Məhkəmə qərarları › İş №2(125)-3695/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3695/2024

24.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3695/2024 24.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri İcra Hakimiyyəti) əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması və cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12x4 metr ölçüdə olan ticarət köşkünün cavabdehin qanunsuz sahibliyindən geri alınmasına, cavabdehin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xankəndindən olan məcburi köçkün kimi Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12x4 metr ölçüdə olan ticarət köşkündə ticarətlə məşğul olur. Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12x4 metr ölçüdə olan ticarət köşkü uzun müddətdir ki, onun istifadəsindədir. Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 137 nömrəli, 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən ona Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12x4 metr ölçüdə olan ticarət köşkünün qoyulmasına sərəncam verilmişdir. İstifadəsində olan həmin qeyri-yaşayış sahəsini tanışı Fərhad vasitəsi ilə cavabdehə icarəyə vermişdir. Cavabdeh onun icarə haqqını bir müddət ödədikdən sonra artıq son aylardır ki, icarə haqqını ödəmir. Dəfələrlə o, cavabdehə xəbərdarlıq etmişdir ki, ya icarə haqqını ödəsin, ya da ki, qeyri-yaşayış sahəsindən çıxsın. Lakin cavabdeh onun qeyri-yaşayış sahəsini təhvil verməkdən imtina edir. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını pozur. Bununla da, hüquqlarından istifadə edib məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişində Gəncə şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, həmin köşkü Fərhad adlı şəxs qoymuşdur, 2020-ci ildə sözügedən ticarət köşkünü Fərhad adlı şəxsdən hər ay 2700 manat qarşılığında icarəyə götürmüşdür. Bir müddət – 1 il 2 ay işlədəndən sonra Fərhad adlı şəxs Bakıya getdiyini bildirərək ticarət köşkünü satışa çıxarmışdır, 2022-ci ildə maşınını satıb, bankdan kredit götürərək Fərhad adlı şəxsə həmin köşk üçün 70000 manat məbləğində pul vermişdir. İddiaçını tanımır və bugünədək görməmişdir. Köşkün heç bir hüquqmüəyyənedici sənədi yoxdur, həmin köşklər şəhid ailələrinə verilmişdir. Fərhad adlı şəxsə köşkün müqabilində 70000 manat məbləğində pul verərkən ondan heç bir sənəd tələb etməmişdir. Həmin köşkü tikib ərazisini artırmışdır. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 137 nömrəli, 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən İddiaçı Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün qoyulmasına icazə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-8515/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə sözügedən ticarət köşkünün yerləşdiyi sahənin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-57/2-24657/2024 nömrəli vəkil sorğusuna cavab məktubuna əsasən iddiaçının müraciəti əsasında Gəncə Şəhər Baş Polis İdarəsində hazırda araşdırılması aparılan material üzrə toplanmış sənədlərin (izahat və şəxsiyyət vəsiqələrinin) kserosurətləri göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış X2 bildirmişdir ki, Cavabdeh onun qardaşıdır, 2020-ci ildən qardaşı İlham Nizami prospekti ilə Heydər Əliyev prospektində yerləşən indiki “Oscar” adlı obyekti Fərhad adlı şəxsdən icarəyə götürmüşdür. İlham hər ay 2750 manat məbləğində pulu Fərhad adlı şəxsə icarə müqaviləsi olaraq vermişdir. 2022-ci ildə Fərhad adlə şəxs həmin obyekti satmaq istədiyini bildirmişdir. İlham həmin obyektin ona satılmasını istədikdə, Fərhad adlı şəxs həmin obyektin 70000 manat məbləğində satılmasını demişdir. İlham özünəməxsus “Prado” markalı avtomobilini 37000 manata satıb, yerdə qalan pulu isə öz tanışlarının köməkliyi ilə düzəldib, onun, Fəqanın, Fərhadın və İlhamın iştirakı ilə alqı-satqı etmişlər. Həmin obyektlə bağlı əlində heç bir sənəd yoxdur, lakin İlham vergi ödəyicisi olaraq həmin obyektin vergisini ödəyir. Həm də həmin obyekt yüngül konstruksiya olduğu üçün müddətli olaraq Fərhad adlı şəxs tərəfindən İlhama icazə verilmişdir. Hazırda həmin obyekti İlham özü işlədir. Araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, Cavabdeh onun dostudur, indiki adı “Oskar” olan obyekt Fərhad adlı şəxs tərəfindən 2020-ci ildən İlhama icarəyə verilmişdir. 2022-ci ilin yay aylarında Fərhad İlhama yaxınlaşaraq obyektin satılmasını bildirmişdir. İlham həmin obyektn ona satılmasını istəmişdir. O isə ona 70000 manat verməsini bildirmişdir. İlham oz “Toyota Prado” markalı avtomobilini 37000 manata sataraq yerdə qalan pulu digər tanışlarından alıb onun, qardaşı Sərvərin yanında əlbəəl 70000 manata Fərhad adlı şəxsə vermişdir. İlham, Sərvər, Fərhad və Qadir Bakıda hər hansı bir kafedə obyektin satışı ilə əlaqədar söhbət etmişlər, Fərhad orada Qadirə həmin obyekti 70000 manat məbləğində İlhama satdığını etiraf etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlum olur ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 137 nömrəli, 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən iddiaçıya Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün qoyulmasına icazə verilmişdir. Beləliklə, Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində iddiaçıya qoyulmasına icazə verilmiş 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün qanuni sahibi iddiaçıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci və 152.3-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (MM, maddə 158.1.2). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (MM, maddə 158.2). Qeyd edilən müddəalardan çıxış edərək məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdeh iddiaçının qanuni sahibliyində olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Sözügedən ticarət köşkünün qanuni sahibinin iddiaçı olması işin yuxarıda qeyd edilən mübahisəsiz halları ilə müəyyən edilir. Həmin ticarət köşkünün cavabdehin qanunsuz sahibliyində və istifadəsində olması da iş materialları, eləcə də cavabdeh tərəfin izahatı ilə təsdiq edilir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsindən istifadə edir. Lakin Cavabdeh mübahisə predmeti olan ticarət köşkünün onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir, əksinə cavabdeh sözügedən ticarət köşkünə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmadığını etiraf etmişdir. Cavabdeh ümumi sözlərlə sözügedən qeyri-yaşayış sahəsini Fərhad adlı şəxsdən satın adlığını bildirmiş, sözügedən şəxsin kimliyi, onun həmin əmlaka aidiyyəti barədə, ümumiyyətlə qeyd etdiyi halları və beləliklə də iddianın əsassızlığını təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən əsaslar, sözügedən Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində iddiaçıya qoyulmasına icazə verilmiş 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün hazırda Cavabdeh qanunsuz istifadəsində olduğunu deməyə əsas vermiş olur. Göründüyü kimi, şərh edilən hallar Mülki Məcəllənin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasına əsas verir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (MM-nin 164.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nin 165.1-ci maddəsi). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən ticarət köşkünün qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin isə həmin ticarət köşkünə dair hər hansı hüquqları mövcud olmadığından o, həmin ticarət köşkündən əşyaları ilə birlikdə çıxmağa borcludur. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçının qanuni sahibliyində olan ticarət köşkü cavabdehin qanunsuz sahibliyindən geri alınmalı və cavabdeh həmin köşkdən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin təmin olunmasına baxmayaraq qiymətləndirilməyən iddia üzrə dövlət rüsumunun ödənilməsi hissədə cavabdehin məcburi köçkün olması nəzərə alınmalı, məhkəmə xərci cavabdehə aid edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində qoyulmasına İddiaçı icazə verilmiş 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkü Cavabdeh qanunsuz sahibliyindən geri alınsın və Cavabdeh həmin ticarət köşkündən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar