Məhkəmə qərarları › İş №2(125)-3718/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3718/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3718/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin Cavabdeh qarşı qeyri-qanuni zəbt edilmiş mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun ailə üzvlərinin qeyri-qanuni olaraq tutduqları ünvan binanın 33 saylı otağından çıxardılaraq həmin otağın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan bina (yataqxana) Gəncə şəhəri MKTİB-in balansına aiddir. Həmin binanın 33 saylı otağında X3 oğlu ilə birlikdə yaşamışdır. X3 vəfat etmişdir, oğlu isə hazırda hərbi xidmətdədir. xx.xx.2024-cü il tarixli Birliyə daxil olmuş xidməti məlumat vasitəsi ilə Birliyə məlumat verilmişdir ki, cavabdeh həmin mənzilin qapısını özbaşına şəkildə sındıraraq otağa daxil olmuş və hazırkı vaxtadək həmin otaqda yaşayır. Birlik tərəfindən cavabdehə dəfələrlə özbaşına tutduğu otağı boşaltmalı olduğu ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh həmin otaqdan çıxmaqdan imtina edib. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə etdi ki, mübahisəli otağın yerləşdiyi bina dövlət mülkiyyətində olmaqla iddiaçı Birliyin balansındadır. Nümayəndə qeyd etdi ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə Gəncə Toxuculuq kombinatının balasında olan 81 yaşayış binası, o cümlədən hazırda adıçəkilən bina əvəzsiz olaraq MTİT-in (hazırkı iddiaçının) balansına verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, sözügedən otaqda yaşamaq üçün heç bir qanuni əsas yoxdur, hazırda həmin otaqda özü, arvadı və 3 uşağı yaşayır. Başqa qalmağa yeri yoxdur, qabaqdan qış ayları gəlir, buna görə də həmin otaqda ailəsi ilə birgə yaşamasına icazə verilməsini xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin rəisinə Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin 9 nömrəli Xidmət Sahəsinin rəisi tərəfindən ünvanlanmış 14 may 2024-cü il tarixli, 23 nömrəli xidməti məlumatda bildirilmişdir ki, xidməti ərazidə - Gəncə şəhəri, Atatürk prospekti, 197-ci kvartal, bina 1, mənzil 33-də Cavabdeh qapının kilidini sındıraraq özbaşına, qanunsuz olaraq məskunlaşmışdır. Həmin otaq hazırda X2 məxsusdur. Mənzil sahibəsi vəfat etmişdir, lakin mərhumun oğlu qalmışdır və o hazırda hərbi xidmətdədir. Odur ki, tədbir görülməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan, 27 may 2024-cü il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, X1 şəhəri, Atatürk prospekti, 197, 1 saylı binanın 33 saylı otağında qeydiyyatdadır. Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 10- 333 nömrəli, 23 iyul 2024-cü il tarixli şifahi sorğuya cavab məktubundan görünür ki, ünvan bina MKTİB-nin balansına aiddir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1997-ci il tarixli, 4809 nömrəli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Gəncə Toxuculuq kombinatının balasında olan 81 yaşayış binası əvəzsiz olaraq MTİT-in balansına verilmişdir. İddiaçı tərəfin nümayəndəsinin izahatına görə, MTİT-in balansına verilmiş binalar sırasında ünvan ünvanda yerləşən yataqxana da yer alır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən cavabdehə verilmiş 12760 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarətini almışdır. “Xəstəliklər cədvəli”nin 14ç, 23ç maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi xidmətə yararlıdır. Beləliklə, iş materiallarına əlavə olunmuş Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1997-ci il tarixli, 4809 nömrəli sərəncamdan, Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş şifahi sorğuya cavab məktubundan, iddiaçının nümayəndəsinin izahatından görünür ki, Gəncə Toxuculuq kombinatının balasında olan 81 yaşayış binası – həmçinin ünvan ünvanda yerləşən yataqxana əvəzsiz olaraq MTİT-in balansına verilmişdir, ünvan bina hazırda da Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan binanın 33 saylı otağı dövlət mülkiyyətində olmaqla, iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin balansındadır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Həmin otağın Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olması iş materialları, eləcə də Cavabdeh izahatı ilə təsdiq edilir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh həmin otaqda yaşayır. Lakin Cavabdeh mübahisə predmeti olan otağın onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə cavabdeh sözügedən otağı hər hansı qanuni əsas olmadan tutduğunu etiraf etmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən əsaslar isə, sözügedən ünvan binanın 33 saylı otağının hazırda Cavabdeh qanunsuz istifadəsində olduğunu deməyə əsas vermiş olur. Göründüyü kimi, şərh edilən hallar Mülki Məcəllənin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasına əsas verir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının qanuni sahibliyində olan ünvan binanın 33 saylı otağından məcburi qaydada çıxarılmalıdır. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (MM-nin 164.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nin 165.1-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən yataqxananın qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, Cavabdeh isə həmin yataqxananın 33 saylı otağına dair hər hansı hüquqları mövcud olmadığından o, həmin yataqxananın 33 saylı otağından çıxmağa borcludur. Bununla belə, məhkəmə hesab edir ki, “Cavabdeh ailə üzvlərinin otaqdan çıxarılaraq otağın boşaldılması” hissədə tələb qeyri-müəyyən olduğundan, yəni həmin şəxslərin kimlər olduğu konkret göstərilmədiyindən iddia tələbi bu hssədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qismən təmin olunmasına baxmayaraq qiymətləndirilməyən iddia üzrə dövlət rüsumunun ödənilməsi hissədə cavabdehin müharibə iştirakçısı olması nəzərə alınmalı, məhkəmə xərci cavabdehə aid edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 197-ci kvartal ünvanında yerləşən 1 saylı binanın 33 saylı otağından çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar