Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3950/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və ailə üzvlərinin istifadələrinə verilmiş Gəncə şəhəri, "Yeni qəsəbə” 22 saylı binada yerləşən 23 nömrəli mənzilə dair 22 aprel 2014-cü il tarixli “22/23” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “22/23” nömrəli mənzildən çıxarılması, “22/23” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirmişlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 10 avqust 2017-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 22 saylı binada 23 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamadığı, mənzili qeyri qanuni olaraq Cavabdeh3 satdığı və həmin şəxsin mənzildə qeyri qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh3 yaşamasının qanunsuz olduğu bildirilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir. Qaydaların 3.2-ci bəndinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Məhkəmənin əvvəlki iclasında Cavabdeh3 izahatında göstərmişdir ki, o, qızı ilə birlikdə müvəqqəti olaraq tanışları olan Cavabdeh1 yaşadıqları Gəncə şəhərində yerləşən 1500 ailəlik qəsəbə, bina 22, 23 nömrəli mənzildə yaşamışdır. Məhkəmənin sonuncu iclasına Cavabdeh3 gəlməmişdir. Məhkəmə işə onun niştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün saymışdır. Cavabdeh1 iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunan zaman o da ailə üzvləri ilə birlikdə məcburi köçkün düşərək Gəncə şəhərində məskunlaşmışdır. Gəncə şəhərində, Dövlət proqramı əsasında inşa edilərək məcburi köçkünlərə verilən mənzillərdən ona və ailə üzvlərinə də (5 nəfərdən ibarət ailə üzvlərinə) verilmişdir. Mənzil onlara verildiyi vaxtdan bu günə qədər həmin mənzildə yaşamışlar və onların başqa yaşayış yerləri olmamışdır. Bir neçə vaxt bundan əvvəl işi ilə əlaqədar olaraq ipoteka ilə ev almış, lakin ödənişləri vaxtlı-vaxtında ödəyə bilmədiyindən qaytarmalı olmuşdur. O, 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının Strateji X1 Agentliyində zabit (baş leytenant) kimi hərbi qulluq keçir və onların Agentliyində öz X6ydaları, həmçinin müəyyən edilmiş dislokasiya məntəqələri mövcuddur ki, həmin məntəqələrdən müəyyən edilmiş dislokasiya normasından kənara çıxmaq pozuntu hesab edilir. O, dislokasiya məntəqəsini tərk edə bilməz. Bu əmrin qüvvədə olma müddəti isə qeyri müəyyəndir və dislokasiya məntəqəsindən kənara çıxmaq üçün müəyyən edilmiş məsafə var. Bu səbəbdən də o, müvəqqəti olaraq, şəxsi nəzarətində olmaları üçün ailə üzvlərini dislokasiya məntəqəsinə yaxın əraziyə aparmış və faktiki olaraq onlara müvəqqəti olaraq yaşamaq üçün verilmiş mənzilin 10-15 gün boş qaldığı halda sahə nəzarətçisi tərəfindən nəzarətə götürülərək, boşaldılmasını tələb edəcəyindən xəbərdar olduğundan və bunu mütləq şəkildə tələb edəcəyini bildiyi üçün o, mənzil boş qalmasın deyə öz yaxını olan Cavabdeh3 müvəqqəti olaraq xüsusi rejim aradan qalxana qədər mənzildə yerləşdirmişdir. Bundan sonra Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ona və ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən, məsələnin mahiyyətini araşdırmadan mənzilin boşaldılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, hal-hazırda 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yerləşən 1500 ailəlik qəsəbə, bina 22, 23 nömrəli mənzildə yaşayır. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iştirak etmiş, məhkəməyə ünvanlamış olduğu etirazın dəlillərinə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə işə onun niştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə şəhərində yerləşən 1500 ailəlik qəsəbə, bina 22, 23 nömrəli mənzildən çıxarılmalarına razı deyillər. Belə ki, Cavabdeh3 onların tanışları olduğundan müvəqqəti olaraq evlərində qalmışdır. Hazırda onların yaşayış yerləri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin və nümayəndənin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli 22/23 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS digər tərəfdən kirayəçi Cavabdeh1 kirayə müqaviləsi bağlamışlar və kirayəyə verən Gəncə şəhəri, "Yeni qəsəbə” 22 saylı binada yerləşən 23 nömrəli mənzildə ümumi sahəsi 65 kv.m., yaşayış sahəsi 32 kv.m ibarət 2 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçinin üzərinə kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qoyulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası QMKİÜDK MİD Gəncə şəhəri Yeni Qəsəbə MKİS-nin mühəndisi X4, MKİS-nin sahə nəzarətçisi Nümayəndə1 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, "Yeni qəsəbə” 22 saylı binada yerləşən 23 nömrəli mənzildə kirayə müqaviləsi olmadan kənar şəxslərin yaşaması aşkar edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası QMKİÜDK MİD Gəncə şəhəri Yeni Qəsəbə MKİS tərəfindən kirayəçi Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bina 22, 23 nömrəli mənzildə başqa şəxsin yaşadığı onun diqqətinə çatdırılmış və onun özünün həmin yaşayış sahəsindən istifadə etməli olması, əks halda müqavilənin ləğvi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehlərin mübahisəli xüsusi təyinatlı mənzildən çıxarılması ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Şəmşirov X2 rayonundan məcburi köçkün düşmüşdür. Ona ailə üzvləri ilə birlikdə istifadəsinə Gəncə şəhərində yerləşən 1500 ailəlik Yeni qəsəbənin 22 saylı binanın 23 nömrəli mənzilı (yaşayış sahəsi) verilmişdir. İddiaçı Təşkilat mübahisəli mənzilin xüsusi təyinatlı mənzil olduğunu və cavabdehlərin həmin mənzilə heç bir hüququnun olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılarkən əldə edilmiş rəsmi məlumatlardan müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir ailənin üzvləri olmaqla, onların mülkiyyətində olan hər hansı bir daşınmaz əmlak (yaşayış sahəsi) aşkarlanmır. Hazırda da mübahisəli mənzildə həmin ailə yaşayır. Məhkəmə hesab edir ki, Cavabdeh1 işi ilə bağlı olaraq ailənin müvəqqəti hallarda həmin mənzildən istifadə etməməsi mənzilin hazırki kirayə müqaviləsinin ləğvinə və Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları barədə qərar qəbul edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil xüsusi təyinatlı mənzillər kateqoriyasına aid olduğundan və hazırda həmin mənzildə kirayəçi Cavabdeh1 ailəsi yaşadığından məhkəmə hesab edir ki, ailənin həmin yaşayış sahəsinə ehtiyacı var, ona görə də onlara aid olan hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 aid olan hissəsi ilə bağlı qeyd edir ki, onun Gəncə şəhərində yerləşən 1500 ailəlik qəsəbə, bina 22, 23 nömrəli mənzilə dair heç bir istifadə hüququ yoxdur, buna görə də iddia tələbi onun həmin mənzildən çıxarılması hissəsində əsaslı olduğundan təmin edilməli və Cavabdeh3 Gəncə şəhərində yerləşən 1500 ailəlik qəsəbə, bina 22, 23 nömrəli mənzilindən çıxarılmasına dair qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh3 Gəncə şəhəri, Yeni qəsəbədə (1500 ailəlik) yerləşən 22 nömrəli binanın 23 nömrəli mənzildən çıxarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3950/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3950/2024
08.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver