Məhkəmə qərarları › İş №2(125)-3951/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3951/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3951/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X12, Cavabdeh1 iştirakı ilə, Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 və Cavabdeh2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilinə dair xx.xx.2014-cü il tarixli, 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin həmin mənzildən çıxardılaraq, mənzilin boşaldılması və Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X20 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin» verilməsi qaydası təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2014-cü il tarixli, «5/8» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 qaydanın tələbinə uyğun olaraq dövlət proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 5 saylı binada 8 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadıqları məlum olmuş və mənzilin kənar şəxs X2 verildiyi müəyyən edilmişdir. Sahə rəisi Cavabdeh1 və Cavabdeh2 mənzildə yaşamadıqlarını əsas gətirib onlara mənzilin başqa şəxslərə kirayə verilməsinin qanunsuz olduğu bildirərək mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsə də nəticəsi olmamışdır. X8 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, müvəqqəti yaşamaq üçün ona verilən Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilini daimi olaraq öz təyinatına uyğun olaraq istifadə etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin onun mənzili kirayə verdiyini iddia etdiyi X11 və sonuncunun oğlu Samir onların qohumudur. X11 toy şənliyində iştirak etmək məqsədi ilə onların yaşadığı mənzilə qonaq gəlmiş və həmin mənzildə bir neçə gün yaşamışdır. Bu zaman Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əməkdaşları tərəfindən X4 izahat, ondan isə işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı ərizə almışlar. Lakin sonradan o, imza etdiyi ərizənin işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı deyil, fərqli məzmunda olduğunu bilmişdir. O, daim mübahisə predmeti olan mənzildə yaşamış və heç vaxt həmin mənzili tərk etməmişdir. Buna görə də iddia əsassızdır. X9 onun atasının doğma xalası qızı olmasa da, xalası qızıdır. Lakin o, Ç.İ.Məmmədovanın anasının, qardaşının və bacısının adlarını bilmir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və Azərbaycan Respublikasının Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin surətindən görünür ki, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh1 və onun ailə üzvləri olan X13 və X14 müvəqqəti istifadəsinə verilmişdir. Həmin müqavilənin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıqmüddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.7.2-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.4.1 və 5.4.5-ci bəndlərinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr sinə yetirilmədikdə və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilinə baxış keçirilərkən həmin ünvanda X6 iki nəfər ailə üzvü ilə birlikdə yaşadığı müəyyən edilmişdir. Aktların doğruluğunu MKİS-in mühəndisi X20, sahə nəzarətçisi X10 və X9 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Cavabdeh1 xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, maddi vəziyyəti ağır olduğu üçün özü anasının yanında qalır. Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilini Kəlbəcər rayon sakini Samir adlı şəxsə aylıq 150 manat kirayə haqqı ödəmək şərtilə kirayəyə vermişdir. Samir sözügedən ünvanda anası Çiçəklə birlikdə yaşayır. Qısa müddət ərzində kirayəçini çıxarıb, öz yaşayışını təmin edəcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2 nömrəli və xx.xx.2024-cü il tarixli, 287 nömrəli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilində yaşayışını təmin etmədiyi təqdirdə müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, müqavilənin ləğvinə dair bildiriş Cavabdeh1 təqdim olunması üçün X7 təqdim edilmişdir. İş materiallarında olan X6 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilində yaşayır. Cavabdeh1 onun qohumu olduğu üçün kirayə haqqı ödəmir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3951/2024 nömrəli qərardadından görünür ki, Cavabdeh1 iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli izahatda olan yazı nümunələrinin və imzanın ona məxsus olmadığını bildirildiyindən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəmyə daxil olan ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli izahatda olan imza ona məxsus olduğundan iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Aygün Səlimova, Mübariz Bəşirov, Hüsniyyə Səfiyeva, Şirinnaz Əliyeva, Könül Vəliyeva, Məhəbbət İsmayılova, Türkanə Azadova və Aynurə İbrahimova adına tərtib olunmuş ərizədə həmin şəxslər Cavabdeh1 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilində 2014-cü il tarixdə bu yana yaşadığını və sözügedən mənzili kirayəyə vermədiyini qeyd etmişlər. Məhkəmə cavabdeh V.Z.Orucavanın izahatında iddiaya etirazının əsası kimi Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilində daimi yaşamasına və mənzili kirayəyə verməməsinə, eləcə də xx.xx.2023-cü il tarixli izahatın məzmunundan məlumatsız olmasına və həmin mənzildə özünün daimi yaşamasına, habelə qohumu X6 mübahisəli mənzildə yalnız qonaq qisimində bir neçə gün yaşamasına dair göstərdiyi xüsusatları digər sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusatlar sübutların məcmusu ilə təkzib olunur, ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Belə ki, mülki işin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı Cavabdeh1 xx.xx.2023-cü il tarixli izahatdakı yazının və imzanın ona aid olmadığını, ümumiyyətlə həmin izahatdan məlumatsız olduğunu bildirmişdir. Qeyd olunan xüsusatın yoxlanılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır. Lakin həmin məhkəmə iclasından dərhal sonra Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli izahatdakı imzanın ona məxsus olduğunu bildirərək, məhkəmə-xətşünaslıq ekspertizasının rəyini almadan yekun məhkəmə aktının qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli izahatda isə Cavabdeh1 anasının yanında yaşadığını və Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilini Samir adlı şəxsə 150 manat məbləğinə kirayə verdiyini, Samirin anası Çiçəklə birlikdə yaşadığını göstərmişdir. X3 xx.xx.2024-cü il tarixdə verdiyi izahatda Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilində oğlu Samirlə birlikdə yaşadığını və Cavabdeh1 onunla qohum olduğuna görə kirayə ödəmədiyini bildirmişdir. Göründüyü kimi qeyd olunan izahatlar Cavabdeh1 və Ç.İ.Məmmədova tərəfindən ayrı-ayrı vaxtlarda verilmiş və təxminən eyni məzmunu ehtiva etmişdir. Digər tərəfdən xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlarda Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilinə baxış zamanı X6 2 nəfər ailə üzvü ilə birlikdə həmin mənzildə yaşadığı qeyd olunmuş, həmin aktların həqiqiliyi Ç.İ.Məmmədova tərəfindən təsdiq edilmişdir. Həmin aktların tərtib edildiyi tarixlər arasında ötən 5 ay 17 gün müddətdə isə Ç.İ.Məmmədovanın qonaq qismində Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilində yaşaması ağlabatan deyildir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı (məhkəmə iclasının audio-video qeydlərinin 10-15-ci dəqiqələri) V.Z.X1 onun atasının doğma xalası qızı olmasa da, xalası qızı olduğunu, lakin Ç.İ.Məmmədovanın anasının, qardaşının və bacısının adlarını bilmədiyini göstərmişdir. Halbuki, qohumluq əlaqələrinin hansı qaydada qurulmasını və Ç.İ.Məmmədovanın özündən əvvəlki qohumları, yaxud Ç.İ.Məmmədovanın anasını, bacısını, qardaşını və digər qohumlarını tanımadan birbaşa Ç.İ.Məmmədovanı qohum adlandırmaqla, ona məhz bu əlaqəyə görə yaşayış sahəsi verməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında xx.xx.2023-cü il tarixli izahatdakı imzanın ona məxsus olmamasını bildirməsi və daha sonra məhkəmə iclasındakı izahatını təkzib etməklə, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməməsini xahiş etməsi, həmçinin habelə Ç.İ.Məmmədovanın izahatı və 5 ay 17 gün fərqlə tərtib olunmuş 2 ayrı aktın mövcudluğu, Ç.İ.Məmmədovanın izahatının və qeyd olunan aktların həqiqiliyinin mübahisələndirilməməsi V.Z.Orucavanın məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatların həqiqətəuyğun və iddianın rədd edilməsinə əsas olmamasına dəlalət edir. Həmçinin məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, cavabdeh V.İ.Orucova tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədəki xüsusatların həqiqiliyi iş üzrə sübutların məcmusu ilə təkzib olunur və yekun məhkəmə qərarının qəbulu zamanı sübut kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nə əsasən Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzili müvəqqəti yaşamaq üçün Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lakin həmin yaşayış sahəsi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin 2.4.2-ci və 5.7.1-ci bəndlərinə zidd olaraq, Cavabdeh1 tərəfindən digər şəxsin – X6 istifadəsinə verilmiş və Cavabdeh1 qeyd olunan səbəbdən fasiləsiz olaraq 3 aydan artıq müddətdə həmin mənzildə yaşamamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən müqavilə şərtlərinə əməl olunmamasına görə müqavilənin ləğv ediləcəyi barədə Cavabdeh1 çoxsaylı xəbərdarlıqlar edilmişdir. Hətta xx.xx.2023-cü il tarixdə Cavabdeh1 izahatı alınmış, bundan 2 ay 14 gün sonra akt tərtib olunmuş, 9 ay sonra mənzildə faktiki yaşayan X6 izahatı alınmış və eyni tarixdə təkrar akt tərtib edilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə akt tərtib olunmaqla, müqavilənin ləğvinə dair bildiriş Ç.İ.Məmmədovaya təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq aşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı aşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya Bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə istifadəsinə verir. Həmin Məcəllənin 99.6-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin, verilməsi» Qaydasının 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2 Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3 Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgə yaşayış qaydalarına əməl etməlidirlər. 3.5 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6 Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7 Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Qanunvericiliyin qeyd olunan normalarının, habelə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin şərtlərindən göründüyü kimi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsinin başqasının istifadəsinə verilməsi və həmin yaşayış sahəsindən əsas yaşayış sahəsi kimi istifadə edilməməsi müqavilənin ləğv edilməsi üçün əsasdır. Buna görə də Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin, verilməsi» Qaydasının 3.3 və 3.7-ci bəndlərinə, habelə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin 5.7-ci bəndinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin ləğvinə dair bildirişlər ünvanlamış və bununla da həmin müqavilə ləğv edilmişdir. Məhkəmə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilin Cavabdeh1 tərəfindən digər şəxsin – X6 istifadəsinə verilməsini və Cavabdeh1 qeyd olunan səbəbdən fasiləsiz olaraq 3 aydan artıq müddətdə həmin mənzildə yaşamamasını nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin ləğv edilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilindən çıxarılması tələbinə dair hissədə iddia əsaslıdır. Lakin cavabdehlərlə yaşayan digər şəxslərin sözügedən mübahisəli yaşayış evindən çıxarılması hissəsində iddia tələbini əsassız hesab edərək məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbində həmin şəxslərin konkret kimlərdən ibarət olduğunu göstərməmişdir. Bu isə ona dəlalət edir ki, bu tələb, iş üzrə tərəf olmayan qeyri-müəyyən şəxslərə yönəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Deməli, işə baxan məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyrimüəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi» ləğv edilmiş hesab edilməli, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5/8 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi» ləğv edilmiş hesab edilsin. Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən 5 nömrəli evin 8 nömrəli mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar