Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4240/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən tutulan 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi və xx.xx.2005-ci il təvəllüdlü X2 ödənişli təhsil alması ilə əlaqədar ödədiyi 3000 manat illik təhsil haqqı ödənişinin yarısının yəni 1500 manatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan iki uşaq – xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 doğulmuşdur. X3 yetkinlik yaşına çatmışdır. Yetkinik yaşına çatmayan uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-633/2021 nömrəli, 27 aprel 2021ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar anasının yanında saxlanılmışdır. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq hazırki iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1202/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə, əvvəllər müəyyən olunmuş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq, hazırki iş üzrə iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq icra hərəkətləri aparılmiş, tələb cavabdehin əmək haqqına yönəldilmişdir. xx.xx.2023-cü il tarixdə X3 yetkinlik yaşına çatdığından ona münasibətdə alimentin ödənilməsi dayandırılmışdır. Fidana ödənilən 140 manat onun təlabatlarını ödəmir. İddiaçı onu qeyd etmişdir ki, oğlu Fəqan hazırda Bakı Dövlət Universitetinin “Biznesin idarə edilməsi” fakültəsində ödənişli təhsil alır və illik təhsil haqqı 3000 manat təşkil edir. 2022-2023-cü tədris ili üçün 3000 manat təhsil haqqını təhsil müəssisəsinə iddiaçı ödəmiş, lakin cavabdeh oğlunun təhsil haqqının ödənilməsində ona heç bir maddi kömək etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə etdi ki, cavabdehin əlavə şirkəti və əmək haqqı kartları var, tələb etdiyi miqdarda alimenti və əlavə xərci ödəmək üçün kifayət qədər imkanı var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 2022-ci ildə yenidən ailə qurmuşdur və hazırda ikinci evliliyindən bir övladı var, alimenti vaxtında ödəyir, 390 manat əmək haqqı alır ki, onun da 280 manatı alimentə görə əmək haqqından çıxılır, ikinci ailəsini saxlamaq üçün əmək haqqından geriyə cəmi 110 manatı qalır. Həmçinin, Fəqan ödənişsiz əsaslarla da təhsil ala bilər, eyni zamanda özü işləyib, təhsil haqqını ödəyə bilər. Odur ki, cavabdeh, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşağını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. Belə ki, iş materiallarına əlavə edilmiş arayışdan aydın olur ki, cavabdeh “TƏHSİL” Respublika İdman Mərkəzi Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi publik hüquqi şəxsində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir, icbari tutulmalar nəzərə alınmaqla aylıq əmək haqqı 390,08 manatdır, Gəncə şəhəri üzrə İcra İdarəsinin C.S. 121276/21 saylı, 26 noyabr 2021-ci il tarixli icra sənədini və işçinin 25 yanvar 2021-ci il tarixli şəxsi ərizəsini əsas tutaraq hər ay işçidən hazırki iş üzrə iddiaçının xeyrinə 280 (iki yüz səksən) manat aliment tutulur və işçiyə 110,08 manat ödənilir. İş materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrdən və görünür ki, cavabdeh ilə X6 arasında xx.xx.2022-ci il tarixdə Gəncə “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 885 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmış, birgə nikahdan 01 yanvar 2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik baş vermişdir. Belə ki, cavabdeh yeni nikaha daxil olmuş, həmin nikahdan bir uşağı doğulmuşdur. Bununla belə, tərəflərin birgə nikahından doğulmuş uşaqlarından biri yetkinlik yaşına çatmış və beləliklə də cavabdehin iki uşaq üçün ödədiyi alimentin miqdarı azalmış, onun maddi vəziyyətində müsbətə doğru dəyişiklik olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əmək haqqı barədə arayış təqdim etsə də, əmək haqqının əvvəlki və sonrakı məbləği, bu məbləğin arasındakı fərq iş materiallarından görünmədiyindən bu halın cavabdehin maddi vəziyyətinə hansı təsirinin olduğunu müəyyən etmək mümkün olmamışdır. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, iş materiallarından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 Bakı Dövlət Universitetinin “Biznesin idarə edilməsi” fakültəsində ödənişli təhsil alır və onun illik təhsil haqqı 3000 manat təşkil edir. İddiaçı ödədiyi həmin təhsil haqqının yarısını cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, Mirzəzadə Fəqanın təhsil haqqının yarısının cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1-ci maddə). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2-cimaddə). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3-cü maddə). Ailə Məcəlləsinin 81.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, valideynlərin əlavə xərclərə cəlb edilərək ondan pul tutulması, aliment öhdəliyindən fərqli olaraq hər bir halda deyil, yalnız müəyyən əsaslar mövcud olduğu halda (yetkinlik yaşına çatıbçatmamasından asılı olmayaraq ağır xəstə, şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi) və digər hallarda mümkündür. Məcəllənin 81.1-ci maddəsində qeyd edilmiş “digər hallarda” ifadəsi ilə əhatə oluna bilən bir sıra xərclərin, eləcə də, təhsil xərclərinin müstəsna hallara olub-olmaması qeyrimüəyyən olduğundan bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərar qəbul etmiş və həmin Qərarda qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Şərh edilənlərdən də göründüyü kimi, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideyn yetkinlik yaşına çatmış övladı üçün o halda əlavə xərclərə cəlb oluna bilər ki, birincisi, onun əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun, ikincisi bu xərclər həmin şəxsə göstərilən tibbi xidmət və ya müalicə ilə bu və ya digər şəkildə bağlı olsun. Eyni zamanda, Məcəllənin 81.1-ci maddəsində əks olunmuş yetkinlik yaşına çatmış şəxsin əmək qabiliyyətli olmaması və onun maddi yardıma ehtiyacının olması ayrı-ayrılıqda deyil, birlikdə götürülməlidir. Yəni, əgər yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan övlad əmək qabiliyyətlidirsə, yaxud əksinə olduğu halda da valideyn 81.1-ci maddə ilə müəyyən edilmiş əlavə xərclərə cəlb edilməyəcəkdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış X3 əmək qabiliyyətli olduğundan, eləcə də iddiaçının həmin tələbi X2 aldığı ali təhsil xərci ilə bağlı olduğundan, bu xərclərin isə cavabehdən tutulması əsasları qanunla nəzərdə tutulmadığından iddia həmin hissədə təmin oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu hal üzrlü olmadığından iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, qismən təmin edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(044)-1202/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4240/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4240/2023
12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver