Məhkəmə qərarları › İş №2(125)-4332/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4332/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4332/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının və məsləhətçi psixoloq X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların onun himayəsində saxlanması və aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan iki yetkinlik yaşına çatmayan uşağının onun himayəsində saxlanılması və iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) aralarında olan nikahlarını Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1321 nömrə ilə qeyd etdirməklə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Nikahdan 2 uşaq – xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlə xasiyyətlərinin tutuşmaması nəticəsində birgə yaşamaları baş tutmamış, aralarında olan ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir, ər-arvad münasibətləri yoxdur. Cavabdehlə barışmaları, birgə ailə həyatlarının davam etdirilməsi və ailələrinin qorunub saxlanması mümkün deyil. Cavabdehin nikahın pozulmasına münasibətindən asılı olmayaraq nikahları kağız üzərində olan formal xarakter daşıyan nikahdır və ididaçı nikahın pozulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh nikahın pozulmasına razı olmadığından tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, bu müddət ərzində onlar barışmamışlar. Belə ki, iddiaçı hazırda nikahın pozulmasında təkid edir, həmçinin, iddiaçının izahatından aydın olur ki, tərəflər ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Məhkəmə ailənin saxlanmasının qeyri-mümkün olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin nikahı pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məcəllənin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşaması və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məcəllənin 20.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Bundan başqa, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki iş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə rəyini 5-1/2-03/1900/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə göndərmişdir. Komissiya üzvləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsini rəhbər tutaraq, X2 və X3 fikrini və gələcək mənafelərini nəzərə alaraq, xx.xx.2009-cu il təvəllüdlü Aysel Həsrətovanın atası Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü Ayşə Həsrətovanın anası İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında, Gəncə şəhəri 23 nömrəli orta məktəbin məsləhətçi psixoloqunun iştirakı ilə dinlənilmiş xx.xx.2009-cu il təvəllüdlü X4 bildirdi ki, Gəncə şəhəri 23 nömrəli orta məktəbdə, 9-cu sinifdə oxuyur, humanitar fənləri, xüsusilə ədəbiyyat fənnini sevir, qiymətləri 4-5-dir, hazırlıqlara gedir, rəsm çəkməyi sevir, valideynlərinin hər ikisi ilə münasibəti yaxşıdır, əvvəl atası ilə qalmaq istəsə də hazırda anası və bacısı ilə qalmaq istəyir. Məhkəmə iclasında, Gəncə şəhəri 23 nömrəli orta məktəbin məsləhətçi psixoloqunun iştirakı ilə dinlənilmiş xx.xx.2014-cü il təvəllüdlü X5 bildirdi ki, 9 yaşı var, Gəncə şəhəri 23 nömrəli orta məktəbdə 4-cü sinfə gedir, riyaziyyat, Azərbaycan dili fənlərini sevir, gələcəkdə müəllim olmaq istəyir, hazırda anası ilə qalır, bundan sonra da anasının yanında qalmaq istəyir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan iki uşağının azyaşlı olması, hazırda ana qayğısına daha çox ehtiyaclarının olması və digər mənafeləri nəzərə alınaraq, uşaqlar nikah pozulduqdan sonra faktiki vəziyyətə uyğun olaraq iddiaçının (anasının) yanında saxlanılmalıdır. Məhkəmə uşaqların iddiaçının yanında qalması qənaətinə gələrkən xx.xx.2014-cü il təvəllüdlü Ayşə Həsrətovanın anası ilə qalması barədə qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alır. Lakin məhkəmə digər uşağa - xx.xx.2009-cu il təvəllüdlü Aysel Həsrətovaya aid hissədə rəyə tənqidi yanaşır və 10 yaşlı azyaşlının məhkəmədə anası ilə qalması barədə fikrini də əsas götürərək onun anasının yanında qalmasını məqsədəmüvafiq hesab edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında saxlandıqlarından, iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyindən, habelə cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçı sübut təqdim etmədiyindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması əsasları və qaydası Ailə Məcəlləsinin 78.1ci maddəsinə nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqlarının valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli aliment barədə ərizənin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməli, 25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia əsasən əsaslı olduğundan iddiaçı tərəfindən dövlət rüsumu üçün ümumilikdə ödənilmiş 50 manatın əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1321 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 İddiaçı yanında qalsın. Cavabdeh, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (bir yüz qırx) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar