Məhkəmə qərarları › İş №2(125)-3489/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3489/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3489/2022 16.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Atabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ləğv prosesində olan Atabank ASC ilə xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər ləğv prosesində olan Atabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ləğv prosesində olan Atabank ASC ilə xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon notariat kontorunda Atabank ASC ilə onun arasında xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi və ona məxsus Göygöl rayon Qızılca kəndində 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin 3 saylı Ərazi İdarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş aidiyyət qaydalarına dair zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı Göygöl rayon notariat kontorunda Atabank ASC ilə onun arasında xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixlərdə ilkin və təkrar hərrac keçirilmiş, hərrac baş tutmadıqdan sonra ipoteka predmeti xx.xx.2016-cı il tarixli məktubla Atabank ASC-yə təklif olunmuş, lakin bir ay keçməsinə baxmayaraq bank tərəfindən əmlak balansa götürülməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə ipotekaya məhkəmə qaydasında xitam verilməsi nəzərdə tutulmamışdır. İpoteka saxlayan hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə ipotekaya xitam verilməsi qanundan irəli gələn tələbdir və və həmin tələbə məhkəmə qaydasında baxılmasını qanunvericilik nəzərdə tutmamışdır. Odur ki, iddia tələbi Göygöl rayon notariat kontorunda Atabank ASC ilə onun arasında xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi hissəsində məhkəmədə baxılmalı olmadığından həmin hissədə icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin iddiaçıya məxsus Göygöl rayon Qızılca kəndində 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin 3 saylı Ərazi İdarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ipotekanın dövlət qeydiyyatının ləğv olunması ilə bağlı inzibati orqana müraciət etməli, inzibati orqanın imtinasından isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia qaldıra bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq üçün və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin Göygöl rayon notariat kontorunda Atabank ASC ilə onun arasında xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi hissəsində məhkəmədə baxılmalı olmadığından imtina edilməli, iddiaçıya məxsus Göygöl rayon Qızılca kəndində 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin 3 saylı Ərazi İdarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması hissəsində isə baxılması predmetinə görə inzibati məhkəmələrin səlahiyyətinə aid olduğundan məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli və iddiaçıya həmin məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər ləğv prosesində olan Atabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ləğv prosesində olan Atabank ASC ilə xx.xx.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar