Məhkəmə qərarları › İş №2(125)-4148/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4148/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4148/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10734 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum babam X1 miras qalmış və hazırda ünvan 1 ünvanında yerləşən mənzilə dair mirası qəbul etməyim faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin kateqoriya iş üçün qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçı tərəfin hazırkı tələblə qanunla müəyyən edilmiş qaydada mirasın açıldığı yerin notariusuna müraciət etmədiyindən və (ya) həmin orqanın onun müraciətindən imtina etməsinə dair lazımi sənədi təqdim etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Məhkəmə həmçinin qeyd edir ki, mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı və qanun üzrə vərəsələr dairəsinə əsasən miras qoyan ilə qohumluq əlaqələrini sübut edən sənədlər mövcud olmadığına görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi və məhkəməyə qaydasında vərəsə tanınması tövsiyyə olunaraq notariusu tərəfindən ərizəçinin müraciətindən imtina edilmişdir. Halbuki, ərizəçi məhkəməyə müraciətində onun adına verilmiş vəsiyyətnamənin qüvvədə olmasına istinad etmişdir və notariat orqanı tərəfindən verilmiş məktubda sözügedən vəsiyyətnamənin dəyişdirilmədiyi və ya ləğv edilmədiyi görünür. Belə olan halda, ərizəçi hazırkı tələblə notariiat orqanına müraciət etmədiyi aydın görünür. Bundan başqa, ərizəçiyə vəsiyyətnamə üzrə hüquqlarının qeydə alınması üçün müvafiq notariat orqanına müraciət etmək hüququ izah olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar