də müqavilənin şərtlərini pozaraq qeyd edilən mənzili X8 hər ay 200 manata kirayəyə verdiyi aşkar olunmuş və Cavabdeh1 mənzildə yaşayışın təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, bina 6, mənzil 48 ünvanına baxış keçirilmiş, baxış zamanı aşkar olunmuşdur ki, həmin mənzildə kirayə müqaviləsi olmadan X6 yaşayır. Sorğu zamanı Azər həmin mənzildə 8 ay olar ki, yaşadığını bildirmişdir. Komitənin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, bina 6, mənzil 48 ünvanına baxış keçirilərkən qeyd edilən mənzildə Kəlbəcər rayon sakini X7 yaşadığı aşkar edilmiş, sorğu zamanı Elnurə Bayramova hər ay 200 manat ödəməklə 2 ildən çoxdur ki, kirayəçi kimi yaşadığını bildirmiş, Elnurə Bayramovaya mənzildən çıxarılması barədə xəbərdarlıq edilmişdir. X6 tərəfindən Gəncə şəhər MKİS-yə yazdığı xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, sonuncu izahatında ünvan 2 ünvanında təxminən 8 ay olar ki, yaşadığını, mənzilin qohumu Cavabdeh1 məxsus olduğunu və həmin mənzildə yaşadığı üçün kirayə pulu vermədiyini, sadəcə olaraq yaşadığını göstərmişdir. X2 Mənzil İstismar Departamentinin Gəncə-Göygöl MKİS-yə yazdığı xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, sonuncu izahatında ünvan 2 ünvanında Cavabdeh1 adına olan mənzildə hər ay 200 manat ödəməklə 2 ildən artıq, kirayədə yaşadığını, kirayədən çıxarılması üçün əvvəllər polis tərəfindən xəbərdarlıq edildiyini və qısa müddət ərzində kirayədən çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh1 “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin” 2.4.2-ci bəndinin tələblərinə pozduğuna görə xəbərdar edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 50-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»-nın 3.2-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğün olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndində qeyd olunur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasnı həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci bəndində qeyd edilir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndindən görünür ki, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi cavabdehlər yuxarıda qeyd olunan qaydanın və müqavilənin tələblərini pozaraq onlara verilmiş yaşayış sahəsində faktiki olaraq yaşamamışlar. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarını araşdıraraq tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 28 mart 2014-cü il tarixli 6/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 6-da yerləşən 48 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmiş, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə 6 saylı binanın 48 nömrəli mənzilinə dair 28 mart 2014-cü il tarixli, 6/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 6-da yerləşən 48 nömrəli mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu hesabına 100 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3328/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3328/2024
26.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver