Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3970/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Ərizəçi iş stajının müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdən 2009-cu il tarixədək olan müddətdə “R.R” firmasında işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, ərizəçi xüsusi icraat qaydasında ərizənin verilməsinə görə Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən 100 manat dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsumunun ödənilməsi barədə qəbz ərizəyə əlavə edilməmişdir. Bundan başqa ərizəçi xüsusi icraat qaydasında verdiyi ərizədə maraqlı şəxs barədə məlumatları göstərməmişdir. Həmçinin ərizəçi ərizənin məzmununa dair digər tələblərə də riayət etməmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, yaşa görə pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, əmək kitabçasında işdən azad olunması barədə tarix qeyd olunmadığı üçün “RR” firmasında işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Buna görə də onun xx.xx.1996-cı il tarixdən 2009-cu ilədək “RR” firmasında işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ilk növbədə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar təqdim etməlidir. Lakin ərizəçi əmək kitabçasında işdən çıxma tarixi barədə qeydin aparılması üçün “RR” firmasına müraciət etməsi, həmin firma tərəfindən belə qeydiyyatın aparılmasının mümkünsüzlüyü, eləcə də işdən çıxmasını təsdiq edən əmrin və ya digər bu kimi sənədin əldə edilməsinin mümkünsüzlüyü barədə sübutlar təqdim etməmişdir. Eyni zamanda ərizəçi öz ərizəsində yuxarıda göstərilən hallarla yanaşı, müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın hansı sübutlarla təsdiq ediləcəyini də əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi kimi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu, 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi iş stajının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-3970/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3970/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver