Məhkəmə qərarları › İş №2(125)-4068/2024

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-4068/2024

01.08.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4068/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X26 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı Nurəddin oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Nurəddin oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nurəddin oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.1988-ci il tarixdə baş vermiş alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1 ünvanında yerləşən evə dair onunla Cavabdeh1 arasında 02 oktyabr 1989-cu il tarixdə baş vermiş alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda ailə üzvləri ilə birgə yaşadığı və idarə etdiyi ünvan 1 ünvanında yerləşən mülkü 02 oktyabr 1989-cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 13000 manata almışdır. Həmin müqavilədə qeyd edilmişdir ki, Çaparidze küçəsi, 7-ci döngə, ev 32 ünvanında yaşayan İmanov X5 Sergey Minasoviçin ailə üzvlərindən xx.xx.1988-ci ildə aldığı evi İddiaçı Nurəddin oğluna 13000 manata satmışdır. ünvan 1 ünvanında yerləşən mülkü Cavabdeh1 xx.xx.1988-ci ildə X6 14000 manata almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, Gəncə şəhəri, M.Y.Axundzadə (Çaparidze) küçəsi, 7-ci döngə, 32 saylı mülk 1965-ci ildə inventarlaşma zamanı X9 adına qeyd olunmuşdur. Cavabdeh qardaşı X19 isə hələ atası X1 ikən 17.10 1992-ci ildə ailə həyatı qurduqdan sonra həmin mülkdə yaşamamışdır. Belə ki, atası ona ailə həyatı qurduğu üçün yeni mülk almış və o, öz ailəsi ilə yaşamaq üçün həmin mülkə köçmüşdür. Valideynləri vəfat etdikdən sonra həmin mülkdə o və onun ailəsi yaşayır. Həmin mülkü faktiki olaraq o idarə edir. Hal-hazırda da mülkün bütün kommunal xərcləri onun adına gəlir və onun tərəfindən ödənilir. Onunla cavabdehlər arasında M.Y.Axundzadə (Çaparidze) küçəsi, 7-ci döngə, 32 saylı evə dair faktiki alqı-satqı hərəkəti baş tutmuşdur. Onlar alqı-satqıdan irəli gələn öhdəliklərini faktiki olaraq, həyata keçirmişlər. O, M.Y.Axundzadə (Çaparidze) küçəsi, 7-ci döngə, 32 saylı evin bütün kommunal xərclərini hazırki vaxta kimi ödəyir. Hazırda M.Y.Axundzadə (Çaparidze) küçəsi, 7-ci döngə, 32 saylı evlə bağlı sənədlərini qaydaya salmaq məqsədilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı Nurəddin oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri, X21 küçəsi, 7-ci döngə, 32 (keçmiş Çaparidze ünvanında yerləşən fərdi yaşayış evi) ünvanına dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” xx.xx.1963-cü il tarixli və xx.xx.1971-ci il tarixli pasport Cavabdeh2 adına işlənilmişdir. Lakin sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı Nurəddin oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlmədikləri üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərinə görə, iddiaçı tərəf isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 30 iyul 2024-cü il tarixli, 3-21-3-33/2-7563/2024 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, X21 küçəsi, 7-ci döngə, 32 (keçmiş Çaparidze ünvanında yerləşən fərdi yaşayış evi) ünvanına dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” xx.xx.1963-cü il tarixli və xx.xx.1971-ci il tarixli pasport X10 adına işlənilmişdir. Lakin sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin 29 mart 2011-ci il tarixli, 15/703 nömrəli məktubunda ünvan 3 ünvanında yaşayan İddiaçı Nurəddin oğluna bildirilmişdir ki, ünvan 4 mülk 1965-ci ildə inventarlaşma zamanı Cavabdeh2 adına qeyd olunmuşdur. Mülk sahələri A literli binada 14.2 kvadratmetr yaşayış otağından, 4.3 kvadratmetr saraydan ibarət olmuşdur. Torpaq ayırma və tikintilərə dair arxiv işində müvafiq icazə sənədləri olmamışdır. 24 yanvar 2011-ci il tarixli aktdan görünür ki, imza edənlər Gəncə şəhəri, Çaparidze küçəsi, 6-cı döngə, 31 saylı evdə yaşayan X13, Gəncə şəhəri, Çaparidze küçəsi, 7-ci döngə, 34 saylı evdə yaşayan X23, ünvan 4 evdə yaşayan Cavabdeh1, Gəncə şəhəri, Çaparidze küçəsi, 7-ci döngə, 34 saylı evdə yaşayan X20, Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 1 saylı evdə yaşayan X4 bu aktı tərtib etmişlər ona görə ki, Göyüyev X15 şəhəri, Çaparidze küçəsi, 7-ci döngə, 32 saylı ünvanda yerləşən mülkü 1989-cu ildə alqı-satqı sövdələşməsi əsasında Cavabdeh1 almış və həmin vaxtdan ailəsi ilə birlikdə həmin mülkdə qeydiyyatda olmaqla yaşayır və təsərrüfatı idaə edir. 29 oktyabr 1988-ci il tarixli müqavilədən görünür ki, imza edənlər ev alan Cavabdeh1, ev satan Poqosyan, X3, Yaşar Əsgəroviç və X17 həmin müqaviləni tərtib etmişlər ondan ötrü ki, 32 nömrəli evdə yaşayan Poqosyan, Cavabdeh1 14000 (on dörd min) manata satmışdır. Müqavilənin doğru olmasını yuxarıda adları qeyd olunan yoldaşlar öz imzaları ilə təsdiq edirlər. 02 oktyabr 1989-cu il tarixli müqavilədən görünür ki, imza edənlər ev alan İddiaçı Nurəddin oğlu, ev satan Cavabdeh1, qonşular X3, X20, Qəribov Vəli və digərləri bu müqaviləni tərtib etmişlər ondan ötrü ki, Çaparidze küçəsi, 7-ci döngə, 32 saylı evdə yaşayan Cavabdeh1 xx.xx.1988-ci ildə Poqosyandan aldığı evi İddiaçı Nurəddin oğluna 13000 (on üç min) manata satmışdır. Müqavilənin düzgün olmasını yuxarıda adları qeyd olunan şəxslər öz imzaları ilə təsdiq edirlər. Hansı tərəf cırnayıb qaytar söhbəti edərsə 3000 (üç min) cərimə verəcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan Gəncə şəhəri, X21 (Çaparidze) küçəsi, 7-ci döngə, ev 32 ünvanına dair Poqosyan ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 1988-ci il tarixli müqaviləyə əsasən həmin ev Poqosyan tərəfindən 14000 manata Cavabdeh1 satılmış, daha sonra, İmanov X8 Akif Nurəddin oğlu ilə 02 oktyabr 1989-cu il tarixli müqavilə bağlayaraq Gəncə şəhəri, X21 (Çaparidze) küçəsi, 7-ci döngə, ev 32 ünvanını 13000 (on üç min) manata İddiaçı Nurəddin oğluna satmışdır. Lakin, tərəflər evin hər iki alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və evə sahiblik etmişlər. Başqa sözlə, tərəflər hər iki alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı evin mülkiyyətçisi kimi həmin evə dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti 29 oktyabr 1988-ci il və 02 oktyabr 1989-cu il tarixdə yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanına əsasən aşağıdakılar qərara alınmışdır:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkar etdikdə, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin.

6. Yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etsinlər. Qeyd edilən Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı aşağıdakılardan ibarətdir:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar. Məhkəmə qeyd edir ki, torpaq ayrıma və tikintiyə dair icazə sənədləri olmasa da ünvan 4 mülk 1965-ci ildə inventarlaşma zamanı Cavabdeh2 adına qeyd olunduğundan həmin mülkə sonunun əmlakı kimi baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun nümayəndəsinin izahatı, təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 1988-ci il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh1 və İddiaçı Nurəddin oğlu arasında bağlanmış 02 oktyabr 1989-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, hazırki qətnamə, Gəncə şəhəri, X21 (Çaparidze) küçəsi, 7-ci döngə, ev 32 ünvanının İddiaçı Nurəddin oğlunun adına rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, İddiaçı Nurəddin oğlu məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən həmin məbləğ İddiaçı Nurəddin oğlunun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 1988-ci il tarixli alqısatqı müqaviləsi və Cavabdeh1 və İddiaçı Nurəddin oğlu arasında bağlanmış 02 oktyabr 1989-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Hazırki qətnamə, Gəncə şəhəri, X21 (Çaparidze) küçəsi, 7-ci döngə, ev 32 ünvanının İddiaçı Nurəddin oğlunun adına rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı Nurəddin oğluna aid edilsin. Cavabdehlər qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar