Məhkəmə qərarları › İş №2(125)-3516/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3516/2022

16.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3516/2022 16.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh Maraqlı şəxs qarşı “qohumluq münasibətində olma, sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1978-ci il tarixdə doğulmuş Ərizəçi1 anasının X4 olması, Gəncə şəhəri, Atatürk prospekti 207A ünvanda paylı mülkiyyətçilərə məxsus evdə 4/24 paylı mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindəki hüquqmüəyyənedici sənədlərin anaları X2 məxsus olması və anaları X1 ölümündən sonra vərəsəliyin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Ərizəçi1 və Ərizəçi2 məhkəməyə verdiyi iddia ərizəsinin məzmunundan görünür ki, irəli sürülən “qohumluq münasibətində olma, sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə hər üç tələbə dair işlərə məhkəmə xüsusi icraat qaydasında baxır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxslərin iştirakı ilə məhkəmədə baxılır. Qeyd olunan prosessual hüquq normasına əsasən, xüsusi icraat qaydasında baxılan işlərdə iddiaçı və ya cavabdeh olmur, həmin işlərdə proses iştirakçıları qismində ərizəçi və maraqlı şəxslər iştirak edirlər. İddiaçılar tərəfindən ərizə düzgün olmayaraq iddia icraatı qaydasında verilmiş, ərizədə Ərizəçi1 və Ərizəçi2 iddiaçı qismində, Maraqlı şəxs isə cavabdeh qismində göstərilmiş, lakin hazırkı tələbin nəyə görə iddia icraatı qaydasında baxılmalı olması və bu iddia tələbinə Maraqlı şəxs nəyə əsasən cavab verməli olmasının əsasları iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi kimi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçılar mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia qaldırsa da mirasın qəbul edilməsi faktı hüquqi əhəmiyyətli fakt olduğundan həmin faktın məhkəmə tərəfindən müəyyən edilə bilməsi üçün ərizəçi bu faktı təsdiq edən sənədi (vərəsəlik şəhadətnaməsini) başqa qaydada (notariat orqanına müraciət etməklə) əldə edə bilməməsini təsdiq edən sübutlar təqdim etməlidir. İddiaçılar miras əmlakı qəbul etməsi və vərəsəlik hüququnun tanınması barədə iddia irəli sürsə də mirasın qəbul edilməsi üçün ilkin olaraq notariat kontoruna müraciət etməmiş, notariat kontorunun onların mirası qəbul etməsini rəsmiləşdirməsindən imtina etməsi barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçılar doğum haqqında şəhadətnamədə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda analarının adının səhvən “Tahirə” kimi qeyd edildiyini və buna görə də qohumluq münasibətlərində olma faktının və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı iddia irəli sürsələr də qeyd edilən sənədlərə düzəliş edilməsi barədə müraciət etmələri və düzəlişin aparılmasından imtina olunması barədə sənədi ərizəyə əlavə etməmişlər. Bununla da iddiaçılar müəyyən edilməli faktların məhkəmədən kənar qaydada müəyyən edilməsinin mümkünsüzlüyü ilə bağlı sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndində göstərilir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3338/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərardadı ilə bu iddia ərizəsi eyni əsaslarla geri qaytarılsa da iddiaçılar göstərilən nöqsanları aradan qaldırmadan eyni məzmunlu iddia ərizəsi ilə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilən əsaslarla qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hissəsində ərizənin qəbul edilməsindən imtina olunmalı, sənədin şəxsə məxsus olması faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində isə ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh Maraqlı şəxs qarşı “qohumluq münasibətində olma, sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin “qohumluq münasibətində olma faktının müəyyən edilməsi” hissəsində məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi “sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi” hissəsində geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar