Məhkəmə qərarları › İş №2(125)-3381/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3381/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3381/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, ev 44 - yeni qaydalarla ünvan 1 ünvanında 0,0157 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 42,9 kvadratmetr fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, ev 44 yeni qaydalarla - ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Belə ki, Cavabdeh1 ilə 11 noyabr 2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlayaraq, 10000 (on min) manat pul ödəməklə almışdır. Hazırda cavabdehlər və ailə üzvləri alqı-satqı müqaviləsi bağlandığı vaxtdan 5 ay keçməsinə baxmayaraq, mülkiyyət hüququ üzrə ona məxsus olan fərdi yaşayış evini boşaltmaqdan boyun qaçırırlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə müəyyən bəhanələr gətirirlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, mübahisəli evi alqı-satqı müqaviləsi əsasında notariusun iştirakı ilə Cavabdeh1 “44 günlük Vətən Müharibəsində” qazi olan oğlu üçün almışdır. Ev ona satılan zaman evdə qeydiyyatda olan hər kəs, o cümlədən Cavabdeh1 arvadı bu barədə razılıq vermişdir. Evin alqı-satqısı qanunvericiliyin tələbinə uyğun həyata keçirilmiş və onun tərəfindən satıcıya ödənilməli olan pul bankın depozit hesabına qoyulmuşdur. Satıcı da öz növbəsində bankın depozit hesabından evi ona satdıqdan sonra satış pulunu götürmüşdür. O, cavabdehlərə heç bir borc, yaxud sələm verməmişdir. Evin dəyərinə gəldikdə isə müqavilədə göstərilən məbləğ evin real bazar dəyərini əks etdirir. Belə ki, ev mərkəzdən kənarda olmaqla yanaşı, son dərəcə köhnəlmiş və qəzalı vəziyyətdədir. Evə sahiblik etdikdən sonra fikri onu söküb yerində yeni ev inşa etdirməkdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, mübahisəli fərdi yaşayış evini İddiaçı satmamışdır. Belə ki, onların iddiaçıya 10000 manat borcu olduğuna görə, borcun əvəzi kimi iddiaçı onu aldadaraq alqı-satqı müqaviləsinə qol çəkdirmişdir. Evin satışına dair 10000 (on min) manat pulu bankdan götürmüş, lakin bankdan çölə çıxan kimi iddiaçı həmin pulu ondan almışdır. Lakin bu barədə heç bir quruma məlumat verməmişdir. Mübahisəli evin qiyməti satış qiymətindən xeyli artıqdır. Həmin evi satıb, iddiaçıya olan 10000 manat borcunu ödəməyi iddiaçıya təklif etsə də o bununla razılaşmır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli evin alqı-satqı müqaviləsi bağlanan zaman o da notariusa getmiş və orada razılıq ərizəsinə imza atmışdır. İddiaçı ona faizə 10000 manat pul vermişdir. Həmin pulun əvəzi olaraq notariusa getmişlər və məcbur qalaraq sözügedən alqı-satqı müqaviləsinə qol çəkmişlər. Pul depozitə formal qoyulmuş və alqı-satqı müqaviləsi baş tutduqdan sonra Ayşən banka depozitə qoyduğu pulu əri Arifdən almışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 29 mart 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, ev 44 yeni qaydalarla AZ 2002 ünvan 1 ünvanında qeydiyyatdadır. AN-İ seriyalı, ******* nömrəli, 11 noyabr 2022-ci il tarixli, 4Ə-860 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, 44 yeni qaydalarla AZ 2002, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42,9 kv,m, yaşayış sahəsi 17,8 kv,m, yardımçı sahəsi 25,1 kv,m olan 1 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının” mülkiyyətinə verir(lər): Satıcı Cavabdeh1 (tam hissə 42,9 kv,m)-X1; Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, 44 yeni qaydalarla AZ 2002, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,0157 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsi (hissələri) Alıcının mülkiyyətinə verir(lər): Satıcı Cavabdeh1 (tam hissə 0,0157 ha) Alıcı İddiaçı. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: ƏMDK-nin DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə Cavabdeh1 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 42,9 kv,m, 1 otaq: ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə Cavabdeh1 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0157 ha; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********PO71601 olan arayışa əsasən müqavilə bağlananadək Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, 44 yeni qaydalarla AZ 2002, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********PO71601 olan arayışa əsasən müqavilə bağlananadək Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi 44, yeni qaydalarla AZ 2002, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı(lar) daşınmaz əmlakı 10000 manat 00 qəpik (on min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə aldı(lar). AN-İ seriyalı, ******* nömrəli, 11 noyabr 2022-ci il tarixli, 4Ə-860 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq olaraq 7 və 13–cü bəndlərindən görünür ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir. Satıcı 11 dekabr 2022-ci il tarixədək evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 24 noyabr 2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Azad Mirzəcanzadə küçəsi, ev 44 yeni qaydalarla: AZ 2002, ünvan 2 ünvanı tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, yeni qaydada - ünvan 1 (köhnə qaydada ünvan 3 ünvanı AN-İ seriyalı, ******* nömrəli, 11 noyabr 2022-ci il tarixli, 4Ə-860 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən İddiaçı 10000 manata satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında yeni qaydada ünvan 1 (köhnə qaydada ünvan 3 ünvanının İddiaçı xüsusi mülkiyyətində olması ilə bağlı **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 24 noyabr 2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus sözügedən fərdi yaşayış evindən çıxmayaraq onun mülkiyyət hüquqlarını pozurlar. İddiaçı tərəfindən dəfələrlə fərdi yaşayış evini boşaltmaq barədə xəbərdarlıq edilsə də, cavabdehlər öz hüquqa zidd hərəkətlərini davam etdirməklə, mübahisəli fərdi yaşayış evinə qanunsuz sahiblik etmiş və fərdi yaşayış evini könüllü təhvil verməkdən imtina etmişlər. Məhz bu səbəbdən İddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə iddia tələbini qəbul etmədiklərini, sözügedən fərdi yaşayış evini iddiaçıya satmadıqlarını, iddiaçının onlara faizlə pul verdiyini və məcbur qalaraq notariusda sözügedən alqı-satqı müqaviləsinə imza atdıqlarını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Digər Cavabdeh2 isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əşya və öhdəlik hüququnun pozulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlakın alqısatqısı və əşya hüququ ilə bağlı münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlər mübahisəli fərdi yaşayış evi üzərində hüquqlarını artıq itirmişlər. Ona görə də cavabdehlərin mübahisəli əmlaka sahibliyi qanunsuzdur. Belə olan halda iddiaçının cavabdehlərə qarşı mövcud tələb hüququ yaranmışdır. Məhkəmə eyni zamanda cavabdehlərin izahatlarında iddia tələbinə olan etirazlarına da münasibət bildirərək qeyd edir ki, onlar məhkəmə iclasında istinad etdikləri hala dair mötəbər sübut təqdim edə bilməmişlər. Başqa sözlə, Cavabdeh1la İddiaçı arasında mübahisəli evin alqı-satqısına dair bağlanmış müqavilənin yalan, yaxud uydurma əqd olmasını cavabdehlər məhkəmə iclasında sübut edə bilməmişdir. Eyni zamanda cavabdehlər belə bir tələblə də məhkəmədə iddia qaldırmamışlar. Həmçinin mübahisəli evin alqı-satqısına dair iddiaçı ilə Cavabdeh1 arasında bağlanan müqavilənin legitimliyini şübhə altına alan hal da məhkəmə iclasında müəyyən olunmadı. Belə olan halda isə məhkəmə cavabdehlərin istinad etdiyi halları tamamilə əsassız hesab edir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Odur ki, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, yeni qaydada - ünvan 2 (köhnə qaydada ünvan 4 ünvanında yerləşən 0,0157 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 42,90 kvadratmetr fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalı və həmin ünvan boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı məhkəmə də iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən həmin məbləğ iddiaçıya aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yeni qaydada - ünvan 2 (köhnə qaydada ünvan 4 ünvanında yerləşən 0,0157 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 42,90 kvadratmetr fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsın və həmin ünvan boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar