Məhkəmə qərarları › İş №2(125)-4298/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4298/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4298/2024 14.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi, vəkil X1 iştirakı ilə Ərizəçi “şəxsin doğulması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi “şəxsin doğulması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə bir nəfər qadın cinsindən olan uşağının doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci ildə onun X2 bir qız övladı anadan olmuşdur. Övladı ev şəraitində anadan olmuş və onu həmişə anası saxlamışdır. O, anasına Rusiya Federasiyasından pul və digər zəruri əşyalar göndərmişdir. Övladı məktəbə də getməmişdir. Ona görə də bu günə kimi sənədsiz yaşamışdır. Valideynləri savadsız olduqları üçün övladına doğum şəhadətnaməsi almamışlar. Ona görə də bu gün qızının doğum şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmirlər. Övladının doğum qeydiyyatı aparılmadığı üçün məhkəmə qaydası ilə qızının xx.xx.2005-ci il tarixdə doğulması faktı müəyyən edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, rəsmi sənəddə qeyd edilməsə də qızına “Diana” adı qoymuşlar və hamı onu həmin adla tanıyır. Sonda ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi etibarnamə üzrə nümayəndəsi, vəkil X3 iştirak etmiş, ərizənin əsaslı olduğunu qeyd edərək, təmin olunmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı qızıdır. Onun həyatında baş verənlərdən xəbərdardır. Diananın ərizəçinin qızı olduğunu və atasının adının Elmidar olduğunu və Elmidarın vəfat etdiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Müzamədddin qızı verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur, onu uzun illərdir ki, tanıyır. Qonşu olduqları müdəətdə Ərizəçi Diana adlı uşağın doğulduğunu və uşağın atasının Elmidar olduğunu təsdiq edir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Elmidar onun qaynı olmuşdur. Elmidarla Yaman bir-birilərini sevib ailə qurmaq istəsələr də, Yamanın atası buna icazə verməmiş, sonradan Elmidar Rusiya Federasiyasına gedərək orada başqa bir qadınla ailə qurmuş, daha sonra yenidən Azərbaycan Respublikasına gələrək burada yaşamış və Yamanla yenidən görüşməyə başlamışlar. Həmin münasibətdən Diana adlı uşaq doğulmuş və həmin uşaq onun gözü qarşısında böyümüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, Diananı tanıyır, ondan 1 yaş böyükdür. Uşaq vaxtlarından birlikdə böyüyüblər. Anası Ərizəçidır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, o, Diananın xalası qızıdır. Onun 10 yaşı olanda Diana doğulmuş və onu nənəsi saxlamışdır. Xalası Ərizəçi isə işləmək üçün tez-tez Rusiya Federasiyasına gedibgəlmişdir. Məhkəmə Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi, vəkil X1 izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı sayılmalı və təmin edilməlidir Belə ki, işdə olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Diana Zeynalovanın xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, ilk dəfə şəxsiyyət vəsiqəsi əldə etmək üçün doğum haqqında şəhadətnamə, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşının mənsubiyyətinin müəyyən olunması haqqında arayış, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək ücün əsas verən sənəd, (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi) və vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi, hərbi bilet, tibbi arayış, dövlət rüsumunun ödənilməsi haqqında qəbzlə birlikdə istənilən ASAN xidmət mərkəzlərinə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs 01 iyul 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1960-cı ildə anadan olmuş Ərizəçi xx.xx.2005-ci il tarixdə doğulmuş qız övladının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə bir qız uşağı anadan olmuş, lakin, həmin uşaq barəsində doğum akt qeydi tərtib edilməmişdir. Ərizəçi həmin faktları başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin belə bir ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ vardır, belə ki, həmin uşaq 18 yaşına çatsa da, onun şəxsiyyətini təsdiq edə bilən heç bir sənədi yoxdur və yaranmış vəziyyətdə ananın bu məzmunlu ərizəsinə məhkəmədə baxılması yolveriləndir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1960-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi 15 oktyabr 2005-ci il tarixdə bir qız uşağının doğulması fakt kimi müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar