Məhkəmə qərarları › İş №2(125)-3867/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3867/2023

04.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3867/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 553 nömrəli 05 may 2014-cü il tarixli sərəncamı ilə iddiaçıya məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh 15 fevral 2015-ci il təvəllüdlü X8 və 04 iyul 2017-ci il təvəllüdlü X9 ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 201 nömrəli 04 fevral 2013-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün Gəncə şəhəri, Cavadxan küçəsindəki 400 kvadrat metr torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsində 114,1 kvadrat metr ölçüdə fərdi yaşayış evi inşa edildikdən sonra qeyd olunan hal Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçının 553 nömrəli 05 may 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Cavabdeh onun oğlu X5 ilə 29 aprel 2014-cü il tarixdə nikaha girmişdir. Cavabdeh və E.İddiaçı nikaha girdikdən sonra o, Gəncə şəhəri, Cavadxan küçəsindəki fərdi yaşayış evini müvəqqəti olaraq, həmin şəxslərə vermişdir. Cavabdeh və E.İddiaçı birgə nikahlarından 15 fevral 2015-ci ildə X8 və 04 iyul 2017-ci ildə X9 anadan olmuşdur. Lakin E.İddiaçı 07 may 2022-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. E.İddiaçı hərbiçi olmuş və Bakı şəhərində işləmişdir. Buna görə də Cavabdeh və E.İddiaçı Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən mənzildə qısa müddət ərzində yaşamışlar. Lakin E.İddiaçı ölümündən sonra Cavabdeh uşaqları ilə birlikdə köçərək həmin mənzildə yaşamağa başlamış, həmin mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə ona imkan verməmişdir. Hazırda onun özünün mənzilə ehtiyacı vardır. O, Cavabdeh fərdi yaşayış evinin təhvil verilməsini tələb etsə də, Cavabdeh onun tələblərinə məhəl qoymamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) S.T.Əsgərov məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, Cavabdeh 2 azyaşlı övladı ilə birlilkdə mənzildən çıxarılması tələbinə dair İddiaçı iddiası əsassızdır. Ona görə ki, qeyd olunan yaşayış evinə daır İddiaçı adına heç bir hüquqi sənəd yoxdur. Sadəcə olaraq Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2013-cü il tarixli 201 nömrəli sərəncamına əsasən 400 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Bundan başqa, qeyd torpaq sahəsinin üzərində inşa edilmiş evin tikilməsində və təmirində Cavabdeh atası şəxsən iştirak edərək, müəyyən məbləğdə vəsait xərcləmiş və özü də usta kimi işləmişdir. Evdə işləyən ustaların bir çoxu A.R.Mehvalıyevin atası tərəfindən dəvət olunaraq, işlədilmiş və onların pulunu öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh həmin evə gəlin köçdükdən sonra da yarımçıq qalan işləri əri ilə birlikdə başa çatdırmışdır. Digər tərəfdən Cavabdeh Ə.H.Mehvalıyevin oğlu ilə nikaha girərkən həmin evə gəlin köçmüş və hazırki vaxtadək də övladları ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh həmin evdən başqa yerdə yaşayış yeri yoxdur. Sonda S.T.Əsgərov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2013-cü il tarixli 201 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400 kvadrat metr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verlməsi Memarlıq və tikinti şöbəsindən xahiş edilmişdir. İş materiallarında olan fərdi yaşayış evinin qəbulu haqqında 03 iyul 2013-cü il tarixli aktın surətindən görünür ki, tikintisi başa çatmış fərdi yaşayış evi liter «A»-da sahələri 21 kvadrat metr və 23 kvadrat metr olan 2 yaşayış otağından, 45,2 kvadrat metr xidməti otaqdan, 11 kvadrat metr mətbəxdən, 54 kvadrat metr dəhlizdən, 3 kvadrat metr, 4,4 kvadrat metr hamamdan, 1,8 kvadrat metr tualetdən və 29,8 kvadrat talvardan ibarətdir. Yaşayış evinin divarları kub daşlardan inşa edilmiş, dam örtüyü ağac konstruksiyadan olmaqla 4 enişlidir və asbestsement şiferlərlə örtülmüşdür. Döşəmə və tavan taxta materialdandır. Divarlar daxildən gəc, xaricdən isə sement məhlulu ilə suvanıb. İşdə olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 may 2014-cü il tarixli 553 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən, X2 məxsus olan torpaq sahəsində razılaşdırılmış layihə sənədləri əsasında inşa edilmiş ümumi sahəsi 114,1 kvadrat metr, o cümlədən yaşayış sahəsi 43,3 kvadrat metr, talvar 29,8 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinin qeydiyyata alınması qərara alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 nömrəli Ərazi İdarəsinə Cavadxan qəsəbəsində yerləşən torpaq sahəsində tikintisi başa çatmış fərdi yaşayış evini qeydiyyata aldıqdan sonra mülk sahibinin müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsi tapşırılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh İddiaçı mərhum oğlu X3 arvadıdır. Hazırda Cavabdeh tərəflər arasında mübahisə predmeti olan və Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən fərdi yaşayış evində 15 fevral 2015-ci ildə anadan olmuş X8 və 04 iyul 2017-ci ildə anadan olmuş X9 ilə birlikdə yaşayır. İddiaçı həmin fərdi yaşayış evinə və eləcə də onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.3-cü maddəsinə görə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımdan ilk öncə subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından isə görünür ki, iddia tələbi yaşayış sahəsindən cavabdehin çıxarılmasından ibarətdir. Lakin nə mübahisəli yaşayış sahəsi üzərində, nə də həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də iddiaçının qeyd olunan yaşayış sahəsi üzərində mülkiyyət hüququ olmadığı kimi həmin yaşayış sahəsinə qanuni gözlənti hüququ da mövcud deyildir. Belə ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ və qanuni gözləntisi olmadığından, eləcə də həmin evdə yaşamadığından İddiaçı «Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 553 nömrəli 05 may 2014-cü il tarixli sərəncamına əsasən ona məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh 15 fevral 2015-ci il təvəllüdlü X8 və 04 iyul 2017-ci il təvəllüdlü X9 ilə birlikdə çıxarılmasını» tələb etmək üzrə subyektiv hüquqa malik deyildir və buna görə də iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar