Məhkəmə qərarları › İş №2(125)-361/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-361/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-361/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılıb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan cavabdehlər Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 xidməti mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondunun balansındadır və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi şəhərciklərin qorunub saxlanılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir. xx.xx.N24-cü il tarixdə Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 saylı Mənzil-İstismar sahəsinin rəisi hissə rəhbərliyinə raportla müraciət edərək ünvan 1 ünvanında yerləşən xidməti mənzildə yaşayan ehtiyyatda olan hərbi qulluqçu polkovnikleytenant Cavabdeh1 Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına özəl mənzillə təmin olunsa da ailə üzvləri ilə birlikdə xidməti mənzili təhvil vermədiyini bildirmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ordu sıralarında xidmət etmiş ehtiyyatda olan polkovnik-leytenant Cavabdeh1 Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.N17-cu il tarixli 43 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ailə üzvləri ilə birlikdə xidməti mənzillə təmin olunmuşdur. Xidmət müddəti başa çatdıqdan sonra ehtiyyatda olan polkovnik-leytenant Cavabdeh1 Azərbaycan Respublikasının Hərbi Qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn Dövlət proqramına əsasən dövlət vəsaiti hesabına ailə üzvlərinin tərkibi nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova, 85 nömrəli (100.2 kv.m, 4 otaq) sahəsi olan özəl mənzillə təmin olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada, vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əlavə olunmuş öhdəliyinə əsasən xidməti mənzili boşaldılması tələb olunmuş, lakin vətəndaş Cavabdeh1 Müdafiə Nazirliyinin balansında olan xidməti mənzili boşaltmaqdan imtina etmişdir. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş mənzilin boşaldılması xahiş olunmuşdur. Buna baxmayaraq vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamağa davam edir və bu günə kimi xidməti mənzili boşaltmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, eyni zamanda əlavə etdi ki, Cavabdeh1 gələcəkdə yenidən işə düzəlsə də, o hərbi qulluqçu olmayacaq. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, hazırda işlə təmin olunmağı ilə bağlı sənədləri Müdafiə Nazirliyində yoxlama mərhələsindədir və bir ay ərzində mübahisə predmeti olan yaşadığı mənzilə yaxın ərazidə yerləşən, Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidməti fəaliyyətini davam etdirəcək. Hərbi qulluqçu kimi xidməti fəaliyyətini davam etdirməyə başladığı tarixdən istifadəsində olan xüsusi təyinatlı yaşayış sahəsində yaşamaq hüququ qanunun tələbinə uyğun olaraq mübahisəsiz tanınmış olacaq. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.N21-ci il tarixli, 43 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Gəncə rayon Mənzil- İstismar hissəsi Gəncə şəhəri, 84 nömrəli hərbi şəhərcikdə yerləşən 6 nömrəli binada, 18 nömrəli mənzildə yerləşən, Müdafiə Nazirliyinin mənzil fonduna aid, ümumi sahəsi 109,31 kv.m-dən, yaşayış sahəsi 18,91 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri həyat yoldaşı Cavabdeh2, oğlu X1 və qızı X2 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 N nömrəli hərbi hissəyə verdiyi N sentyabr N21-ci il tarixli yazılı iltizamda ona 43 nömrəli, xx.xx.N21-ci il tarixli kirayə müqaviləsi əsasında ünvan 2 ünvanında verilən 3 otaqlı, sahəsi 109,31 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsini xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq Gəncə rayon Mənzil- İstismar hissəsinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.N24-cü il tarixli, 130 nömrəli və xx.xx.N24-cü il tarixli, 139 nömrəli xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidmətinə görə Cavabdeh1 Bakı şəhərində özəl mənzil verildiyi üçün, hazırda Gəncə şəhərində Hərbi şəhərcikdə yaşadığı (və yaxud yaşamadığı) “xidməti” mənzilin təcili olaraq Gəncə rayon Mənzil-İstismar Hissəsinə 10 (on) gün müddətinə təhvil verilməsi Cavabdeh1 tələb olunmuş, əks halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh1 həmin xəbərdarlıqlarla tanış olmuş, bildirmişdir ki, uşaqlarının yaşayış yerinə yaxın olduğu üçün təhsili və məktəbi nəzərə alınaraq “N” saylı Quru Qoşunların hərbi hissəsində işlə təmin olunmaq üçün sənədləri toplanıb, verilib. Xüsusi yoxlama qurtardıqdan sonra hərbi hissədə işləməyi haqqında arayış təqdim edəcək. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 nömrəli Mənzil-İstismar sahəsinin rəisi tərəfindən Gəncə rayon Mənzil-İstismar hissəsinin rəisinə ünvanlanmış raportda qeyd edilmişdir ki, 2 nömrəli Mənzil-İstismar Sahəsinin ərazisində “xidməti” order ilə yaşayan təqaüdçülər (həmçinin Cavabdeh1) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N təqvim ili xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzil ilə Bakı şəhərində təmin olunmasına baxmayaraq, “xidməti” order ilə olan mənzillərini təhvil verməmişlər. Göstərilənlərin nəzərə alınaraq qeyd olunan mənzillərin müvafiq qaydada boşaldılması üçün onlara köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən reyestrdə 4Ə-655 nömrəsi ilə təsdiqlənmiş xx.xx.N23-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tam mülkiyyətdə olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 100,2 kv.m, yaşayış sahəsi 67,9 kv.m, yardımçı sahəsi 32,3 kv.m olan 4 otaqlı mənzil Cavabdeh1 satılmışdır. İşin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Azərbaycan Respublikasının ordu sıralarında xidmət etmiş, polkovnik-leytenant Cavabdeh1 Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən xx.xx.N21-ci il tarixli 43 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ailə üzvləri ilə birlikdə xidməti mənzillə - Müdafiə Nazirliyinin mənzil fonduna aid, Gəncə şəhəri, 84 nömrəli hərbi şəhərcikdə yerləşən 6 nömrəli binanın, ümumi sahəsi 109,31 kv.m-dən, yaşayış sahəsi 18,91 kv.m-dən ibarət olan 3 otaqlı 18 nömrəli mənzili ilə təmin olunmuşdur. Cavabdeh1 xidmət müddəti başa çatmış və o, hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmət müddəti başa çatdıqdan sonra ehtiyyatda olan polkovnik-leytenant Cavabdeh1 Azərbaycan Respublikasının Hərbi Qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn Dövlət proqramına əsasən dövlət vəsaiti hesabına ailə üzvlərinin tərkibi nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özəl mənzillə təmin olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əlavə olunmuş öhdəliyinə əsasən xidməti mənzili boşaldılması tələb olunmuş, lakin Cavabdeh1 Müdafiə Nazirliyinin balansında olan xidməti mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı cavabdehlərin sözügedən xidməti mənzili boşaldıb təhvil vermələrini xahiş edir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamağa davam edir və xidməti mənzili boşaltmaqdan imtina edir, etirazını onunla əsaslandırır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən özəl mənzildə yaşamır. Gəncə şəhərində yaşayır və Gəncə şəhəri ərazisində işlə təmin olunmaq ərəfəsindədir və Gəncə şəhərində başqa yaşayış sahəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin məcəllənin 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3-cü bəndinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir. İşin mübahisəsiz halıdır ki, Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxılmışdır və o, dövlət tərəfindən özəl mənzillə təmin olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 hərbi xidmətdən tərxis olunduğundan və bununla da hərbi qulluqçu statusunu itirdiyindən onunla Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil- İstismar hissəsi arasında bağlanmış xx.xx.N21-ci il tarixli, 43 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may N10-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə əsasən, aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmə bir daha qeyd edir ki, Cavabdeh1 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin yenidən xitam və ya ləğv edilməsinə bir zərurət qalmamışdır. Məhkəmə göstərilənləri, habelə Cavabdeh1 N23-cü ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək özəl mənzillə təmin olunmasını, onunla olan qulluq münasibətlərinə və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini də nəzərə alaraq hesab edir ki, Cavabdeh1 ailə üzvü olan digər Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verməlidirlər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.3-cü maddəsinə görə xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-cü maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 özünün yenidən hərbi qulluqçu statusu əldə etməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək qeyd edir ki, iddia təmin olunsa da, iddiaçı və cavabdeh dövlət rüsumunu ödəməkdən azad edilmişlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-2N, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, 84 nömrəli hərbi şəhərcik, 6 nömrəli binada yerləşən 18 nömrəli, 3 otaqlı mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar