Məhkəmə qərarları › İş №2(125)-3661/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3661/2024

18.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3661/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsinə qarşı «işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi 2 nömrəli Peşə məktəbinə qarşı iddiaçının işdən çıxarılması ilə bağlı müvafiq əmrin ləğv edilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günü yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi 2 nömrəli Peşə məktəbinin «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2020-ci il tarixdən X3 Təhsil Mərkəzi 2 nömrəli Gəncə Peşə Məktəbində xadiməçi vəzifəsində işləmişdir. Peşə məktəbinin direktoru X1 2024-cü ilin əvvəlində iclas keçirərək bildirmişdir ki, peşə məktəbləri ilə bağlı struktur dəyişiklikəri olacaq bu səbəbdən bütün əməkdaşlar ərizə verərək işdən çıxarılmalı və yeni bərpa edilmiş struktura işçi kimi götürülməlidir. Bununla bağlı peşə məktəbində bir neçə iclas keçirilmiş, bütün işçilər öz ərizələri ilə işdən azad olunmaları barədə ərizə təqdim etmişdir. Həmin şəxlərdən biri də o olmuşdur. O, ərizəsini təqdim etdikdən sonra xx.xx.2024-cü il tarixli əmrlə işdən azad olunmuşdur. Halbuki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin vaxtdan sonra struktur dəyişiklikləri Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilmiş və əvvəlki işçilər öz vəzifələrinə geri götürülmüşdür. O, dəfələrlə peşə məktəbinin rəhbərliyinə işə bərpa olunmağı ilə bağlı müraciət etmiş, lakin peşə məktəbinin direktoru X1 müxtəlif bəhanələr gətirərək onu öz vəzifəsinə geri qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin surətini 03 mart 2024-cü ildə almış, xx.xx.2024-cü il tarixədək əvvəlki işinə bərpa ediləcəyini gözləmişdir. Bununla əlaqədar də həmin əmrin surətini aldıqdan 1 ay sonra o, məhkəmədə iddia qaldırmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müddətini ötürdüyünü və iddia müddətinin İddiaçı tərəfindən ötürülməsi nəzərə alınaraq, iddia rədd edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-668F/2023 nömrəli əmrinin surətindən görünür ki, 3 nömrəli X4, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsi yaradılmışdır. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 105 nömrəli xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilməsi və fəaliyyətə başlayacaq Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzində yenidən çalışacağı ilə məsələyə baxılacaqdır. İşdə olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsinə dair göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq edilməklə, müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi 2 nömrəli Peşə məktəbinin xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmiş və son haqqhesabın aparılması barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi 2 nömrəli Peşə məktəbinin xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmişdir. İddiaçı Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi Publik hüquqi şəxsinə qarşı iddiaçının işdən çıxarılması ilə bağlı müvafiq əmrin ləğv edilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günü, yəni xx.xx.2024cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə görə müəssisə ləğv edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndində əmək müqaviləsinin ləğv edilməsi əsası müəssisənin ləğv edilməsidir. Hüquqi şəxsin ləğv edilməsi dedikdə hüquqi şəxsin mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi, hüquqi şəxsin yenidən təşkili dedikdə isə hüquqi şəxsin birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə qaydasında yenidən təşkili başa düşülür. Yəni hüquqi şəxs ləğv edilərkən onun fəaliyyətinə və mövcudluğuna xitam verildiyi halda, hüquqi şəxs yenidən təşkil edilərkən öz fəaliyyətini və mövcudluğunu hüquqi varisliyi qaydasında yeni yaradılmış hüquqi şəxsə ötürür. Hazırki halda 3 nömrəli X4, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbi ləğv edilməmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2- 668F/2023 nömrəli əmri həmin Peşə Məktəbləri birləşdirilərək onların bazasında «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsi yaradılmışdır. Bununla belə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi 2 nömrəli Peşə məktəbinin xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verilmişdir. Buna görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi 2 nömrəli Peşə məktəbinin xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmri qanun tələbinə uyğun olmamış və İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi 2 nömrəli Peşə məktəbinin xx.xx.2024-cü il tarixli, 05 nömrəli əmrini xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq, bundan 49 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsinə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası başa çatmış və bundan da 11 gün sonra xx.xx.2024-cü il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 60 gün sonra (ilkin mediasiya sessiyasınadək 49 gün, ilkin mediasiya sessiyasından sonra 11 gün) həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da iddia müddətini 30 gün müddətə ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsinin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə erdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekbar 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbindən göründüyü kimi həmin maddənin tətbiq olunması üçün iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hallarla bağlı olmalıdır. Lakin İddiaçı Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi Publik hüquqi şəxsinə qarşı «işə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası üzrə ötürülmüş müddətin bərpası haqqında ərizə verməmiş, həmçinin iddia müddətini buraxması barədə məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. İddiaçı iddia müddətini ötürməsini yalnız «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsinin onu əvvəlki işinə bərpa edəcəyini ümid etməsi ilə izah etmişdir. Həmin hal isə iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hala, yəni Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbinə, habelə «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və hazırki iddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsinə qarşı «işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Ticarət və Xidmət üzrə X3 Təhsil Mərkəzi» publik hüquqi şəxsinə qarşı «işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar