Məhkəmə qərarları › İş №2(125)-4303/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4303/2024

10.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4303/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onların mülkiyyətində olan Gəncə şəhəri, X15 küçəsi, 2-ci döngə, 3 nömrəli evə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, Gəncə şəhəri, X15 küçəsi, döngə 2, ev 3 ünvanında 0,048 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 75,3 kv.metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Daşınmaz əmlak ½ hissədə İddiaçı1, ½ hissədə Zeynalova (Quluyeva) Elnara Musa qızının xüsusi mülkiyyətindədir. Bu paylar xx.xx.2020ci il tarixində, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və Zeynalova (Quluyeva) Elnara Musa qızının cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iddiasının qismən təmin edilməsi, X1 Gəncə şəhəri, X15 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması, iddianın Cavabdeh Gəncə şəhəri, X15 küçəsi, döngə 2, ev 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması hissəsində təmin edilməməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Zeynalova (Quluyeva) Elnara Musa qızının Cavabdeh qarşı «nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların yaşayış yerinin müəyyən edilməsi» tələbinə iddiasının təmin edilməsi, tərəflər arasında bağlanmış nikahın pozulması, 27 avqust 2013-cü ildə anadan olmuş X4 və 28 aprel 2017-ci ildə anadan olmuş X5 anası X2 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh hazırda mübahisəli evdə paport qeydiyyatındadır. İddiaçılar yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişlər ki, Gəncə şəhəri, X15 küçəsi, 2-ci döngə, ev 3 paylı mülkiyyət əsasında ½ pay hüququ ilə iddiaçılara məxsusdur. Mülkiyyətlərində olan fərdi yaşayış evi onlara vərəsəlik hüququ qaydasında İddiaçı1 həyat yoldaşından qalmışdır və texniki pasportda bu göstərilmişdir. Cavabdeh iddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızının keçmiş əri olmuşdur. İddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızı İddiaçı1 qızıdır və hazırda birlikdə həmin evdə yaşayırlar. İddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızı cavabdeh ilə rəsmi olaraq nikahlarını qeyd etdirməklə evlənsələr də, hazırda boşanmışlar. Məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş və 30 may 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə əldə edilmişdir. Cavabdehin qeydiyyata düşməyə yeri olmadığından, onlar cavabdehi özlərinə məxsus evə qeydiyyata salmışdır ki, şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd aktiv olsun. X12 Məhkəməsinə müraciət edərək hazırki cavabdehin qeydiyyatdan çıxarılmasını xahiş etmişlər, oradan onlara bildirmişlər ki, ailə münasibətləri olduğu üçün ümumi məhkəməyə müraciət etmişlər. Lakin hazırda cavabdehin onlarla heç bir əlaqəsi yoxdur və onlara məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaqdadır. Cavabdeh boşanaraq özünə başqa yaşayış yeri seçmiş, onun həmin mənzildə qeydiyyatının qalması isə yalnızca formal xarakter daşımaqdadır. Cavabdeh ilə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş və o artıq, münasibətlər korlanandan yəni 2023-cü ilin oktyabr ayından mübahisəli mənzildə yaşamır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, digər iddiaçı Elnara onun qızıdır, cavabdeh isə qızının keçmiş əri, həmçinin onun qardaşı oğludur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, nikahları bu ilin mart ayında məhkəmə qaydasında pozulmuşdur, faktiki olaraq isə bir ildir ki, ayrı yaşayırlar. Məhkəmə iclaslarında iştirak edən cavabdeh yazılı ərizə də verərək iddia tələbini qəbul etdiyini, sözügedən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirdi, həmçinin əlavə etdi ki, iddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızı ilə nikahlarına 2024-cü ilin mart ayında xitam verilmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən iddiaçıların və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh, X3, X7, X8 və İddiaçı1 Gəncə şəhəri, X15 küçəsi, 2-ci döngə, ev 3 ünvanda yerləşən evdə qeydiyyatdadırlar. AZ-İ seriyalı, 478050 nömrəli, xx.xx.2024-cü il tarixli “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh ilə Zeynalova (Quluyeva) Elnara Musa qızı arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin 2(125)-470/2024 nömrəli, 29 mart 2024cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin hallarından müəyyən edilir ki, cavabdeh, mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçisi olan iddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızının keçmiş əridir, onlar arasında hüquq münasibətləri evləndikdən sonra, yəni xx.xx.2013-cü il tarixdə yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-470/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızı və Cavabdeh аrаsındаkı nikah pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin anlayışı Məcəllənin 30.1-ci maddəsində verilmişdir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mənzil Məcəllənin 30.4-cü maddəsində isə qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da aydın olur ki, iddiaçılar mübahisəli fərdi yaşayış evini vərəsəlik qaydasında əldə etmiş, iddiaçılardan Zeynalova (Quluyeva) Elnara Musa qızı ilə cavabadeh isə nikaha xx.xx.2013-cü il tarixdə daxil olmuş və onların nikahı xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmçinin, işin hallarından göründüyü kimi, cavabdeh bir müddətdir mübahisəli fərdi yaşayış evindən köçüb getmiş və faktiki olaraq başqa yaşayış sahəsində yaşamaqla, iddiaçılara məxsus evdən istifadə hüquqları ilə bağlılığını kəsmişdir. Mənzil Məcəlləsinin adı çəkilən müddəalarından açıq şəkildə görünür ki, qanunverici yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranmasını və davam etməsini ailə münasibətlərinin mövcudluğu (varlığı) ilə bağlı etmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsi isə mülkiyyətçinin ailə üzvlərini 2 qrupa ayırır. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Bu baxımdan, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi imperativ olaraq müəyyən edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu qaydadan isə 2 istisna var: istifadə hüququnun saxlanması üçün keçmiş ailə üzvləri arasında razılaşmanın olması və yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmə qərarı əsasında müvəqqəti saxlanması. Bu halda, məhkəmə keçmiş ailə üzvünün maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə ala bilər. Diqqətə layiq olan halların nədən ibarət olması qanunvericilikdə göstərilməsə də, məhkəmə hesab edir ki, bu hallar, məsələn, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsində yaşamağa davam etməsi, yaxud onun əlil olması və s. hallar ola bilər. Adı çəkilən müddəada nəzərdə tutulan istisna hallarla bağlı iş materiallarında hər hansı sübutlar isə mövcud deyil. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılardan Zeynalova (Quluyeva) Elnara Musa qızı ilə cavabadeh arasında 2013-cü il tarixdə yaranmış ailə münasibətlərinə 2024-cü ilin mart ayında xitam verildikdən sonra, bu münasibətlərə tətbiq edilən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən tərəflər arasında cavabdehin iddiaçı Zeynalova (Quluyeva) Elnara Musa qızının paylı mülkiyyətində olan evində istifadə hüquqları saxlanmamışdır. Bu halda, məhkəmənin qənaətinə görə cavabdehin hazırda sözügedən evdə istifadə hüququ yoxdur və olmayan hüquqa xitam verilməsi barədə iddia isə təmin olunmamalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar