Məhkəmə qərarları › İş №2(125)-4022/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4022/2023

14.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4022/2023 14.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 nömrəli binanın 2* nömrəli otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Ə.İ.Məmmədov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli bina Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına aiddir. Həmin binanın 2* nömrəli otağı Kirovabad şəhəri X1* İcraiyyə Komitəsinin 17 aprel 1984-cü il tarixli 384 nömrəli orderi ilə X4 istifadəsinə verilmişdir. Hazırda həmin mənzildə mərhum X4 qızı X6 tək yaşayır. Cavabdeh1 2**5-ci ildə, Cavabdeh2 2*13-cü ildə, Cavabdeh3 2*17-ci ildə nikaha girmiş və gəlin köçüb, başqa ünvanda yaşamağa başlamışlar. Hazırki halda X6 qeyd olunan mənzili özəlləşdirmək istəsə də, cavabdehlər mənzildə qeydiyyatda olduqları üçün mənzilin özəlləşdirilməsi mümkün deyildir. Buna görə də Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ə.İ.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağı Kirovabad şəhəri X1* İcraiyyə Komitəsinin 17 aprel 1984-cü il tarixli 384 nömrəli orderi əsasında X4 istifadəsinə verilmişdir. O və cavabdeh qismində göstərilən digər bacıları da uşaq yaşlarından həmin evdə yaşamış, orada böyümüş və həmin otaqdan istifadə hüququ əldə etmişlər. Lakin o, 2**5-ci ildə nikaha girmiş və həmin tarixdən sonra gəlin köçərək başqa ünvanda yaşamışdır. Bundan sonra o, həmin otaqda yaşamasa da həmin otaqdan istifadə hüququnun itirilməsini istəmir. Belə ki, onun və digər bacılarının otaqdan istifadə hüququnun itirilməsindən sonra mənzil orada yaşayan başqa bacısı X3 adına özəlləşdirilə və son nəticədə isə Cavabdeh3 tərəfindən satıla bilər. Belə olan halda isə X3 yaşamağa başqa yeri olmadığına görə Güntəkin Həsənova səfil halında yaşayacaqdır. Digər tərəfdən hazırda onun özünün Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağından istifadəyə ehtiyacı olmasa da, gələcəkdə nə zamansa həmin otağa istifadə üçün ehtiyacı yarana bilər. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, o, Cavabdeh1 və Cavabdeh3 əvvəllər Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağında yaşamış, orada böyümüş və boya-başa çatmışlar. Lakin o, özü 2*13-cü ildə, Cavabdeh1 2**5-ci ildə, Cavabdeh3 2*17-ci ildə nikaha girmiş və gəlin köçüb, başqa ünvanda yaşamağa başlamışlar. Həmin tarixdən sonra onlar həmin ünvanda yaşamasalar da həmin otaq onların valideynlərinin yaşadığı ünvan olmuşdur və orada onların xoş xatirələri vardır. Həmçinin hazırda qeyd olunan otaqdan istifadəyə ehtiyacı olmasa da, orada qeydiyyatda olması ona mənəvi rahatlıq və güvən hissi verir. Belə ki, o, gələcəkdə ehtiyac yaranarsa, həmin otağa köçə və orada yaşaya bilər. Digər tərəfdən isə həmin otaqda yaşayan bacısı X6 oranı özəlləşdirmək və satmaq istəyir. Bu isə X3 yeganə yaşayış yerinin itirilməsinə və Güntəkin Həsənovanın öz həyatı üçün bağışlanılmaz səhv etməsi ilə nəticələnməsinə səbəb ola bilər. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 14 aprel 2*23-cü il tarixli 3-48-DA-4F/2-H-67*//8/2*23 nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhəri X1* İcraiyyə Komitəsinin 17 aprel 1984-cü il tarixli 384 nömrəli qərarı əsasında verilmiş eyni tarixli 384 nömrəli orderlə Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağı Famil Həsənovun istifadəsinə verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 566*92 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 yanvar 1992-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 27 aprel 2*23-cü il tarixli 29 nömrəli arayışından və şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağı mərhum X5 adınadır. Mənzildə qeydiyyatda olan ailə üzvləri X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ibarətdir. İş materiallarında olan *9 iyun 2*23-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, 4cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağında X6 tək yaşayır. Ailə quraraq, Cavabdeh1 2**5-ci ildən, Cavabdeh2 2*13-cü ildən və Cavabdeh3 2**7-ci ildən başqa ünvanda yaşamağa başlamışlar. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Kirovabad şəhəri X1* İcraiyyə Komitəsinin 17 aprel 1984-cü il tarixli 384 nömrəli qərarı əsasında verilmiş eyni tarixli 384 nömrəli orderlə Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağı Famil Həsənovun istifadəsinə verilmişdir. Cavabdeh1 2**5-ci il, Cavabdeh2 2*13-cü il və Cavabdeh3 2*17-ci ilədək həmin mənzildə yaşamış, oradan istifadə etmişlər. Qeyd olunan tarixlərdən sonra isə cavabdehlər nikaha girərək, başqa ünvana köçməklə orada yaşamış və Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli binanın 2* nömrəli otağı ilə əlaqələri kəsilmişdir. Cavabdehin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2***-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2**1-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 6*-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının yaşadığı mənzillə bağlı hüquqlarını həyata keçirməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Cavabdehlər sözügedən yaşayış sahəsində uzun müddət yaşamaması, o cümlədən həmin yaşayış sahəsindən köçərək özünə başqa yaşayış yeri seçməsi iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatları ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində cavabdehlər mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişdir. Cavabdehlər yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onların özünə başqa daimi yaşayış yeri seçməsi və həmin yaşayış sahəsinə ehtiyacın aradan qalxması qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 nömrəli binanın 2* nömrəli otağından istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar