Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4128/2025 30.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, iddiaçının nümayəndəsi və üçüncü şəxs X2, üçüncü şəxslər X11, X3, X6 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı Notariat ofisinə qarşı “qərarın etibarsız hesab edilməsi və müqavilə bağlama öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən MH ******* nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Xanlar küçəsi, 6-cı dalanda istifadədə olan 0.074 ha torpaq sahəsində yerləşən 9A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49.6 kv. m ümumi, 38.7 kv. m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır; Gəncə şəhəri 3 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərara əsasən İddiaçı ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Xanlar küçəsi, 6-cı dalan, 9A nömrəli binada yerləşən 5 nömrəli mənzilin oğlu – X5 bağışlanmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı özünə məxsus Gəncə şəhəri ünvan 1 ünvanda pasport qeydiyyatında olan oğlu-X4 və oğlu- X6 razılıq ərizələri olmadan, oğlu-X1 adına bağışlama qaydasında rəsmiləşdirilməsini xahiş etmişdir.Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Bu səbəbdən bağışlanma müqaviləsini təsdiq etmək mümkün deyildir. İddiaçı cavabdeh Gəncə şəhəri 3 saylı Notariat ofisinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 3 saylı Notariat ofisi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərarın etibarsız hesab olunmasını və iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Xanlar küçəsi, 6-cı dalan, 9A saylı binanın 5 saylı mənzili ilə bağlı bağışlama müqaviləsinin bağlanmasının və təsdiq edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Xanlar küçəsi, 6-cı dalan, 9A saylı binanın 5 saylı mənzili onun mülkiyyətindədir. Qeyd edilən mənzili daima onun qayğısına qalan övladı X5 bağışlamaq üçün 3 saylı notariat ofisinə müraciət edib. Lakin notariat ofisi xx.xx.2025-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarı ilə evdə pasport qeydiyyatından olan şəxslərin razılıq ərizələri olmadığından Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49cu maddəsinə əsasən, əqdi təsdiqləməkdən imtina etmişdir. Notariat ofisinin qeyd edilən qərarını qanunsuz hesab edir. Belə ki, o, müstəqil surətdə öz mülkiyyətində olan əmlakla bağlı sərəncam verə bilər. Bu zaman verdiyi sərəncam hər hansısa bir şəxsdən və ya onun iradəsindən asılı olmamalıdır. O, fəaliyyət qabiliyyətli şəxsdir. Öz iradəsinə uyğun olaraq hərətəkət edir. Notariat orqanının vəzifəsi müqavilənin tərəflərin şərtlərinə uyğun olaraq tərtib edib, bu müqaviləni təsdiq etməkdir. Hazırda notariat ofisi onun mülkiyyət hüququnu pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və üçüncü şəxs iddia ərizəsində yazılanları izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X18, X8, X12, X13 hər biri ayrıayrılıqda iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, üçüncü şəxslər X9 və X10 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 1-ci bəndinə əsasən, Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinə görə yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. «Ə.Ə.İbrahimovun şikayəti üzrə» Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında göstərilir ki, «... mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür». Plenumun bu Qərarına müvafiq olaraq, MM-in 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hazırkı iş üzrə iddiaçı cavabdehin notariat hərəkətlərindən imtinanın etibarsız hesab olunmasını və bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin razılığı olmadığı üçün bağışlama müqaviləsini təsdiqləməkdən imtina edilməsi barədə cavabdeh qərar qəbul etdiyi üçün iddiaçı həmin əmlaka dair sərəncam hüququnu həyata keçirə bilmir. Cavabdeh «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın müvafiq bəndinə əsaslanaraq, daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin razılıq ərizəsi olmadığı üçün bağışlama müqaviləsinin təsdiq olunmasından imtina etmişdir. Lakin bu hal iddiaçının konstitusion hüququnun həyata keçirilməsinə maneədir. Digər tərəfdən, cavabdeh həmin qərarı qəbul etməsi üçün əsas olmuş müvafiq Təlimatın hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasından və Mülki Məcəlləsindən üstün deyildir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəmə müvafiq qərarlarında əks olunmuş hüquqi mövqelərdən görünür ki, dövlət tərəfindən tanınan və qorunan olunan mülkiyyət hüququnun tərkib hissə olan sərəncam vermək səlahiyyəti mülkiyyətçi olmayan şəxslərin iradəsindən asılı edilə bilməz. Belə olan halda, qeyd edilən əsasla notariat hərəkətinin həyata keçirilməsindən imtina edilməsi barədə qərar bağışlama müqaviləsinə dair normaları nəzərdə tutan Mülki Məcəllə ilə müəyyən olunmuş şərtlər pozulmaqla zidd qəbul edildiyi üçün etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı kimi mühüm prinsiplərə əsaslanır. Nəzərə alınmalıdır ki, tərəflər öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə sərbəstdirlər və mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Belə olan halda, iradə sərbəsliyinə sahib iddiaçı şərtlərini öz mənafelərinə uyğun hesab etdiyi müqaviləni qanunvericiliklə müəyyən olunmuş qaydada bağlamaq hüququna malikdir, belə ki, onun bu hüququnu məhdudlaşdıran qanunvericiliklə nəzərdə tutulmuş hal müəyyən edilmir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-5161/2020 nömrəli, xx.xx.2022-ci il tarixli 2(125)-3070/2022 nömrəli və xx.xx.2023-cü il tarixli 2(125)-3960/2023 nömrəli və digər qərarlarında formalaşdırılmış hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, iddia təmin edilərək, notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərar etibarsız hesab edilməli, iddiaçının mülkiyyətində olan mənzilini bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddia təmin edilsin. Gəncə şəhəri 3 saylı Notariat ofisi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərar etibarsız hesab edilsin. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Xanlar küçəsi, 6-cı dalan, 9A saylı binada yerləşən 5 saylı mənzilini bağışlamağa dair əqdin təsdiq edilmə öhdəliyi Gəncə şəhəri 3 saylı notariat ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4128/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4128/2025
30.09.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver