Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3457/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X29 Şakir oğlunun sədrliyi, X12 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilməsi və istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilməsi və istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (həmçinin onun yetkinlik yaşına çatmayan övladı X4) onun mülkiyyətindəki Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin 03 iyun 2025-ci il tarixində keçirilən hazırlıq iclasında məhkməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh xx xxxxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh ona məxsus olan Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüququnun itirilməsi və 02 aprel 2023-cü il təvəllüdlü X1 ünvandan istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi üzrə işin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanı tam mülkiyyət hüququ əsasında ona məxsusdur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. İş üzrə Cavabdeh, onun qardaşı qızı, X13 isə onun yetkinlik yaşma çatmayan qız övladıdır. Yetkinlik yaşma çatmayan ayrıca cavabdeh kimi qoyula bilmədiyindən, onu müstəqil şəkildə cavabdeh kimi qoymamış, lakin anası ilə birlikdə onun da, istifadə hüquqlarının itirilməsi tərəfindən xahiş edilməkdədir. Qeyd edir ki, Cavabdeh atasına məxsus evdə doğulub boya-başa çatıb oradan ailə həyatı qurmaqla özünə daimi yaşayış üçün başqa yer seçmiş, həyat yoldaşı və övladı ilə başqa ünvanda yaşamaqdadır. Lakin qeydiyyatı formal olaraq ona məxsus evdə qalmaqdadır. Bu halda bir vətəndaş kimi onun hüquqlarını məhdudlaşdırmaqdadır. Məhkəmə iclası iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi, sonda iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən Cavabdeh və ya ailə üzvünün faktiki yaşadığı yeri müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Cavabdeh onun əmisi qızı, Zəhra Məmmədova isə əmisi nəvəsidir. Cavabdeh onun evində pasport qeydiyyatında olmasına baxmayaraq Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanında uzun illərdir ki yaşamır. Cavabdehi heç vaxt mübahisəli ünvanda yaşayan görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, İddiaçı onun əmisidir. Cavabdeh isə onun əmisi qızıdır. Cavabdeh heç vaxt ünvan 1 ünvanda görməmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - 23 noyabr 2007-ci il tarixli, 009935 nömrəli vəsiqədən görünür ki İddiaçı İİ qrup müharibə əlil olmaqla Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malikdir. - 10 mart 2025-ci il tarixli ********** qeydiyyat nömrəli **********78-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanında yerləşən ümumi sahəsi 144 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 26 mart 2025-ci il tarixli 3-13-57/2-Z-86xx/xx/2025 nömrəli məktubunda İddiaçı xx.xx.2002ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X5 Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından çıxarılmalarının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə biləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 16 mart 2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki İddiaçı, Cavabdeh, X16, Zeynalova Fatimeyi-Zəhra Xəyyam qızı, X13, X9, X2, X10, İddiaçı, X3 şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli 1293 nömrəli arayışdan görünür ki xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanında qeydiyyatdadır. Lakin 2005-ci il tarixdən bu günədək yaşamır. - AZEMİS məlumatlarından görünür ki, 02 aprel 2023-cü il təvəllüdlü X4 anası cavabdeh X7r. Məhkəmə iclasında müəyyən edilən hallar: Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanı mülkiyyət hüququ əsasında 10 mart 2025-ci il tarixli ********** qeydiyyat nömrəli **********78-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehdən Cavabdeh iddiaçının qardaşı qızı, Zəhra Məmmədova isə azyaşlı olmaqla Cavabdeh qızıdır. Cavabdeh mübahisəli evdə qeydiyyatda olduğu üçün onun uşağı da həmin evə qeydiyyata alınmışdır. Cavabdeh 2005-ci ildən bəri həmin ünvanda yaşamır. İddiaçı mübahisəli evin mülkiyyətçisidir. Belə ki, İddiaçı Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Cavabdeh isə iddiaçıya məxsus olan sözügedən ünvanında yaşamamasına baxmayaraq qeydiyyatdan çıxmamışdır. Cavabdehin uzun müddət sözügedən evdə yaşamamasından görünür ki, o, özünə daimi yaşayış yeri seçmişdir. O və azyaşlı qızı hazırda Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanında formal olaraq pasport qeydiyyatında durur. Bu da iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehin fərdi yaşayış evində qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehin fərdi yaşayış evində qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ilk növbədə Cavabdeh münasibətdə qeyd edir ki, həmin cavabdehə aid hissədə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı (itməsi) ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, mübahisəli evdə Cavabdeh qeydiyyatda olsa da, orada uzun müddətdir yaşamır. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mübahisəli evdə uzun illər yaşamamaqla, onun orada yaşamasına dair ehtiyacı aradan qalxmış, həmin evə sonradan köçüb yaşamaq kimi hüquqi marağı da olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar aradan qalxdığından, onun Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüququ itmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, Cavabdeh iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olması cavabdehin həmin evdən istifadə hüququ əldə etməsi kimi qiymətləndirilə bilməz və cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə daha sonra iddia tələbinin Cavabdeh uşağı olan azyaşlı – 02 aprel 2023cü il təvəllüdlü X8 aid hissəsinə qiymət verərək qeyd edir ki, kompensasiya verilmədən həmin cavabdehin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Belə ki, azyaşlı Zəhranın valideyni X6 Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüququ itirilmiş hesab edildiyindən və qanunvericiliyin tələbinə əsasən azyaşlının yaşayış yeri valideynin yaşayış yeri hesab olunduğu üçün 02 mart 2015-ci il təvəllüdlü X4 da Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüququna xitam verilməlidir. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsası olduğundan, cavabdehin uzun bir zaman ərzində mübahisəli evdən çıxıb gedərək yaşamaq üçün faktiki olaraq geri dönməməsi onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getdiyini təsdiq edən ən mühüm sübutlardan biri kimi qəbul edilməli və azyaşlı X4 iddiaçının mülkiyyətindəki evə olan istifadə hüququna xitam verilməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh xx xxxxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüququ itirilmiş hesab edilməli, 02 aprel 2023-cü il təvəllüdlü X4 isə Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüquqları itirilmiş hesab olunsun. 02 aprel 2023-cü il təvəllüdlü X4 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 32 ünvanından istifadə hüquqlarına xitam verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3457/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3457/2025
03.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver