Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4098/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli işdən çıxarma barədə əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanaraq iddiaçıya ödənilməsi, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 500 manat əmək haqqının (cəmi 2500 manat) iddiaçıya ödənilməsi, xx.xx.2022-xx.xx.2022-ci il tarixi aralığında əmək haqqının işəgötürənin təqsiri ucbatından gecikdirilmiş hər günü üçün 01 faiz məbləğində olmaqla, ümumilikdə 14693 manat pulun Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, işəgötürən Cavabdeh QSC ilə onun arasında 29 avqust 2019-cu il tarixdə xxxxxxx001100 saylı Əmək Müqaviləsi bağlanmışdır. Bundan sonra həmin iş yerində onunla çoxsaylı müddətli əmək müqavilələri bağlanmış və həmin müqavilələrə dair əmək müqaviləsi bildirişləri iş materiallarına əlavə edilmişdir. Sonuncu xxxxxxx001111 saylı müqaviləyə əsasən o, Bakı şəhərində yerləşən RİSH QSC-də (əvvəlki adı Rish Medical MMC) aylıq 3.375.00 manat əmək haqqı müqabilində əsas iş yeri üzrə direktor müavini kimi işləmişdir. 2022-ci ilin sentyabr ayından başlayaraq cavabdehin məsul şəxsləri ona bildirmişdir ki, işlərin həcmi kəskin şəkildə azalmışdır və buna görə də bu müəssisədə onun da əmək funksiyalarının yerinə yetirilməsinə zərurət aradan qalxmışdır. Buna görə də ona təklif etmişlər ki, o özü ərizə yazıb işdən çıxsın. Lakin o, bu təklifi qəbul etməmiş və müqaviləyə bu əsasla müəssisə tərəfindən tək tərəfli qaydada xitam verilməsinin hüquqi əsasının olmadığını bildirmişdir. Bir neçə gün sonra ona ofisin bağlanacağını və 2022-ci il oktyabr ayından etibarən hər kəsin evdən işləyəcəyini və əməkdaşlıqlarını bu formada davam etdirəcəklərini və ödənilməmiş maaşların da ən qısa müddətdə ödəniləcəyini bildirmişlər. 2022-ci il noyabrın 25-nə qədər maaş kartı hesabına ödənilməmiş, aylıq maaşları müxtəlif vaxtlarda köçürüldü. 2023-cü il yanvar ayında ofisin mühasibatlıq şöbəsiylə əlaqə yaradıb və 2022-ci il noyabrın 25-dən etibarən heç bir ödənişin hesabına keçmədiyini bildirmişdir və ödənişlərin nə zaman olunacağı haqqında məlumat almaq istəsə də, artıq ona heç bir ödənişin olunmayacağını və pullarının olmadıqlarını bildirmişlər. Cavabdeh QSC əməkdaşlarına aralarındada xxxxxxx001111 saylı müqavilə olduğunu bildirmiş və ona cavab olaraq müqaviləyə və onun həmin müəssisədə əmək münasibətlərinə xitam verildiyini bildirmişlər. O, yalnız bundan sonra əmək müqaviləsinə xitam verildiyini öyrənmiş, lakin bundan əlavə ona heç bir məlumat verilməmişdir. O, hüquqi və faktiki olaraq əmək müqaviləsinə konkret nə vaxt və hansı əsasla xitam verildiyi barədə məlumat əldə edə bilməmişdir. O, son aylarda onlardan sənədlərin ona təqdim edilməsini rəsmi şəkildə xahiş etmiş, lakin bu cəhdi də nəticəsiz qalmışdır. Bundan sonra o, hüquqlarının müdafiəsi üçün dəfələrlə əmək müqaviləsinin bir nüsxəsinin, əmək kitabçasının, əmrin surətinin ona təqdim edilməsini xahiş etsə də, ona geri dönüş edilməmiş, qanuni tələbinə əsasən heç bir sənəd təqdim edilməmişdir. Sənədlərinin ona təqdim edilməsini gözlədikdən bir müddət sonra əmək müfəttişliyinə müraciət etmək qərarına gəlmiş və 20 fevral 2023-cü ildə şifahi olaraq, 9 mart 2023-cü ildə yazılı olaraq müraciət etmişdir. Şifahi müraciətinə əsasən 22 fevral 2023-cü ildə rəsmi olaraq DOST mərkəzinə dəvət edilmişdir. Bundan sonra Müfəttişlikdə müxtəlif araşdırmalar aparılmış və müraciətilərinə 28 aprel 2023-ci il tarixdə rəsmi qaydada cavab verilmişdir. Sözügedən arayışda qeyd edilmişdir ki, müəssisənin əvvəlki direktoru X1 tərəfindən onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində əmək qanunvericliyinin tələbləri pozularaq, ərizə olmadan Azərbaycan Respublikasinin əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmiş, eyni zamanda son haqq-hesabım xx.xx.2022-ci il tarixdə ödənildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq onun xx.xx.2023-cü il tarixli RM-258/22/X nömrəli xitam əmrinin ləğv edilərək nüquqpozmanın aradan qaldırımasını təmin edib va nəticəsi baradə 30 (otuz) gün ərzində X3 Xidmətinin Bakı şəhər İdarasinə məlumat verilməsi məqsədilə "xxxx" QSC-nin yeni rəhbərliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddasinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən icrası məcburi olan göstəriş verilmiş, lakin işəgötürən tərəfindən hüquqpozma aradan qaldırılmadığından inzibati icraata başlanılmış və həmçinin, ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, hazırda o, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa işlədiyi müddət ərzində xəbərdarlıqlarına baxmayaraq cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində də o həmin vəsaitlərdən zamanında faydalana bilməmişdir. Halbuki, həmin dövrlərdə cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. İşlədiyi müəssisədə əmək haqqının bir qayda olaraq hər ayın 5-nə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa bank hesabından çıxarışa əsasən də müəyyən edilir ki, işəgötürən 01 may 2022 - 01 oktyabr 2022 ərzində onun əmək haqqını hər ay 500 manat əksik ödəmişdir. Hər dəfə növbəti ay hamısını birlikdə ödəməyi öhdəsinə götürsələr də, hələ də həmin əmək haqqı ona ödənilməmişdir. Cavabdeh dəfələrlə əmək haqqının ödənişini gecikdirmiş, buna görə də, ona Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hesbalanmıs 14.693 manat məbləğində ödənc verməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmunun uyğun izahat verərək, həmçinin bildirdi ki, tələb etməsinə baxmayaraq əmək müqaviləsinin surəti ona təqdim edilməmişdir. İddiaçı bildirdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay ona əmək haqqı 500 manat əksik ödənilmiş, bunun səbəbini dəqiqləşdirməyə çalışdıqda həmin məbləğin daha sonra ödəniləcəyi bildirilmiş, lakin ödənilməmişdir. İddiaçı bildirdi ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən olan cavabdehə ərizə yazmamışdır. İddiaçı iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən və “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Cavabdeh QSC-də çalışdığınız məlum olmuşdur. Müəssisənin əvvəlki direktoru X1 tərəfindən İddiaçıun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində əmək qanunvericiliyinin tələbləri pozularaq ərizəniz olmadan Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verilmiş, eyni zamanda son haqq-hesabı xx.xx.2022-ci ildə ödənildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı xx.xx.2023-cü il tarixli RM-258/22/X nömrəli xitam əmrinin ləğv edilərək hüquqpozmanın aradan qaldırılmasını təmin edib və nəticəsi barədə 30 (otuz) gün ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə Cavabdeh QSC-nin yeni rəhbərliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət laqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması oarədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) icrası məcburi olan göstəriş verilmiş, lakin işəgötürən tərəfindən hüquqpozma aradan qaldırılmadığından inzibati icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “RİSH" QSC 2017-cı ildə dövlət qeydiyyatına alınmışdır. O cümlədən İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh QSC-yə satış meneceri vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cu il tarixində öz razılıq ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçi sonralar direktor müavini kimi rəhbər vəzifəsində çalışmışdır. Çalışdığı dövr ərzində şirkətin kadrlar və digər sənədləri işçi ilə eyni ofisdə olmuşdur. Şirkətin kadr və digər sənədlərin tam olması ilə bağlı müəyyən dövr ərzındə sənədlərin yoxlanışlarını həyata keçirməkdədir. Digər işçilərin bütün sənədləri qaydasında olduğu halda İddiaçı işdən çıxan zaman əmək müqaviləsi, işə qəbul bildirişi, xitam bildirişi və xitam əmrindən başqa heç bir sənədi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xxxxxxx001101 saylı müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixinədək aylıq əmək haqqı 270 manat olmaqla satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh QSC-də xx.xx.2019cu il tarixdən xx.xx.2020-cu il tarixədək İddiaçı aylıq əmək haqqı 270 manat olmaqla satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən qəbul olunmuş RM-258/22/X nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, direktor müavini vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx001100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son-haqq hesabının qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh QSC tərəfindən qəbul olunmuş RM-258/22/X nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı arasında bağlanmış xxxxxxx001100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2., tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh QSC-nin direktoru X4 İXM-nin 539.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və 1000 manat cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş “Əmək və məşğulluq” altsisteminə Cavabdeh QSC tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Satış meneceri”, xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək “Satış meneceri” və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “Direktor müavini” vəzifəsində işə qəbul olunmasına dair müddətli əmək müqavilələri bağlanmış və müqavilələrin hər birinə AR Əmək Məcəlləsinin “68.2a” maddəsinə əsasən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, 7-ci maddənin 2-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddənin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddənin 2-ci bəndinə əsasən, a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar, əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 69-cu maddənin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddənin 2-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəyə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 70-ci maddənin qeydinə əsasən, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 71-ci maddənin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddənin 3-ci bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 73-cü maddənin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddənin 2-ci bəndinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 76-cı maddənin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80-ci maddənin 1-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddənin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80-ci maddənin 3-cü bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 83-cü maddənin 1-ci bəndinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddənin 1-ci bəndinə əsasən, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilir. 84-cü maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84-cü maddənin 3-ci bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddənin a) bəndinə əsasən, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə nizama salınır. 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 294-cü maddənin 1-ci bəndinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddənin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddənin qeydinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh QSC-də xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək “Direktor müavini” vəzifəsində işə qəbul edilmişdir. Cavabdeh QSC tərəfindən qəbul olunmuş RM-258/22/X nömrəli xx.xx.2022-ci il tarixli əmrlə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə “AR ƏM-nin 68.2., tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Hazırkı iş üzrə iddiaçı 1) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanaraq ödənilməsi; 2) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi; 3) xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il il tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi tələblərini cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə əmrin ləğv edilməsi barədə ilkin tələbə münasibətdə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrində göstərilməli olan məlumatlara və həmin əmrin əsaslandırılmasına dair tələblər müəyyən etmişdir. Əvvəla, işəgötürən qeydedilən əmrdə əmək müqaviləsinin xitam verilməsinin əsası kimi, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə, yəni tərəflərdən birinin tələşəbbüsünə əsasən əmək müqaviləsinə xitam verildiyinə istinad etmişdir. Lakin əmək müqaviləsi əsasında yaranmış münasibətin iki tərəfindən – işəgötürənin və ya işçinin hansının bu barədə təşəbbüs irəli sürməsi həmin əmrdən müəyyən olunmur. Əmrdə onun verilməsinə əsas olan sənəd qismində göstərilməli olduğu halda, əgər işçi belə ərizə ilə işəgötürənə müraciət edibsə, həmin ərizənin qəbul olunması müəyyən olunmur. Belə ki, işəgötürənin X3 Xidmətinə verdiyi məlumatda işçinin ərizəsinə əsasən, müqaviləyə xitam verildiyi bildirilsə də, məhkəmə araşdırması zamanı işçi olan iddiaçı belə ərizə yazmadığını bildirmiş, habelə cavabdeh tərəf bu halı təkzib edən hər hansı dəlil – işçi tərəfindən işəgötürənə ünvanlanmış, əmək münasibətlərinə xitam verilməsinə dair xahişini əks etdirən və qüvvədə olan ərizə təqdim etməmişdir. Bununla yanaşı, işə götürən qeyd edilən cavab məktubunda bildirmişdir ki, İddiaçı işdən çıxan zaman əmək müqaviləsi, işə qəbul bildirişi, xitam bildirişi və xitam əmrindən başqa heç bir sənədi aşkar edilməmişdir. Digər tərəfdən, AR Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əsas(lar)a söykənərək işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün təşəbbüs göstərilməsi, buna uyğun olaraq işəgötürənin görməli olduğu tədbirlərə riayət edilməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi müddətinin qurtarması əsasıyla qarşılıqlı münasibətlərə xitam verilməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər nəzərə alınaraq mübahisələndirilən əmr əsaslandırılmamış, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuş, AR Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etməmişdir, buna görə iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin əmri ləğv edilməli, məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə iddiaçı əvvəlki işinə bərpa olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında sonuncu bağlanmış və iddiaçının direktor müavini vəzifəsinə işə qəbul olunması barədə əmək müqaviləsinin qeyd alındığı bildirişin nömrəsi qismində “xxxxxxx001111” əvəzinə “xxxxxxx001100” nörməsinin qeyd olunması mübahisələndirilən əmrin ləğv edilməli olmasını və iddiaçının əvvəlki işinə bərpa olunmasına maneə olan hal hesab edilə bilməz. Bundan başqa, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 172-ci maddəsinin 6-cı bəndinə əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 172-ci maddəsinin qeydinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi tələblərinə münasibət qeyd edir ki, həmin tələblər üzrə hesablama aparılması xüsusi bilik tələb etdiyindən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin vəsatətinə uyğun olaraq müvafiq mühasibatlıq sənədlərinin təqdim olunması təklif edilmiş, lakin cavabdeh tərəfindən lazımi sənədlər təqdim edilmədiyi üçün ekspertizanı keçirilməsi mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, bu hal iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz, buna görə tələb edilən dövlər üzrə əmək haqqının və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməlidir. Lakin iddiaçının həmin dövrlər üzrə özünün hesablayaraq tələb etdiyi məbləğlərin tutulması hissəsində iddia təmin edilə bilməz, belə ki, həmin hesablamanın düzgünlüyü və əsaslılığı mötəbər sübut(lar)a əsaslanmamaqla yanaşı, xüsusi biliyin tətbiqi əsasında müəyyənləşdirilə bilən haldır. Cavabdeh tələb edilən pul məbləğləri üzrə hesablama aparmaqla ödənişləri həyata keçirməli və ya mühasibatlıq araşdırması nəticəsində hər hansı məbləğ ödənilməli olmaması müəyyən edildikdə müvafiq sənədlərlə həmin hal iddiaçı qarşısında əsaslandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə nəzərə alır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Cavabdeh QSC-nin xx.xx.2022-ci tarixli, RM-258/22/X nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il il tarixədək əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün İddiaçı əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4098/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4098/2023
28.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver