Məhkəmə qərarları › İş №2(125)-3739/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3739/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3739/2025 28.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən Əzizbəyov (keçmiş “Dmitrov”) adına kolxozda kolxozçu-fəhlə kimi işləməsi və əmək haqqı alması faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Əzizli kəndində doğulmuşdur, hal-hazırda Rusiya Federasiyası vətəndaşıdır. 1986-cı ildə Goranboy rayonunun Səmədabad kəndinə ərə gəlmişdir. 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləmişdir. Hazırda pensiyaya çıxmaq istəyir, lakin ona lazımdır ki, “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləməsi də pensiyaya çıxanda nəzərə alınsın. Bunun üçün o, Rusiya Federasiyası Komi Respublikasının İnta şəhərinin pensiya idarəsinə müraciət etmiş, xahiş etmişdir ki, 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləməsi də nəzərə alınsın. Ona həmin idarədən bildirmişdirlər ki, bu barədə müvafiq arayış və məhkəmə qətnaməsi də təqdim edilməlidir. O, Goranboy rayonunun Səmədabad kəndində yaşayan qohumu X7 notarial qaydada təsdiq edilmiş etibarnamə göndərmişdir ki, onun adından lazım olan bütün hüquqi hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət X1 xx.xx.2024-cü il tarixli arayışla cavab verilmişdir ki, Goranboy rayon Əzizbəyov (keçmiş Dmitrov) kolxozunun mühasibatlıq sənədləri 1992-ci ildə kolxozun inzibati binasında yanğın hadisəsi baş verdiyindən bina və sənədlər yanaraq məhv olmuşdur. Bu səbəbdən kolxozun mühasibatlıq sənədləri mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İddia tələbi ondan ibarətdir ki, onun 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləməsi və əmək haqqı alması faktı məhkəmə qaydasında müəyyən edilsin. Həmin faktların müəyyən edilməsi o, pensiyaya çıxanda 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləməsi və əmək haqqı alması faktlarının nəzərə alınması üçün hüququnun olmasının təsdiq edilməsinə görə lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq həmin dövrdə sözügedən kolxozda işləyən işçilərin heç birinin əmək kitabçasının verilmədiyini göstərərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X4 ərizəni qəbul etməyib məhkəməyə yazılı etirazlarını da təqdim etdiklərini bildirərək izahatında göstərdi ki, ərizəçi tərəfindən 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə kimi işləməsinə dair ərazi nümayəndəliyindən alınmış arayış rəsmi sənədlər əsasında deyil, şifahi mülahizələr əsasında tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər də qeyri-müəyyən ifadələr verməklə, onların özlərinin ərizəçi tərəfindən göstərilən müddətdə ərizəçi ilə birgə sözügedən kolxozda işləmələrini, yaxud da ümumiyyətlə həmin kolxozda işləmələrini təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. Buna görə də ərizə əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu yazılı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü ərizəçi X6 1987-1991-ci illərdə Goranboy rayon Səmədabad kəndində Əzizbəyov kolxozunda (keçmiş "Dimitri" adına kolxozda) kolxozçu-fəhlə kimi işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsinə qoşma kimi əlavə etdiyi Goranboy rayon Dövlət Arxivinin 17 oktyabr 2024-cü il tarixli arayışında sözügedən kolxozda 1992-ci ildə yanğın hadisəsi baş verdiyi üçün kolxozun mühasibatlıq sənədlərinin mühafizə olunmaq üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdır. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Məhkəmə iclasında ərizəçinin vəsatəti üzrə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi kəndçi kimi tanıyır, həmçinin ərizəçinin yoldaşı ilə bir məktəbdə oxumuşdur. Hərbi xidmətdən gəldikdən sonra hər hansı peşəsi olmadığı üçün “Dmitrov” adına kolxozda traktorçu işləməyə başlamış, 50 yaşına kimi elə orada işləmişdir. Hansı müddətlərdə işlədiyini dəqiq xatırlamır, əsgərlikdən nə vaxt gəldiyini də unutmuşdur. O, kolxozda işlədiyi vaxt ərizəçi də pambıq alağı təmizləmiş, həmin kolxozda işləmişdir. Kolxoz dağılandan sonra ona əmək kitabçası verilməmiş, arxivin yandığı deyilmişdir. Həmin vaxt savadsızlıq olduğuna görə heç kim gələcəkdə təqaüdü fikirləşməmiş, hamı işləyib pulunu almışdır. Özünün də kolxozda işləməsi barədə sənədləri olmadığı üçün hazırda yaşa görə 220 manat sosial təqaüd alır. Məhkəmə iclasında ərizəçinin vəsatəti üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi ilə yaxın qonşu, həm də uzaq qohumdur. Ərizəçi hazırda Rusiyada yaşayır. O, özü 11 il Gəncədə işləmişdir. 1989-cu ilin oktyabr ayında ailə qurub Goranboya köçmüş, sovet hökuməti dağılana kimi, təxminən 90-cı illərə kimi “Dmitrov” adına kolxozda işləmiş, pambıq alağı təmizləmişdir. Ərizəçi ilə birlikdə yan-yana işləmişdirlər. Ərizəçinin yoldaşı da onlarla birlikdə pambıq alağı təmizləmişdir. Özü 1989-cu ildə işə başlayandan bəri ərizəçini də orada işləyən görmüşdür. Sovet hökuməti dağıldıqdan sonra orada işləyənlərin heç birinə əmək kitabçaları verilməmiş, arxivin yandığı deyilmiş, heç kimin staj müddəti bilinməmişdir. Özü də hazırda yaşa görə təyin olunmuş sosial təqaüd alır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- MYİ ******* seriya nömrəli vəsiqənin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı Raia Alıevaya xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən 1986-cı ildə Goranboy rayon Səmədabad kəndinə ərə gəlmiş, 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayon Səmədabad kəndində “Dmitrov” adına kolxozda kolxozçu-fəhlə işləmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Dövlət X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-18-190/2- 73/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il tarixdə Goranboy rayon Əzizbəyov kəndində Dmitrov adına kolxozun inzibati binasında yanğın hadisəsi baş vermiş, nəticədə binanın bütün tikinti materialları və sənədlər yanmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-15RA/Z-Ə- 140/1/2024 nömrəli arayışdan görünür ki, Goranboy rayon Əzizbəyov (keçmiş Dmitrov) kolxozunun mühasibatlıq sənədləri 1992-ci ildə kolxozun inzibati binasında yanğın hadisəsi baş verdiyindən bina və sənədlər yanaraq məhv olmuşdur. Bu səbəbdən kolxozun mühasibatlıq sənədləri mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi, ərizəçi 1987-ci ildən 1991-ci ilə qədər Goranboy rayonunun Səmədabad kəndində yerləşən Əzizbəyov (keçmiş “Dmitrov”) adına kolxozda kolxozçufəhlə işləməsini göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ərizəçinin təqdim etdiyi sübutlara əsasən qeyd olunan kolxozun yanması sübut olunsa da, lakin ərizəçi həmin kolxozda işləməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də həmin kolxozda işləmələrini göstərsələr də, bununla bağlı sənədləri olmadığı üçün sosial təqaüd aldıqlarını göstərmişdirlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13.4-cü bəndində qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar