Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3433/2023 10.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, Ərizəçi ““keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F*6.6” diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması” faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ona qoyulmuş ““keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F*6.6” diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması” faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsində göstərmişdir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır və *2.1*.2*2*-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almış, ona ““keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F*6.6” diaqnozu qoyulmuşdur. Ərizəçi qeyd edir ki, həmin xəsarəti hərbi xidmət vəzifələrini icra edərkən almış, lakin hərbi həkim komissiyasının 11659 nömrəli xəstəlik haqqında şəhadətnaməsində onun xəsarətinin yaranma səbəbi kimi “hərbi xidmət dövründə yaranmışdır” qeyd edilməmişdir. Bu faktın yalnız məhkəmə tərəfindən müəyyən edilə biləcəyi ona bildirilmişdir. Məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2-ci maddəsində məhkəmə tərəfindən müəyyən edilə bilən hüquqi əhəmiyyətli faktların siyahısı göstərilmiş, eləcə də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa digər hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işlərə məhkəmədə baxılması imkanı nəzərdə tutulmuşdur. Qeyd edilən fakt – ““keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F*6.6” diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması”nın müəyyən edilməsinə məhkəmə qaydasında baxılması qanunda birbaşa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2**8-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: İ. Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ... və gömrük orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir. 1.4. .... ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi ... hərbi-həkim komissiyalarına həvalə olunur. 1.5. ... Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; ... «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; ... qərarları çıxarır. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Göründüyü kimi, ərizəçinin xəsarətinin qiymətləndirilməsi, o cümlədən xəsarətin yaranma səbəbinin müəyyən edilməsi müvafiq hərbi-həkim komissiyası tərəfindən həyata keçirilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Həmin qərarın 8.3cü bəndində qeyd edilmişdir ki, bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar onu göstərir ki, şəxsin xəsarəti, onun yaranma vaxtı, şəraiti və ya səbəbi müvafiq hərbi-həkim və ya tibbi-sosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədən kənar qaydada həll edilməli, bu mümkün olmazsa mübahisə inzibati qaydada həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında, o cümlədən mülki məhkəmə qaydasında baxılması mümkün deyildir. Ona görə də ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçiyə ərizəsində qaldırdığı məsələnin həlli üçün ilkin olaraq müvafiq hərbi həkim komissiyasına müraciət etməsi, onun müraciətinə cavab verilmədikdə və ya inzibati orqanın qərarından narazı olduğu halda, bu barədə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə eyni predmet barəsində və eyni əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməyə mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263 və 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi ““keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F*6.6” diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması” faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3433/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3433/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver