Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-358/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mülkə (bundan sonra – mübahisəli mənzil) cavabdehlərin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 5, 11 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və DƏDRX-dən həmin mənzili mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış da alınmışdır. Cavabdehlərdən Cavabdeh1 oğlu, Cavabdeh2 keçmiş gəlini, Cavabdeh3 isə nəvəsidir və onlar illərdir ki, ona məxsus olan mənzildə yaşamırlar, özlərinə məxsus evdə yaşayırlar. Hazırda cavabdehlərin hansı ünvanda yaşamaları barədə məlumatı yoxdur. Cavabdehlər Elnur və Kamalə artıq neçə illər bundan qabaq məhkəmə qaydasında boşanmışlar, digər cavabdeh İlahə isə onların birgə nikahlarından olan övladıdır və Cavabdeh3 həmin vaxt azyaşlı olduğu üçün anası Kamalənin qeydiyyatda olduğu ünvana pasport qeydiyyatına düşmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanı mülkiyyət hüquqları ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2005-ci il təvəllüdlü Verdiyeva X12 şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-mik, ev 5, mənzil 11 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 qızının atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikah xx.xx.2011-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun ititrilmiş hesab olunması tələbinə dair iddianı qəbul edir, iddianın təmin edilməsinə heç bir etirazı yoxdur, gələcəkdə də, həmin evlə bağlı heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci i ltarixli məktubundan görünür ki, Kirovabad şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli protokolu ilə verilmiş 94 nömrəli order, Gəncə şəhər Çoxmənzilli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.1998-ci il tarixli 12-73A saylı arayışı (qeydiyyatda olanlar X3, X4, 1985-ci il təvəllüdlü X5, 1986-cı il təvəllüdlü X6), Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq ediimiş X2 xx.xx.1998-ci il tarixli 4p 10-3869 saylı razılıq ərizəsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 5, mənzil 11 X1 adına qeydiyyata alınmışdır və ona xx.xx.1998-ci il tarixli 12955 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 6 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli 3M-1-66 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil İddiaçı satılmışdır. Alıcıya xx.xx.2000-ci il tarixli 12955 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə İddiaçı Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 5, 11 saylı mənzilə (53.4 kvm dörd yaşayış otaqları, 33.6 kvm köməkçi sahə) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi ərizə təqdim edərək bildirdi ki, Cavabdeh2 xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olduqdan sonra hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanına köçmüşdür. xx.xx.2008-ci ildə nikahları pozulduqdan sonra həmin mənzildən ata evinə köçmüşdür. Nümayəndə şifahi olaraq bildirdi ki, Cavabdeh2 sonradan yeni nikaha daxil olmuşdur və hazırda qızı Cavabdeh3 ilə birlikdə öz ailəsiylə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, 228.5. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh2 və iddiaçının oğlu Cavabdeh1 nikaha daxil olaraq, ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından Cavabdeh3 doğulmuşdur. Onlar ailə qurduqları dövrdə mübahisəli mənzildə yaşamışlar. İddiaçının oğlu ilə Cavabdeh2 nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaq anasının (cavabdehin) yanında qalmışdır. Əvvəla nəzərə alınmalıdır ki, iddia tələbi Cavabdeh1 tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə ərizə verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, həmin cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini etirafı qəbul edilməlidir, iddia həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 uşağı ilə birlikdə mübahisəli mənzildən getmişdir. Həmin cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Habelə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 qızı Cavabdeh3 birlikdə yeni yaşayış sahəsində yaşayır, belə olan halda, mübahisəli mənzilə istifadə hüququna olan ehtiyac aradan qalxmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia həmin cavabdehlərə qarşı yönəlmiş hissədə də təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin müvafiq yaşayış sahəsindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onların bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızının Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-mik, ev 5, 11 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-358/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-358/2023
30.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver