Məhkəmə qərarları › İş №2(125)-4152/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4152/2023

28.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4152/2023 28.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 azyaşlı uşaqları ilə birlikdə Cavabdeh məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 12-ci küçədə yerləşən, 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə cavabdehin oğlu X5 ilə rəsmi nikaha girərək, ailə qurmuşlar. Toyları olan gün də cehiz əşyalarını və yataq dəstini Cavabdeh məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 12-ci küçədə yerləşən, 4 otaqlı evə özünün razılığı ilə yığmışlar və həmin evə gəlin köçmüşdür. Hal-hazırda da cehiz əşyaları həmin evdədir. Cavabdehin oğlu X5 ilə birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. 18 oktyabr 2015-ci il təvəllüdlü X3 və 02 yanvar 2018-ci il təvəllüdlü X4. X2 05 sentyabr 2022-ci il tarixdə baş vermiş avtomobil qəzası nəticəsində vəfat etmişdir. Hadisəni törətmiş şəxs X6 barəsində Göygöl Rayon Məhkəməsində hökm çıxarılmışdır. Mərhum X2 ilə birlikdə rəhmətə gedən günə kimi cavabdeh qayınatası Cavabdeh Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 12- ci küçədə yerləşən 4 otaqlı evində 2 azyaşlı uşağı ilə birlikdə yaşamışlar. Əri vəfat etdikdən sonra qayınatası Cavabdeh onunla yola getməmişdir. 25 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində yaşadıqları evdə azyaşlı uşaqlarına yemək yedizdirən zaman anası ilə telefonla danışmağını bəhanə gətirərək onu döymüşdür. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsində işə baxılmış və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qayınatası Cavabdeh təqsirləndirilən şəxs X1 əri Ruslan Nəsibovun ölməsi ilə əlaqədar 7500 manat pul almışdır. (bunu təqsirləndirilən şəxsin özü və qohumları demişdir) Sığorta pulu isə bu günə qədər ona ödənilməmişdir. Hal-hazırda onun maddi durumu çox pis vəziyyətdədir, yaşamağa yeri yoxdur. Cavabdeh isə onu evə buraxmaq istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Cavabdeh məxsus olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi ünvanında yerləşən ev qanunsuz tikilidir, evin sənədi yoxdur. Həmin evin təmiri hazır vəziyyətdədir, ancaq qızının öz tikdirdikləri evin təmiri yoxdur. Ona görə də qızı cavabdehə məxsus gəlin köçdüyü evdə yaşamaq istəyir. Qızının mərhum əri Ruslan Nəsibovun ölümündən sonra baba və nənəsi nəvələrini görmək istəməmiş, qızını döyüb uşaqları ilə birlikdə evdən qovmuşdur. Onun öz evi isə balacadır, 1 otaqlı bina evidir. Qızı və nəvələri ilə birlikdə həmin evdə yaşamağa şərait yoxdur, uşaqlar xəstədir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı cavabdehin keçmiş gəlinidir. Onun köçmək istədiyi Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 12-ci küçədə yerləşən ev zəbt olunmuş torpaqdır, qanunsuz tikilidir. Həmin evi cavabdeh 50 illik etibarnamə ilə almışdır. Cavabdehin mərhum oğlu Nəsibov Ruslan öldükdən 40 gün sonra iddiaçı uşaqları ilə birlikdə könüllü olaraq evi tərk etmişdir. İddiaçı uşaqların babası və nənəsi ilə görüşmələrinə mane olmuşdur. Cavabdeh sadəcə nəvələrini həmin evə köçürməyə razıdır. Gəlinin özünün başqa tikdirdikləri ev üzərində 8/10 payı vardır. Notariusda paylar açıq saxlanmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 055561 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı ilə cavabdehin mərhum oğlu X5 xx.xx.2015-ci ildə ailə qurmuşlar. AZ-İİ310980 nömrəli ölüm şəhadətnaməsinin surətindən görünür ki, iddiaçının X2 xx.xx.2022-ci ildə ölmüşdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-1066/2022 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh gəlini İddiaçı döydüyü üçün İXM-in 157-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. MM-in 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, İddiaçı mübahisələndirdiyi fərdi yaşayış evi keçmiş qayınatası Cavabdeh sahibliyində və istifadəsində olmaqla, iddiaçının həmin evə hər hansı hüququnun olması məhkəmə araşdırması zamanı müəyyən olunmamış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar