Məhkəmə qərarları › İş №2(125)-362/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-362/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-362/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X3, Cavabdeh1 və onun nümayəndəsi, vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsi Cavabdeh1, X6 və Cavabdeh3 qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia qaldıraraq aşağıdakı məzmunda xahiş etmişdir; “ünvan 1 ünvanında yaşayan vətəndaşlar Cavabdeh1, X6 və Cavabdeh3 xidməti mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilsin”. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondudur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi şəhərciklərin qorunub saxlanılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir. xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahəsinin rəisi Bəhman Daşdəmirov hissə rəhbərliyinə raportla müraciət edərək ünvan 1 ünvanında yerləşən xidməti mənzildə yaşayan ehtiyatda olan polkovnik-leytenant Cavabdeh1 Azərbaycan Respublikası Dövlət proqramına əsasən ünvan 2 ünvanında özəl mənzillə təmin olunduğunu bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, əvvəllər ehtiyyatda olan polkovnik-leytenant Cavabdeh1, vəfat etmiş valideyinləri atası X4 və anası X18 qizinin yaşadığı və Gəncə rayon Mənzil-İstismar hissəsinin balansında olan ünvan 1 ünvanında xidməti mənzildə yaşayib və vəfat etmiş valideyinlərinin ondan başqa övladları olmayib. Sonradan Cavabdeh1 Ordu Sıralarında xidmətə başlamış və uzun müddət qüsursuz xidmət etdiyindən sonra ailə üzvlərinin say tərkibi nəzərə alinmaqla Azərbaycan Respublikası Dövlət proqramina əsasən hərbi qulluqcularin sosial vəziyyətinin yaxşılaşdırması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********50-05301-093026 qeydiyyat nömrəsi **********-olan texniki pasport əsasında ünvan 2 ünvanında özəl mənzillə təmin olunmuşdur. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş və ailə üzvləri ilə birlikdə mənzilin boşaldılması xahiş olunmuşdur. Buna baxmayaraq vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamağa davam edir və bu günə kimi mənzili boşaltmaqdan imtina edir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X8 iştirak etmiş, iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat vermiş, sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, göndərilən xəbərdarlıq qeyri-qanuni və əsassızdır. Belə ki, həmin mənzilə daimi yaşayış hüququ verildiyi üçün həmin şəxsin ailə üzvlərinin də, yəni övladının, nəvələrinin, gəlininin həmin evdə yaşamaq hüququ vardır. Həyat yoldaşı Cavabdeh2 xx.xx.2000-ci il tarixdə el adəti ilə toy edərək həmin evə gəlin köçmüşdür. Rəsmi birgə nikahlarından xx.xx.2004-cü il tarixdə X9 və xx.xx.2007-ci il tarixdə X7 anadan olmuşdur. Həyat yoldaşı və uşaqları faktiki olaraq həmin evdə rəsmi qeydiyyatdadırlar. Həyat yoldaşı hazırda onkoloji xəstədir və müalicəsi davam edir. O, özü də hərbçi kimi xidmət etmiş, hazırda polkovnik leytenant rütbəsində təqaüddədir və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə mülki işçi olaraq kargüzar vəzifəsində fəaliyyətini davam etdirir. Onun və ailə üzvlərinin həmin mənzildən başqa yaşamağa heç bir mənzili yoxdur. Odur ki, iddia ərizəsinin əsassız sayılmasını və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkili Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh1 atası mərhum X4 1973-1992-ci illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmişdir. 25 may 1999-cu il tarixli, 14 saylı Xidməti Order əsasında X4 və ailə üzvlərinə ünvan 4 ünvanında yerləşən xidməti mənzil verilmişdir. 29 may 2006-cı il tarixdə Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 2- 483/06 saylı qətnaməsi ilə 25 may 1999-cu il tarixli, 14 saylı Xidməti Order daimi hesab edilmişdir. 25 may 1999-cu il tarixdə, 14 saylı Xidməti Orderdən və bu order əsasında çıxarılmış 29 may 2006-cı il tarixli, 2-483/06 saylı Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, mənzildən daimi istifadə hüquqları X2 və onun ailə üzvləri - mərhum arvadı X10 və oğlu, hazırki iş üzrə Cavabdeh1 verilmişdir. Qeyd edilən məhkəmə qərarının icra edilməsi ilə bağlı 10.11 2008-ci il tarixli İddiaçı məktubundan görünür ki, məhkəmə qətnaməsi icra edilərək X1 daimi istifadə hüququ tanınmışdır. İddiaçı tərəf öz ərizəsində Cavabdeh1 ünvan 6 ünvanında özəl mənzillə təmin olunduğunu bildirmiş, lakin həmin mənzilin hansı əsasla verilməsini qeyd etməmişdir. Bundan başqa Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə mülki işçi olaraq kargüzar vəzifəsində fəaliyyətini davam etdirir. Xüsusi ilə qeyd etmək istəyirlər ki, ünvan 6 ünvanında göstərilən yaşayış sahəsi Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Proqramına əsasən onun 1994-2015ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində göstərmiş olduğu 21 illik xidmətlərinə görə verilmişdir. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onlardan istifadə edilməsinə dair münasibətlər 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməkdədir. 01 oktyabr 2009-cu il tarixə kimi xidməti yaşayış sahəsindən istifadə edilməsinə dair münasibətlər 08 iyul 1982ci il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənirdi. Azərbaycan Respublikasının qüvvədə olan mənzil məcəlləsini və Azərbaycan SSR Mənzil Məcəlləsini qarşılıqlı şəkildə təhlil etdikdə Cavabdeh1 atasına daimi istifadəyə verilmiş mənzil sahəsindən daimi istifadə hüququnun olması birmənalı şəkildə qeyd edilmişdir. Cavabdeh1 öz xüsusi xidmətlərinə görə verilmiş mənzil sahəsinin atasının xidmətlərinə görə verilmiş mənzil sahəsinə aidiyyəti olmamalıdır. Çünki mülki hüquqlar və vəzifələr ailə münasibətlərindən və qohumluq dərəcəsindən asılı olmayaraq subyektiv xarakter daşıyır. Cavabdeh1 atası X2 verilmiş mənzil sahəsindən istifadə etməsi Mənzil Məcəlləsi ilə ailə üzvü kimi əldə etdiyi hüququndan irəli gəlir. Bundan başqa iş üzrə Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi ilə əmək müqaviləsi bağlayaraq hazırda mülki işçi qismində fəaliyyətini davam etdirir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən mülki işçilər və onlarla birlikdə yaşayan ailə üzvləri bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Nəticə etibarı ilə qeyd etmişdir ki, məhkəməyə təqdim edilən iddia ərizəsinin əsassız olmasına dair iki hüquqü fakt mövcuddur. Bunlardan birincisi mübahisə edilən mənzil sahəsi cavabdehin atasının xidmətlərinə görə verildiyi nəzərə alaraq cavabdehin həmin mənzildən atasının ailə üzvü qismində istifadə hüququnun olması, ikincisi isə Cavabdeh1 mülki isçi qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əmək münasibətlərini davam etdirməsi və xidmət yeri üzrə yaşayış yerinin olmamasıdır. Bütun sadalanan xüsusatları, eləcə Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onlardan istifadə edilməsinə dair münasibətlər 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il tarixə kimi xidməti yaşayış sahəsindən istifadə edilməsinə dair münasibətləri tənzimləyən 08 iyul 1982-ci il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnaməni nəzərə alaraq iş üzrə iddia ərizəsinin əsassız sayılmasını və rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəməyə gəlməmişlər və məhkəmə işə onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 və onun nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi Cavabdeh1 Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, bina 396, 37 nömrəli mənzili təhvil verməsi, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdr. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh1 **********50-05301-093026 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus olan ünvan 6 Yeni qaydalarla: AZ 1089, ünvan 7 ünvanında yerləşən mənzili 80000 manat məbləğində X5 satmışdır. İş materiallarında olan 14 saylı xx.xx.1999-cü il tarixli orderdən görünür ki, Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, bina 396 ünvanında yerləşən 37 nömrəli mənzil X1 istifadəsinə verilmişdir. Beləliklə, məhkəmədə aparılan araşdırmalar nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, bina 396 ünvanında yerləşən 37 nömrəli mənzil Cavabdeh1 atası X1 istifadəsinə verilmişdir. Cavabdeh1 da həmin mənzildən istifadə etmiş və sonradan Cavabdeh1 Ordu Sıralarında xidmətə başlamış və uzun müddət qüsursuz xidmət etdiyindən sonra ailə üzvlərinin say tərkibi nəzərə alinmaqla Azərbaycan Respublikası Dövlət proqramina əsasən hərbi qulluqcularin sosial vəziyyətinin yaxşılaşdırması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********50-05301-093026 qeydiyyat nömrəsi **********-olan texniki pasport əsasında ünvan 2 ünvanında özəl mənzillə təmin olunmuşdur. Cavabdeh1 hazırda hərbi qulluqçu statutusunda deyildir. Cavabdeh1 11.08. 2024-cü il tarixdə Dövlət tərəfindən onun mülkiyyətinə verilmiş həmin mənzili başqa şəxsə satmışdır. Hazırda cavabdehlər Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, bina 396 ünvanında yerləşən 37 nömrəli mənzildə yaşayırlar və həmin mənzili boşaltmaqdan imtina edirlər. Məhkəmə hesab edir ki, mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzıl Məcəlləsinin müvafiq münasibətləri tənzimləyən normalarına və əlaqəli qanun normalarına uyğun qaydada həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17-ci maddəsinə əsasən, mənzil fondu-Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.3-cü maddəsinə görə xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-cü maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3-cü bəndinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmənin qənaətinə görə, mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin balansında olduğundan iddiaçı cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Yuxarıda qeyd edilən qanun normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 ailəsi Dövlət tərəfindən Bakı şəhərində verilən mənzillə təmin olunduğu andan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin balansında olan ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsindən istifadəyə olan ehtiyacları aradan qalxmışdır və həmin andan da onlar həmin xidməti yaşayış sahəsini boşaltmalıdırlar. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 ünvan 1 ünvanından çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 ünvan 1 ünvanından çıxarılsınlar. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar