Məhkəmə qərarları › İş №2(125)-424/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-424/2024

09.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-424/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 istifadəsinə verilmiş Gəncə şəhəri, “Yeni qəsəbə” 15 saylı binada yerləşən 35 nömrəli mənzilə dair *7.*4.2*14-cü il tarixli, 15/35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər X3 və Cavabdeh2 15/35 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin *7 aprel 2*14-cü il tarixli “15/35” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 saylı binada 35 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvünün həmin mənzildə yaşamadığı, mənzili qeyri-qanuni olaraq Cavabdeh2 satdığı və həmin şəxsin mənzildə qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh2 yaşamasının qanunsuz olduğu bildirilmişdir. Cavabdeh1 onlara verilmiş Gəncə şəhəri, Yeni qəsəbə, 15 saylı binada yerləşən 35 nömrəli 1 otaqlı mənzildə yaşamadığı və mənzilin başqa şəxsə qeyri-qanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və mənzildən çıxmalıdır. Cavabdeh2 da müqavilədən kənar qeyri-qanuni yolla Gəncə şəhəri, Yeni qəsəbə, 15 saylı binada yerləşən 35 nömrəli 1 otaqlı mənzildə yaşadığı üçün mənzildən çıxmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, kirayə müqaviləsi Cavabdeh1 ilə bağlanmışdır. Digər Cavabdeh2 onun rəfiqəsidir. Uzun müddətdir ki, sözügedən evdə Cavabdeh1 özü yaşamamış, digər Cavabdeh2 qeyri-qanuni şəkildə həmin evdə yaşamışdır. Kirayə verməsi, yaxud alqı-satqı olması ilə bağlı dəqiq sübut yoxdur. Qeyri-qanuni yaşayan şəxsin evdən çıxarılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Hesab edirlər ki, ev daha çox ehtiyacı olan şəxslərə verilməlidir. 2 aydır ki, Cavabdeh1 özü gəlib həmin mənzildə yaşayır, Cavabdeh2 Faziq qızı mənzildən çıxmışdır. Cavabdehin uzun müddət sözügedən mənzildə yaşamadığını və müqavilənin şərtini pozduğu üçün iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Sənubər yaxından tanıdığı rəfiqəsidir. Gəncədə işlədiyindən və hər gün Dəliməmmədlidən Gəncə şəhərinə gedib-gələ bilmədiy üçün evində qalmasına icazə vermişdir. Anası və qardaşı Bakıda qeydiyyatda olmuşdur, onlar xəstələndikdən sonra Samux rayonuna gətirmiş, kirayə ev tutumuş, onlara baxmaq üçün yanlarında qalmışdır. Anasının vəziyyəti ağır olmuşdur. 4 ildir ki, anası rəhmətə getmişdir. Anası rəhmətə getdikdən sonra isə qardaşının ruhi xəstə olması səbəbindən qayıda bilməmişdir. Qardaşı ruhi xəstə olduğundan özü ilə birlikdə gətirməsi mümkün olmamışdır. Hazırda 2 aydır öz mənzilində yaşayır, Sənubər çıxıb getmişdir. Tənha qadın olmaqla qalmağa başqa yeri olmadığından və yaxın vaxtlarda öz doğma yurduna qayıdacağını göstərərək iddianın təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - *7.*4.2*14-cü il tarixli 15/35 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri 15** ailəlik Yeni qəsəbə bina 15-də yerləşən 35 nömrəli 1 otaqlı mənzil Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. *6.*7.2*23-cü il tarixli, 17.*8.2*23-cü il tarixli aktlardan görünür ki, Gəncə şəhər 15** ailəlik Yeni Qəsəbədə yaşayışı təmin etmək məqsədilə mənzillərə baxış keçirən zaman aşkar olunmuşdur ki, bina 15 mənzil 35 ünvanında kirayə müqaviləsi olmadan Cavabdeh2 yaşayır. 15.*9.2*23-cü il tarixli aktdan görünür ki, 15.*9.2*23-cü il tarixdə bina 15, mənzil 35 ünvanına baxış keçirilmiş, həmin ünvanda son 5 ildir ki, Cavabdeh2 yaşadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə-Göygöl Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə ünvanlanmış *9.1*.2*23-cü il tarixli 174 nömrəli məktubdan görünür ki, Gəncə şəhər, 15** ailəlik qəsəbədə 15 saylı binada yerləşən 35 nömrəli mənzili Cavabdeh1 qanunsuz alqı-satqı edərək Kəlbəcər rayon sakini Cavabdeh2 vermişdir. Cavabdeh2 hal-hazırda qanunsuz olaraq həmin ünvanda 5 ildir ki, yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 5*-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Tərəflər arasında bağlanmış *7.*4.2*14-cü il tarixli 15/35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndindən görünür ki, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi müqavilənin şərtlərində kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq üzrlü səbəb olmadan yaşamadığı təqdirdə kirayə müqaviləsinin ləğv olunması şərtləndirilmişdir. Lakin təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirilən mənzildə müqavilədə göstərilən müddətdən artıq yaşamaması onun qardaşının və anasının xəstə olması ilə bağlı üzrlü səbəbdən baş vermişdir. Bununla yanaşı cavabdeh həmin mənzili Cavabdeh2 yalnız müvəqqəti qalması üçün verdiyini, aralarında hər hansı alqı-satqı, yaxud kirayə müqaviləsinin olmadığını, hazırda isə sözügedən evdə özünün yaşadığını göstərmişdir. Həmçinin iddiaçı Cavabdeh1 sözügedən mənzili qeyri-qanuni olaraq Cavabdeh2 satdığını iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçının nümayəndəsinin izahatından da görünür ki, cavabdeh istifadəsində olan mənzildə yaşamağa başladıqdan sonra digər Cavabdeh2 həmin mənzildə yaşamayaraq mənzildən çıxmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarını araşdıraraq tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar