Məhkəmə qərarları › İş №2(125)-3788/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3788/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3788/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus Gəncə şəhəri, R.Qasımov küçəsi, 2-ci döngə, ev 22-də olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 4 nömrəli ev onun mülkiyyətindədir. Cavabdeh oğlunun keçmiş arvadı olmuşdur. Cavabdehin ona məxsus evə köçürülməsi məhkəmə qətnaməsi ilə qət edilsə də, evə köçməkdən imtina etmiş, özünə məxsus əşyalarını evdən çıxardaraq köçüb başqa ünvanda yaşayır. Cavabdehin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur.Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddiaçı ilə eyni məzmunda çıxış edərək göstərdi ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsi olsa da cavabdeh qətnamənin icrası zamanı evə köçməkdən imtina etmiş, əmlaklarını həmin evdən çıxardaraq köçüb başqa ünvanda yaşayır. Cavabdehin hazırda iddiaçıya məxsus evdən hər hansı bağlılığı yoxdur. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi, 22 nömrəli evə 2012-ci ildə gəlin köçmüş və nikahlarını 2013-cü ildə rəsmiləşdirmişlər. Hazırda cehiz əşyaları həmin evdədir. Cehiz əşyalarının evdən çıxarılması ilə bağlı icra işi davam edir. 2021-ci ildən evdən çıxmışdır. 6 aydır ki, 2 azyaşlı uşağı ilə birgə 120 manat kirayə haqqı verməklə kirayədə yaşayır. Evdən öz razılığı ilə çıxmamışdır. Yoldaşı onu evdən qovmuş, qapının qıfılını dəyişmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1402/2020 saylı qətnaməsi ilə həmin evə istifadə hüququna xitam verilməsi ilə bağlı iddiaçıların tələbi rədd edilmişdir, həmin vaxtdan da evdən çıxmışdır. Evdən çıxmağa razı olmadığını, ona kompensasiya verilməli olduğunu qeyd edərək, iddianın əsassız olduğunu və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dinlənilmiş X5 izahatında göstərdi ki, ərizəçi İddiaçı qonşusudur. Yaqut Zərifənin keçmiş gəlnidir. Yaqut əmlaklarını çıxardandan sonra həmin evdə yaşamamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X4 və X6 adlarına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(044)- 1765/2015 nömrəli qətnaməsindən görünür ki, X3 uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, qeyd olunan icra sənədi icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 797 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda yaşamır. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, Ş.Ş 135944/18 nömrəli məktubdan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-893/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X4 yaşadığı Gəncə şəhəri, R.Qasımov küçəsi, 2-ci döngə, ev 22 ünvanında yerləşən tələbkar Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması qət edilmişdir. İcra sənədi qismən icra olunmuş və tərəflərindən tərtib edilmiş aktla təsdiq olunmuşdur. İcra sənədinin icrası davam etdirilir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, cavabdeh həmin mənzildən köçərək özünə başqa yaşayış yeri seçmişdir. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 4 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. MPM-in 119.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh dövlət rüsumu hesabına 100 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar