Məhkəmə qərarları › İş №2(125)-4/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4/2025 17.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1955/2021 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1955/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29044)-717/2022 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1955/2021 nömrəli qiyabi qətnaməsi ləğv edilərək, işə tərəflərin iştirakları təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Saib Təbrizi küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi ona məxsusdur. Sözügedən evi alqı-satqı yolu ilə Mustafayeva Tünzalədən almışdır. Həmin torpaq sahəsini 1996-cı ildə Mahmud adlı şəxs almış, bir hissəsini Naziləyə satmış, Nazilə isə Mustafayeva Tünzaləyə satmışdır. Nazilə hazırki iş üzrə Cavabdeh1 xalasıdır. Onlar yaşlı qadının xəstəliyindən istifadə edib torpağı özəlləşdirməyə çalışırlar. Torpağı alanda torpaqda yarımtikili olmuş, ancaq pasportu olmamış, özü evə pasport çıxartmışdır. Cavabdehlər qanunsuz olaraq onun evini zəbt etmişdirlər. Cavabdeh2 digər Cavabdeh1 yoldaşıdır. 2021-ci ilin aprel ayından etibarən qapını qırıb içəri girmişdirlər. Hətta bir müddət cavabdehlər özləri Sevinc qəsəbəsində yaşamış, hazırki mübahisəli evə kirayəçiləri yerləşdirmişdirlər. O isə həmin kirayəçilərdən evdən çıxmalarını tələb etdikdə onları başqa adamın bura yerləşdirdiyini deyib, evdən çıxmamışdırlar. Cavabdehlər inzibati məhkəməyə müraciət etsələr də iddiaları təmin olunmamış, onun xeyrinə qərar çıxarılmışdır. Hazırda evinə girə bilmədiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, əməliyyat olunduğuna görə hazırki mübahisələrlə məşğul ola bilmədiyini və icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, onlar torpaq sahəsini 2006-cı ildə bələdiyyədən almış, bələdiyyə ilə aralarında alq-satqı olmuşdur. Həmin torpaq sahəsindəki evi də 2006cı ildə atası tikdirmişdir, ancaq evin sənədi olmamışdır. Onlar daşınmaz əmlaka getdikdə 2 sot torpağın mübahisəli olduğu, həmin evin isə mübahisəli torpaq sahəsinə düşdüyü deyilmişdir. İddiaçı evi yox, torpaq sahəsini almış, özü direllə qapını qırıb içəri girmişdir. Bu işlə bağlı hüquq-mühafizə orqanlarına və prokurorluğa şikayət etmişdirlər. İnzibati məhkəmənin qərarından şikayət vermə müddətini ötürmüşdürlər, ancaq sənədləri düzəldib yenidən məhkəməyə müraciət edəcəkdirlər. İddia tələbi əsassız olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş : -xx.xx.2021-ci il tarixli, **********81 nömrəli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədləri və elektron baza məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2021-ci il tarixli, **********90-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Əlavə olaraq ünvan 2 ünvanının (keçmiş ünvan 3ən fərdi yaşayış evinin hal-hazırda Gəncə şəhəri, Nizami rayonu inzibati ərazisi daxilində olduğu bildirilmişdir. -Gəncə şəhəri 1 saylı notariat ofisində 4Ə-45 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Nizami rayonu, Rizvan Nağıyev küçəsi, 19 ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini alqı-satqı qiyməti 1200 manat olmaqla alıcı İddiaçı satmışdır. -xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışın əsli ilə üzləşdirilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla, tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2514/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-115/2022 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-331/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-115/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-331/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-331/2023 nömrəli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-756/2024 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədlərdə düzəliş edilməsi tələbinə dair iddiası iddiaçının subyektiv hüququ olmaması ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(102)-92/2025 nömrəli qərardadından çıxarışdan görünür ki, Gəncə Apellasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2024-cü il tarixli, 2-1(104)- 460/2024 nömrəli qərardadından iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi onun mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evində qalmalarının hüquqi əsası olmadığından onlar həmin evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Saib Təbrizi küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar